“Oktyabrın 5-də qayıdacağam, birlikdə gedib həll edəcəyik“ -dedi. Həqiqətən də oktyabrın 5-də qayıtdı, amma...“ - Şəhid gizir Əmrah Həmidov

11 May 2021 02:58
1578

Əmrah Firavan oğlu Həmidov 12 yanvar 1997-ci ildə Salyan rayonunun Kürsəngi kəndində anadan olub. 3 bacı və 2 qardaş olmaqla ailədə 7 nəfər olublar. Uşaqlıq illərini doğulduğu kənddə keçirib. Əmrah hələ 1 yaşında olarkən atasını itirir. 2003-cü ildə Salyan rayon Q.Mayılov adına Kürsəngi kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olub və 2014-cü ildə həmin məktəbin 11-ci sinfini başa vurub. 23 aprel 2015-ci ildə Salyan rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə yola salınıb. 1 il 6 aylıq həqiqi hərbi xidmətini başa vurduqdan sonra hərbidə qalmaq qərarına gəlir və müddətdən artıq hərbi qulluqçu kimi xidmət etməyə başlayıb. 2017-ci ilin dekabr ayından 2018-ci ilin aprel ayına qədər təməl Xüsusi Təyinatlı kursunu keçib. Kursu bitirdikdən sonra kiçik gizir rütbəsində "N" saylı hərbi hissədə rabitəçi vəzifəsində xidmət edib. 2019-cu ilin yanvar ayından etibarən Xüsusi Təyinatlı Qüvvələrdə kəşfiyyatçı kimi xidmət etməyə başlayıb.

Kiçik gizir Əmrah Həmidov 27 sentyabr 2020-ci il tarixidən etibarən başlayan 44 gün davam edən II Qarabağ müharibəsində Vətən torpaqlarının düşməndən azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edir və igidlik nümayiş etdirir. Döyüş yolunu Murovdağ istiqamətindən başlayan qəhrəman gizir müharibənin ilk günü -27 sentyabrda Murovdağ istiqamətində ağır yaralanır və Mərkəzi Klinika Gəncə Xəstəxanasına gətirilir. Vəziyyəti ağır olduğundan komada qalır. 7 gün komada yatan kiçik gizir Əmrah Həmidov oktyabr ayının 5-də şəhadətə ucalılır. Şəhidin nəşi doğulub, boya-başa çatdığı Salyan rayonunun Kürsəngi kəndinə gətirilir və kənd qəbiristanlığında böyük izdihamla torpağa tapşırılır. 

Şəhidin həyat yoldaşı İlahə xanım onun haqqında belə xatırlayır: "Biz Əmrahla 1 il 6 ay idi ki, ailə həyatı qurmuşduq. Əmrah həqiqətən də fərqli xasiyyətə malik olan bir insan idi. Əsl həyat yoldaşı, layiqli ailə başçısı idi. Sonuncu dəfə sentyabr ayının 25-də, axşam saat 9 radələrində əlaqə saxladıq. Mənə müharibəyə yola düşdüyünü dedi. Mən çox narahat idim...qorxurdum ki, onu itirəcəyəm... Mənə, "Narahat olma, Allahın izni ilə 1 həftə, 10 günə sağ-salamat qələbə xəbəri ilə qayıdacağıq" -dedi. Sənəd işlərim var idi, ona "Əmrah, səni gözləyim, yoxsa özüm həll edim" -deyəndə, mənə "Oktyabrın 5-də qayıdacağam, birlikdə gedib həll edəcəyik"-dedi. Həqiqətən də oktyabrın 5-də qayıtdı, amma çox fərqli. Doğrudur, şəhid olmaq həqiqətən də onun çox böyük arzusu idi, arzusuna da çatdı. Amma mən sevdiyimin bu cür gələcəyini gözləmirdim....".

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Salyan rayonunun Kürsəngi kəndində anadan olan kiçik gizir Əmrah Firavan oğlu Həmidov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə", "Hərbi xidmətlərə görə" və "Vətən uğrunda"  medalları ilə təltif edilib. Allah rəhmət eləsin. Vətən sağ olsun! 
                                      Ambur.az

Oxşar xəbərlər