Oktyabrın 5-də şəhid olan Gəgiran kəndinin qəhrəman şəhidi- Vüsal Hadıyev

19 Apr 2021 13:13
419

Vüsal Balarəzi oğlu Hadıyev 18 oktyabr 2000-ci ildə Lənkəran rayonunun Gəgiran kəndində anadan olub. Vüsal hələ körpə ikən ailəsi ilə birlikdə Masallı şəhərinə köçüblər. 2 bacı və 1 qardaş olmaqla ailədə 5 nəfər olublar. 2007-ci ildə Nəriman Nərimanov adına Masallı şəhər 2 saylı tam orta məktəbinin 1-ci sinfinə daxil olub və 2017-ci ildə həmin məktəbi başa vurub. Məktəb vaxtlarında cüdo idman növü ilə məşğul olan Vüsal yeniyetmələr arasında təşkil olunmuş bir çox idman yarışlarında iştirak edərək müxtəlif dərəcəli diplom və medallarla təltif olunub. 2019-cu ilin oktyabr ayında Vüsal həqiqi hərbi xidmətə yola salınıb.

27 sentyabr 2020-ci ildə II Qarabağ müharibəsi başladığı zaman Vüsal da torpaqlarımızın düşmən tapdağı altından azad etmək üçün döyüşə qatılır, bir sıra strateji yüksəkliklərin alınmasında yüksək fədakarlıq və şücaət göstərir. Qəhrəman əsgər 05 oktyabr tarixində Tərtər-Ağdərə istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olur. Şəhidin nəşi Masallı rayonuna gətirilir və böyük izdihamla orada yerləşən qəbiristanlığda torpağa tapşırılır.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Lənkəran rayonunun Gəgiran kəndində anadan olan əsgər Vüsal Balarəzi oğlu Hadıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Allah rəhmət eləsin. Vətən sağ olsun!

Oxşar xəbərlər