Nəşi iki gün neytral zonada qalan və DNT analizi ilə şəxsiyyəti müəyyənləşən şəhid könüllü

23 Fev 2021 20:56
1659

Balaş İltizam oğlu Fərziyev 06 mart 1994-cü ildə Lerik rayonunun Bibiyani kəndində anadan olmuşdur. 4 qardaş olmaqla ailədə 6 nəfər olublar. Balaş evin 3-cü övladı olub. Uşaqlıq illəri doğulduğu kənddə keçib. 2000-ci ildə şəhid Mikayıl Qasımov adına Lerik rayonu Bibiyani kənd natamam orta məktəbin 1-ci sinfinə gedib. 2009-cu ildə həmin məktəbin 9-cu sinfini başa vurduqdan sonra Hamarmeşə kənd tam orta məktəbində təhsilini davam etdirib. Daha sonra Balaş Bakı şəhəri Suraxanı rayonu 290 saylı tam orta məktəbində təhsilini davam etdirmişdir. 2011-ci  ildə 11-ci sinfi başa vurub və Azərbaycan Kooperasiya Universitetinin "İqtisadiyyat" fakültəsinə qəbul olub. 

2015-ci ildə ali təhsilini başa vurduqdan sonra Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılan Balaş Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsinə göndərilir. 2016-cı ildə xidmətini qüsursuz başa vurur və ehtiyyata buraxılır. Ata-anasına kömək etmək məqsədilə ailəsinin şəxsi biznesinə rəhbərlik etməyə başlayır. 2020-ci ilin "Tovuz döyüşləri" zamanı Balaş könüllü olaraq hərbi komissarlıqdan qeydiyyatdan keçir.

2020-ci il 27 sentyabrdan etibarən başlayan və 44 gün davam edən II-ci Qarabağ müharibəsində iştirak etmək üçün Balaş sentyabr ayının 21-i Lerik rayon Hərbi komissarlığı tərəfindən çağırılır və Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəyə göndərilir. Hərbi hissədən döyüşə qatılan Balaş yüksək igidlik və şücaət göstərərək düşmənə sarsıdıcı zərbələr endirir, onun xeyli sayda canlı qüvvəsini məhv edir. 29 sentyabr tarixində Füzuli uğrunda gedən ağır döyüşdə minaatan mərmisinin partlaması nəticəsində qəhrəmancasına şəhid olur. Şəhidin nəşi neytral zonada qaldığından 2 gün çıxarmaq mümkün olmur. Oktyabr ayının 1-də şəhidin nəşi çıxarılır və Füzuli rayonu Əhmədbəyli xəstəxanasına gətirilir, bir müddətində orada saxlanılır. Noyabr ayının 6-da DNT analizi ilə kimliyi müəyyən olunur və nəşi səhərisi gün, 7-si doğulub, boya-başa çatdığı Lerik rayonunun Bibiyani kəndinə gətirilib torpağa tapşırılır. 

Prezident İlham Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Lerik rayonunun Bibiyani kəndində anadan olmuş könüllü əsgər Balaş İltizam oğlu Fərziyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" və  "Vətən uğrunda" medalları ilə təltif edilir. Şəhidimiz subay idi. Allah rəhmət eləsin. Vətən sağ olsun!
                            Ambur.az

Oxşar xəbərlər