Noyabrın 1-də şəhid olan müharibənin könüllü iştirakçısı - Əhəd Bilal oğlu Ağayev

07 May 2021 19:32
483

Əhəd Bilal oğlu Ağayev 16 yanvar 1986-cı ildə Astara rayonunun Motlayataq kəndində anadan olub. 6 qardaş 5 bacı olmaqla ailədə 13 nəfər olublar. Uşaqlıq illərini doğulduğu kənddə keçirib. Orta təhsilini Astara rayon şəhid S.Qurbanov adına Motlayataq kənd tam orta məktəbin birinci sinfində alıb. 2005-ci ilin aprel ayında Astara rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə göndərilib və 2006-cı ilin oktyabr ayında xidmətini başa vurduqdan sonra evinə qayıdıb. Ehtiyata buraxılan Əhəd ata-anasına kömək etmək məqsədilə bir çox işlərlə məşğul olmağa başlayıb. Sonradan ailə həyatı qurub. 

27 sentyabr 2020-ci il tarixindən başlayan və 44 gün davam edən II Qarabağ müharibəsi zamanı Əhəd könüllü olaraq Hərbi komissarlıqdan qeydiyyatdan keçir və müharibəyə yollanır. Füzuli, Cəbrayıl istiqamətlərində gedən ağır döyüşlərdə iştirak edir, böyük qəhrəmanlıq və şücaətlər göstərir. Daha sonra Xocavənd istiqamətində gedən döyüşlərə qatılır, düşmənə sarsıdıcı zərbələr endirir və xeyli sayda canlı qüvvəsini məhv edir. Qəhrəman Əhəd noyabr ayının 1-də Xocavənd uğrunda gedən şiddətli döyüşlərdə şəhid olur. Şəhidin nəşi doğulub, boya-başa çatdığı Astara rayonunun Motlayataq kəndinə gətirilir və kənd qəbiristanlığında böyük izdihamla torpağa tapşırılır. Ondan xalqımıza 2 oğul və 1 qız övladı yadıgar qalır. 

Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Astara rayonunun Motlayataq kəndində anadan olan Əhəd Bilal oğlu Ağayev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib. Allah rəhmət eləsin. Vətən sağ olsun!
                               Ambur.az

Oxşar xəbərlər