“O, İmam Huseynlə(ə.s) yaşayırdı. Biz uşağımıza İmam Hüseyn(ə.s) tərbiyəsi vermişdik“- Şəhid Miqdadın anası

30 Mrt 2021 02:43
387

Miqdad Faiq oğlu Abduləlimov 23 mart 2002-ci ildə Quba rayonunda anadan olub. 2 bacı 1 qardaş olmaqla ailədə 5 nəfər olublar. Uşaqlıq illərini Quba rayon Mirzəməmməd kəndində keçirib. İptidai təhsilini kənd məktəbində aldıqdan sonra, 5-ci sinfini Quba şəhər Hacıbaba Əliyev adına 1 nömrəli məktəbdə alıb. Bir il orada oxuduqdan sonra təhsilini Quba şəhər 1 nömrəli məktəbdə davam etdirib. Daha sonra, yenidən 1 nömrəli məktəbə qayıdıb və 10-11-ci sinifləri orada oxuyub. Orta təhsilini başa vurduqdan sonra Azərbaycan Maliyyə-İqtisad Kollecinə daxil olub.

2020-ci il aprel ayının 4-də Quba rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılan Miqdad təhsilini dondurmaq məcburiyyətində qalır və həmin ilin may ayının 4-də Vətənə xidmətə yola salınır. 2020-ci il 27 sentyabr tarixində başlayan II Qarabağ müharibəsində Miqdan da böyük həvəslə iştirak edir və yüksək qəhrəmanlıqlar göstərir. Düşmədə sarsıdıcı zərbələr endirirməklə və xeyli sayda canlı qüvvəsini məhv etməklə adını qızıl hərflərlə tarixə yazır. Əsgər Abduləlimov Miqdad 29 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində, Talış yüksəkliyi uğrunda gedən şiddətli döyüşərdə qəhrəmancasına şəhid olur. Şəhidin nəşi Quba şəhərinə gətirilir və orada yerləşən "Şəhidlər Xiyabanı"nda böyük izdihamla torpağa tapşırılır. 

Anası Tünzalə xanım oğlu Miqdad haqqında belə xatırlayır: "Miqdadın adını onun dayısı, I Qarabağ müharibəsinin əlili Rövşən Cəfərov OMON-çularla bir yerdə qoyub. Miqdadın adı Məhəmməd Peyğəmbərin(s.ə.s) səhabələrindən birinin adı olub. İmam Əlinin(ə.s) sərkərdəsi, Xanım Fatimeyi Zəhranın(s.ə) dəfn zamanı beş kimsədən biri olub. Onun şərəfinə qoyulan bir addır. Miqdan özü uşaq vaxtı sakit, qabiliyyətli, hər işi bacaran biri olub. Miqdad çox deyirdi ki, mən əsgər getmək istəyirəm, Milli Qəhrəman Mubariz İbrahimovun postuna girmək istəyirəm. Həmişə elə deyirdi. O, demək olar ki, Mubariznən yaşayırdı, İmam Huseynlə(ə.s) yaşayırdı. Biz uşağımıza İmam Hüseyn(ə.s) tərbiyəsi vermişdik. Miqdad özü namaz qılan olub. Miqdad ayın 4-də oruclu-oruclu əsgər yola düşdü. Miqdad uşaqlıqdan pəhləvan Laçının şagirdi olubdur. Miqdad haqqında çox danışmaq olar...".

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Quba rayonunda anadan olan Miqdad Faiq oğlu Abduləlimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Allah rəhmət eləsin. Vətən sağ olsun!
                     Ambur.az

Oxşar xəbərlər