Oktyabr ayının 7-də şəhid olan lerikli qəhrəman - əsgər Babazadə Babazeynal

08 Apr 2021 12:29
770

Babazeynal Maqsud oğlu Babazadə 01 iyul 2001-ci ildə Lerik rayonunun Aşağı Amburdərə kəndində anadan olub. 1 bacı və 4 qardaş olmaqla ailədə 7 nəfər olublar. Uşaqlıq illərini doğulduğu kənddə keçirib. Orta təhsilini 9-cu sinfə qədər kənd natamam orta məktəbində, daha sonra Lerik rayon şəhid Fəxrəddin Şahbazov tam orta məktəbində davam etdirib. Təhsilini başa vurduqdan sonra bir müddət Bakı şəhərində işləyib. 2019-cu ildə Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb və Vətənə xidmətə yola salınıb. 

2020-ci ilin sentyabr tarixində II Qarabağ müharibəsi başladığı gündən Babazeynal da torpaqlarımızın düşmən işğalından azad edilməsi üçün döyüşə qatılır, bir sıra strateji yüksəkliklərin alınmasında yüksək fədakarlıq və şücaət göstərərək onlarla erməni əsgərini məhv edir. Qəhrəman əsgər 07 oktyabr tarixində Ağdərə rayonu uğrunda gedən şiddətli döyüşlərdə şəhid olur. Şəhidin nəşi doğulub, boya-başa çatdığı Aşağı Amburdərə kəndinə gətirilir və böyük izdihamla orada yerləşən kənd qəbiristanlığında torpağa tapşırılır.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Lerik rayonunun Aşağı Amburdərə kəndində anadan olan əsgər Babazeynal Maqsud oğlu Babazadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Allah rəhmət eləsin. Vətən sağ olsun!
                     Ambur.az

Oxşar xəbərlər