“Narahat olma ata, mənə nəsə olsa, məndən başqa 4 oğlun daha var“ - Şəhid leytenant Abbasov

21 Fev 2021 16:17
697

Murtuz Çingiz oğlu Abbasov 02 noyabr 1998-ci ildə Lerik rayonunun Soru kəndində anadan olmuşdur. Uşaqlıq illəri Bakıda keçmişdir. 5 qardaş 4 bacı olmaqla ailədə 11 nəfər olublar. Evin son beşiyi olan Murtuz 2005-ci ildə Bakı şəhər Binəqədi rayonu, Sulutəpə qəsəbəsi 217 saylı tam orta məktəbin 1-ci sinfinə gedib. 2007-ci ildən etibarən təhsilini 313 saylı məktəbdə davam etdirib. 2016-cı ildə orta təhsilini başa vurduqdan sonra Dövlət Sərhəd Xidməti Akademiyasına daxil olub. 2020-ci ildə akademiyanı leytenant rütbəsində başa vuran Murtuz Abbasov Sərhəd qoşunlarının "N" saylı hərbi hissəsində, tağım komandiri vəzifəsində xidmət etməyə başlayır. Daha sonra raket-artilleriya silahlarının istismarı və təmiri mütəxəssisi ixtisası üzrə xidmət etməyə başlayır.

Leytenant Murtuz Abbasov 2020-ci ilin sentyabr ayından, II Qarabağ müharibəsi başladığı gündən etibarən torpaqlarımızın düşmən tapdağı altından azad edilməsi üçün döyüşə qatılır. İlk döyüş yolu Ağdam rayonundan başlayır. Ağdam və Cəbrayıl istiqamətində yerləşən yaşayış məntəqələrində yüksək fədakarlıq və şücaət göstərərək çoxlu sayda erməni əsgərini məhv edir. Sonradan döyüşə Zəngilan rayonu istiqamətində davam edir və bir neçə yaşayış məntəqələrimizin azad olunmasında böyük qəhrəmanlıqlar göstərir. Leytenant Murtuz Abbasov 22 oktyabr 2020-ci il tarixində Zəngilan rayonunun Ağbənd istiqamətində gedən ağır döyüşlərdə düşmənin snayper atəşinə tuş gələrək qəhrəmancasına şəhid olur.

Murtuz hələ orta məktəbdə oxuyarkən, böyük qardaşı hərbi xidmətdə olanda qardaşının yanına gedir, qardaşı ilə şəkil çəkərək özünün "facebook" profilində paylaşır və belə bir yazı yazır: 
"Hər yoldan keçənə kişi demək olmaz. Əsil kişi vətənə qulluq etməlidir. Yoxsa küçələrdə biri şalvarını o qədər yığdırır ki, uzaqdan görən deyir ki, qız bədənli oğlan gəlir. Əsgərliyə getmək çatanda isə biri atasının varlı olmasından istifadə edərək özünə saxda "vayennıy bilet" alır digəri də qəsdən xəstəxanada iki ay yatır sonra da hərbi biletinə "niqodnıy" yazdırır. Əsl kişi vətənə uğurla xidmət etməlidir".

Murtuz avqust ayının sonlarında atası ilə telefonla danışarkən "Narahat olma ata, mənə nəsə olsa, məndən başqa 4 oğlun daha var" -deyir.

Şəhid olmamışdan öncə, oktyabrın 21-də isə qardaşına "WhatsApp"da "Hə birdəm mənə zəng çatmasa narahat olmayın telefonun enerjisi qutaracaq" -yazır.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Lerik rayonunun Soru kəndində anadan olan leytenant Murtuz Çingiz oğlu Abbasov ölümündən sonra "Zəngilanın azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilir. Allah rəhmət eləsin. Vətən sağ olsun!
                            Ambur.az

Oxşar xəbərlər