Müharibənin ilk günü şəhid olan Tikəband kəndinin qəhrəmanı -əsgər Nuriyev Hikmət

08 Apr 2021 11:57
409

Hikmət Mubariz oğlu Nuriyev 23 fevral 2002-ci ildə Lerik rayonunun Tikəband kəndinə anadan olub. 3 qardaş olmaqla ailədə 5 nəfər olublar. Sonradan ata-anası ilə birgə Bakı şəhəri Buzovna qəsəbəsinə köçüb və uşaqlıq illərini orada keçirib. Orta təhsilini Buzovna qəsəbəsində yerləşən şəhid İftixar Tağıyev adına 26 saylı tam orta məktəbinə alıb. Orta təhsilini başa vurduqdan sonra, 07 aprel 2020-ci ildə Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə yola salınıb.2020-ci il 27 sentyabr tarixində başlayan II Qarabağ müharibəsində Hikmət də bir vətənpərvər oğul kimi döyüşdə böyük həvəslə iştirak edir və nümunəvi qəhrəmanlıqlar göstərir. Qəhrəman Hikmət Füzuli və Tərtər istiqamətində gedən döyüşlərdə düşmənə sarsıdıcı zərbələr endirir, xeyli sayda canlı qüvvəsini məhv edir. Sentyabr ayın 27-dən 28-nə keçən gecə  Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından və qanından keçməklə Tərtər istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olur. Şəhidin nəşi neytral zonada qaldığından bir müddət çıxarmaq mümkün olmayır.  Oktyabr ayının 3-də nəşi neytral zonadan çıxarılır və 4-də atasına təhvil verilir. Səhərisi gün, ayın 5-də səhər saatlarına boya-başa çatdığı Buzovna qəsəbəsinə gətirilir və orada yerləşən "Şəhidlər Xiyabanı"da böyük izdihamla torpağa tapşırılır. 

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Lerik rayonunun Tikəband kəndində anadan olan əsgər Hikmət Mubariz oğlu Nuriyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib. Allah rəhmət eləsin. Vətən sağ olsun!
                     Ambur.az 

Oxşar xəbərlər