“Narahat olmayın, qələbə xəbəri ilə qayıdacağam“- Daha bir lerikli şəhidin qəhrəmanlıq səlnaməsi

22 Fev 2021 19:16
278

Keçirdiyimiz hər gün tarixə dönür, lakin tarixə yazılan günlərin hamısı yaddaqalan olmur. Elə günlər var ki, onlar unudulub gedir, elələri də var ki, onlar heç vaxt unudulmur, yaddan çıxmır. Belə günləri unudulmaz edən qəhrəmanlardandır şəhidlər. Çünki, bu dünyada hamımıza bəxş olunana bir ömür payı var və bu ömür yolunu müəyyən müddət sonra başa vuracağıq. Bu mənada insanın dünya həyatına ən gözəl şəkildə əlvida deməyinin adıdır şəhid olmaq.

Allah, Vətən və millət yolunda öz istəyi ilə canından keçməyə razı olan insanların fəth elədiyi ən yüksək, şərəfli zirvə şəhidlik zirvəsidir.

Bu qəhrəmanlarımızdan biri də İmaməli İbrahimovdur.

İmaməli Elman oğlu İbrahimov 17 yanvar 1995-ci ildə Lerik rayonunun Hovil kəndində anadan olmuşdur. 2 qardaş 1 bacı olmaqla ailədə 5 nəfər olublar. Uşaqlıq illəri doğulduğu kənddə keçmişdir. 2001-ci ildə Qılqılov kənd natamam orta məktəbinə gedib. 9-cu sinfi başa vurduqdan sonra təhsilini Siyov kənd tam orta məktəbində davam etdirib. 2012-ci ildə təhsilini başa vurduqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olmaq üçün imtahan verir, lakin qəbul ola bilmir. 2013-cü ildə Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır və vətəndaşlıq borcunu yerinə yetirmək üçün hərbi xidmətə yollanır. Hərbidə olduğu müddət ərzində də öz cəsurluğu ilə bütün heyətin rəğbətini qazanır. 2015-ci ildə xidmətini başa vurduqdan sonra ehtiyyata buraxılır.

İmaməli uşaq yaşlarından vətənpərvər, cəsur, mərd bir övlad olur. Hələ uşaq yaşlarından ata-anasına "Mən böyüyəndə hərbçi olub, Vətənimə, dövlətimə layiqincə xidmət edəcəyəm. Torpaqlarımızı düşmən tapdağından azad etmək üçün əlimdən gələni edəcəyəm" -deyərdi. Onun necə mərd və cəsur olduğunu bütün onu tanıyanlar bilirdi. Qohum-əqrəba içində, dost-tanışları içində böyük hörmət sahibi idi.

2020-ci ilin yanvar ayında İmaməli yenidən imtahan vermək qərarına gəlir. İmtahandan və təlimlərdən uğurla keçərək Ordu sıralarına qatılır. Çünki bu onun uşaqlıq arzusu idi. 

2020-ci il sentyabr ayının 27-dən başlayan II Qarabağ müharibəsinə İbrahimov İmaməli də qatılır və torpaqlarımızın düşmən əsarətindən azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak edir. Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan istiqamətində gedən şiddətli döyüşlərdə yüksək qəhrəmanlıqla göstərərək düşmənə sarsıdıcı zərbələr endirir və çoxlu sayda canlı qüvvəsini məhv edir. Həmişə ata-anası ilə danışanda "Narahat olmayın, hər şey yaxşıdır, qələbə xəbəri ilə qayıdacağam" -deyirdi. Sonuncu danışığı anası ilə olur və anasına "Ana, əgər mən şəhid olsam, həyat yoldaşım sizə əmanət" -deyir.  

Göstərdiyi qəhrəmanlıqlarla adını tarixə yazan qəhrəman İmaməli İbrahimov daha sonra Laçın rayonu istiqamətində gedən gərgin döyüşlərdə iştirak edir və 08 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından və qanından keçərək şəhidlik zirvəsinə ucalır. Şəhidin nəşi doğulub, boya-başa çatdığı Lerik rayonunun Hovil kəndinə gətirilir və kənd qəbiristanlığında torpağa tapşırılır. Şəhidimiz ailəli idi, övladı yox idi.

Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Lerik rayonunun Hovil kəndində anadan olan İmaməli Elman oğlu İbrahimov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə", "Laçının azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Vətən uğrunda" medalları və "Azərbaycan Bayrağı"ordeni ilə təltif edilir. Allah rəhmət eləsin. Vətən sağ olsun!
                            Ambur.az

Oxşar xəbərlər