Nəşi 120 gün sonra atası tərəfindən tapılan şəhid - əsgər Ağayev Əmirağa

04 Apr 2021 20:02
313

Əmirağa Mahir oğlu Ağayev 29 may 2002-ci ildə Şabran rayonunun Surra kəndində anadan olub. 2 bacı 1 qardaş olmaqla ailədə 5 nəfər olublar. Uşaqlıq illəri doğulduğu kənddə keçib. Orta təhsilini Şabran rayon Sura kənd 1 saylı əsas məktəbində alıb. Orta təhsilini başa vurduqdan sonra bir müddət dönərxanada dönərçi kimi işləməyə başlayıb. 09 iyul 2020-ci ildə Şabran rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılan Əmirağa Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissəyə göndərilib.

Əmirağa gənc əsgər olmasına baxmayaraq 2020-ci il 27 sentyabrdan etibarən başlayan və 44 gün davam edən II Qarabağ müharibəsində fəal iştirak edir, böyük şücaət və qəhrəmanlıqlar göstərir. Düşmənə sarsıdıcı zərbələr endirir və xeyli sayda canlı qüvvəsini məhv edir. Qəhrəman əsgər Ağayev Əmirağa oktyabr ayının 13-dən etibarən itkin düşür. Uzun bir müddət Əmirağadan xəbər çıxmır. Bu səbəbdən Əmirağanın yaxınları bundan çox narahat olur.

Oğlundan xəbər ala bilməyən ata Əmirağanın axtarışı üçün döyüş bölgəsinə yola düşür. Nəhayət uzun bir müddət, 120 gün sonra atası Mahir kişi oğlunun nəşini Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində, səngərdə tapır. Şəhidin nəşi 11 fevral 2021-ci ildə Şabran rayonunə gətirilir və orada yerləşən "Şəhidlər Xiyabanı"nda böyük izdihamla torpağa tapşırılır. 

Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Şabran rayonunun Surra kəndində anadan olan əsgər Əmirağa Mahir oğlu Ağayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib. Allah rəhmət eləsin. Vətən sağ olsun! 
                     Ambur.az

Oxşar xəbərlər