Müzəffər Nəsirli (1902-1944)

27 Yan 2021 06:36
980

O da həmyaşıdlarının çoxu kimi edə bilərdi ki, başını aşağı salsın, müəllimliyini eləsin,ailəsinin qayğısına qalsın. Amma 20-ci illərin axırlarına doğru bütün SSRİ-də olduğu kimi, Azərbaycanda da xalq maarifinin inkişaf etdiyi,milli azlıqların hamısının ana dilində məktəblərin açıldığı, qəzet-kitabların çap olunduğu, milli mədəniyyətlərin sürətlə qabağa getdiyi zamanda bir ziyalı kimi məsuliyyətini hiss etdi, mənsub olduğu talış xalqının milli-mədəni tərəqqisi naminə meydana atıldı. 29-cu ildə Şöyüb Mürsəlovla birgə talışca ˝Səvodin bıbən˝ adlı ilk kitab yazdı, ˝Sıə Tolış˝qəzetinin yaradılmasında mühüm rol oynadı, onun ilk məsul katibi oldu, talış folklorunun toplanması işinə rəhbərlik etdi,˝Talış nəğmələri˝kitabını çap etdirdi. Az sonra Zülfüqar Əhmədzadə məktəbinin davamçıları ilə birgə çoxlu tərcümələr etdi, dərsliklər yazdı.Həm də Azərbaycanı öyrənən və tətəbbö cəmiyyətinin Lənkəran filialına rəhbərlik etdi. 1936-da standart ˝xalq düşməni˝kimi ittiham edildi, 7 il həbs cəzasına məhkum edildi. Ancaq Daşkənddə 2 il həbsxanada qaldıqdan sonra onun ˝cinayət˝ işinə təzədən baxdılar, ittiham bazasının zəif olması səbəbindən onu azadlığa buraxdılar. Doğma Talış mahalına qayıdan Nəsirli gördü ki, nəinki talışdilli məktəblərin hamısı bağlanıb, talış dilində tərtib olunmuş kitablar yığışdırılıb, hətta quru talış, tat, kürd, ləzgi, avar və s. sözlərini də daha heç kəs dilinə gətirmir, ˝azsaylı xalq˝, ˝milli azlıq˝ ifadələri rəsmi leksikondan çıxarılıb, millətin milli-mədəni tərəqqisi naminə çiyin-çiyinə, birgə mübarizə apardığı Zülfüqar Əhmədzadə, Böyükağa Mir Salayev, Rəzzaq Kazımov və b. müxtəlif qurama ittihamlarla həbsə atılmışlar.
Əlbəttə, bir ziyalı kimi bu cür ağır mənəvi iztirablara dözmək çətin idi. Çox keçmədi ki, (1944-çü ildə) M.Nəsirli xəstəlikdən vəfat etdi. Masallı şəhər qəbiristanlığında dəfn edilib. Ruhu qarşısında baş əyirik.
(Mövzuya hazırlaşarkən tarix üzrə fəlsəfə doktoru E.Ağayevin araşdırmalarından istifadə etmişik)

              Cabbar Əliyev

Oxşar xəbərlər