Müdafiə Nazirliyi əsgər valideynlərini və qohumlarını karantin qaydalarına ciddi riayət etməyə çağırıb

08 Avq 2021 09:45
166

Bu gün avqustun 8-də Azərbaycan Ordusunun hissə və bölmələrində gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.

Ambur.az Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi qaydalarının tələbləri nəzərə alınaraq andiçmə mərasimində əsgər yaxınları ilə şəxsi heyətin görüşləri təşkil edilməyib. Andiçmə mərasimləri Kütləvi İnformasiya Vasitələri tərəfindən işıqlandırılıb, hərbi qulluqçulardan müsahibələr alınıb və ilk dəfə olaraq gənc əsgərlərin ailələri ilə (onlayn formatda) videogörüntülü əlaqə qurması üçün şərait yaradılıb.

Andiçmə mərasimi bütün hərbi hissələrdə hərbi rituallara uyğun və xüsusi karantin rejimi qaydalarının tələbləri nəzərə alınaraq keçirilib.
Bəzi vətəndaşlar pandemiya ilə əlaqədar tətbiq olunan xüsusi karantin rejiminin tələblərini və hərbi hissənin ərazisinə daxilolma qaydalarını kobud şəkildə pozmaqla hərbi hissənin ərazisinə daxil olmağa, əsgərlərlə görüşməyə cəhd ediblər. Hərbi hissə komandanlığı bu cür addımların qarşısının alınması məqsədi ilə müvafiq tədbirlər görüb. Lakin uzaq yerlərdən gələn bəzi valideynlərin israrlı xahişləri və uzaq yol qət etmələri nəzərə alınaraq xüsusi karantin rejiminin tələblərinə ciddi riayət edilməklə onların öz övladları ilə qısamüddətli görüş keçirmələrinə şərait yaradılıb.

Müdafiə Nazirliyi bildirir ki, COVID-19 virusunun yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi qaydalarının tələblərinə müvafiq olaraq əsgər valideynlərinin və yaxınlarının şəxsi heyətlə görüşlərinə ciddi məhdudiyyətlər tətbiq olunur: "Ordu sıralarında COVID-19 pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə hərbi qulluqçuların yaxın ailə üzvləri və qohumlarını ölkə miqyasında və orduda tətbiq olunan karantin qaydalarına ciddi riayət etməyə çağırırıq".
 

Oxşar xəbərlər