Ordumuza 200 000 manat yardım edən talışəsilli Rusiya vətəndaşı ilə müsahibə

08 Okt 2020 13:42
5920

Xəbər verdiyimiz kimi sentyabr ayının 27-də Ermənistanın təxribatı nəticəsində baş vermiş Azərbaycan Ermənistan arasında qarşıdurma müharibə vaxtında Azərbaycan Ordusuna maddi dəstək olan xaricdə yaşayan Azərbaycanlı iş adamlarından biri də Lerik rayonundan olan İlham Xalıqovdur. İlham Xalıqov oktyabr ayının 05-də Azərbaycan Ordusuna 200 000 manat məbləğində yardım etmişdir.

Ambur.az İlham Xalıqovdan aldığı müsahibəni təqdim edir: 


- İlham müəllim, öncədən sizə təşəkkürümüzü bildiririk ki, qiymətli vaxtınızı ayırıb bizə müsahibə verirsiniz. İnanırıq ki, vətənpərvər, xeyirxah bir həmyerlimizin müsahibəsi oxucularımız üçün də maraqlı olar. İstəyirik ki, müsahibəmizin əvvəlində həyatınız, bioqrafiyanız haqqında qısa məlumat verəsiniz.
- Mən 1971-ci ildə Lerik rayonunun Pirəsora kəndində anadan olmuşam, 17 yaşa kimi orada böyümüşəm. Orta məktəbi orada bitirdikdən sonra Rusiyaya gəlmişəm. 1988-ci ildən bu günədək Rusiyanın Perm şəhərində yaşayıram. Burada hərbi xidmətə getmişəm. O zaman hələ Azərbaycan müstəqil dövlət deyildi. SSRİ vaxtında hərbi xidmətdə olmuşam. 1991-ci ildə yenidən Perm şəhərinə qayıtmışam. O zamandan da burada yaşayıram.

-Harada təhsil almısınız? 
- Perm şəhərində təhsil almışam. Aviasiya zavodunun texnikumunu bitirmişəm, bir neçə il həmən zavod da çalışmışam. Təhsilimi bitirdim. SSRİ dağılanda anarxiya oldu, bütün fabrik və zavodlar dayandı, yaşayış çətinləşdi. 1994-cü ildə bizneslə məşğul olmağa başladım. Həmən tarixdən bu günə kimi bizneslə məşğulam.

- Necə oldu ki, Rusiyaya getməli oldunuz?
- Hal-hazırda Rusiyanın Perm şəhərində yaşayıram. Demək olar ki, yaşadığım yerdə azərbaycanlı çoxdur. Burada təxminən 60000-ə yaxın Azərbaycan vətəndaşı yaşayır. 1987-1988-ci illərdə Rusiyaya gəlmişəm. Burada qohumlarım var idi, həm oxuyur, həm də işləyirdilər. Lerik rayonu dağlıq rayon olduğu üçün şərait o vaxtlar biraz pis idi, dolanmaq çətin idi. Rusiyaya gəldim ki, məndə burada çalışım. Şükür Allaha ki, indi hər şey qaydasındadır, çalışırıq.

- İşiniz haqqında qısa məlumat verməyinizi istəyirik. Yanınızda azərbaycanlılar da işləyirmi?
-Demək olar ki, bizdə ümumi 1000 nəfərdən çox adam çalışır. Əvvəllər bura azərbaycanlılar çox gəlirdi, son zamanlar azalıb. Hal-hazırda isə bizim fabrikalarda yerli camaat və Özbəkistan vətəndaşları çoxdur. Amma azərbaycanlılar da var. Bizdə hal-hazırda demək olar ki, Azərbaycandan 70-80 nəfərə yaxın işləyən var və bunların arasında kəndçilərimizdən, qohumlarımızdan da var. Qalanları isə Özbəkistan, Tacıkistan, Rusiya və digər ölkələrdəndir.

-Hal-hazırda Azərbaycan Ordusu tərəfindən erməni işğalında olan bir sıra rayon və kəndlərimiz işğaldan azad edilir. Siz də daim ordumuzun yanında olduğunuzu göstərərək, ordumuza 200 000 manat məbləğində yardım etdiniz. Bu Azərbaycanımıza olan məhəbbətinizin, Ordumuza olan sevginizin bariz nümunəsidir. Bu barədə fikirlərinizi bilmək istəyirdik. Necə oldu ki, bu qərara gəldiniz?
-Demək olar ki, ən xoşuma gələn sual bu sual oldu. Siz Azərbaycanda yaşayırsınız, ətrafınız Azərbaycan vətəndaşlarıdır. Heç bir neqativlik yoxdur. Rusiyada isə biz istəsək də, istəməsək də, necə olur olsun, hardasa bir erməni ilə üzbəüz gəlirik. Mənim rayonun birinci dərəcəli insanları ilə əlaqələrim var, onların yanında hörmətim var. Nə vaxt bir xahişim olanda yanlarına girə bilirəm. Məni bir iş adamı kimi, düzgün insan kimi tanıyırlar. Amma, bunu qeyd edim ki, bu 30 ildə hər dəfə bir erməni ilə rastlaşanda çox vicdan əzabı çəkirdim. Nəyə görə? Baxırdım ki, bunların 2 milyon əhalisi var, bizim isə 10 milyon əhalimiz var. Buna baxmayaraq gücümüz, imkanımız ola-ola bunlara qarşı heç bir tədbir görə bilmirik. Hər dəfə Allaha yalvarırdım ki, Ya Rəbbim, Ya Rəsulallah, sən bir şərait yarat ki, biz bu erməniləri öz torpağımızdan qovaq, torpağlarımızı işğaldan azad edək. Bir millət kimi gücümüzü bunlara göstərək. 30 ildir ki, bunu gözləyirdik. Sonda bizim əsgər qardaşlarımız, zabit qardaşlarımız tərəfindən torpağlarımız işğaldan azad olunur. Bu son 8 gündə hər gün bir kənd, bir qəsəbə alanda mənim gözlərim dolur və Allaha şükürlər olsun deyirəm. Bu 8 gün sanki mənimçün 80 il kimi oldu. Hər dəfə Allaha yalvarıram ki, Azərbaycan Ordusuna, Azərbaycan xalqına kömək olsun. Bütün əsgər və zabitlərimizin qarşısında baş əyirəm. Bu yardımı etməkdə məqsədim o demək deil ki, mən gözə görsənim və ya təriflənim, mənim barəmdə çox sözlər danışsınlar. Belə bir şeyi xoşlamayan bir insanam. Bir-iki dostlarım var idi ki, onlarla əlaqə saxladım və dedim ki, mən o torpağda doğulmuşam, böyümüşəm. Ürəyim o torpağda formalaşıb, ilk o torpağda ürəyim döyünməyə başlayıb. İstəyirəm ki, mən də orduma, xalqıma dayaq olum və bu məbləği köçürtdüm. Mənə dedilər ki, sən bu məbləği köçürürsənsə, Azərbaycan xalqı bunu bilməlidir ki, sən biganə deilsən, vətənini sevən bir insansan, bunu hamı bilməlidir. O pul mənim ordum üçün heç bir şeydir. Amma deyərdim ki, məndə öz mənəvi borcumu yerinə yetirdim. Az da olsa, çox da olsa bildirdim ki, mənim ürəyim azərbaycanla döyünür. Mənim babam, nənəm orada dəfn olunub, o torpaq bizi yetişdirib. Biz buna biganə qala bilmərik. Mən istəyirdim ki, heç kimin bundan xəbəri olmasın, fikrimcə kimsə öz aralarında kimlərəsə deyib və bu xəbər belə yayılıb. Mən öz Vətənimə, öz Orduma dəstək olmağa həmişə hazır olmuşam və hər zaman da hazıram. Mən bu günü gözləyirdim. Çox istəyirdim ki, bizim torpaqlar bizə qayıtsın. Bizim yolumuz haqq yoludur. Biz öz haqqımızı tələb edirik, heç kimdən heç bir şey istəmirik. Eşq olsun bizim əsgərlərimizə, zabitlərimizə! Mən yenə də deyirəm ki, onların hamısının qarşısında baş əyirəm, onları dünyaya gətirən anaların qarşısında baş əyirəm. Hamısına "çox sağ olun" deyirəm. Onlara öz minnətdarlığımı bildirirəm. Mən hər gün zəng vurub maraqlanıram. Hətta ön cəbhə ilə belə əlaqə saxlayıram.

-Bir xeyirxah, vətənpərvər ziyalı kimi xalqımıza və Ordumuzun qəhrəman əsgərlərinə nə sözünüz var?
-Səmimi deyim ki, əgər sərhədlər açıq olsaydı özüm Azərbaycana gələcəktim. Özüm hərbidə xüsusi təyinatda olmuşam, müharibənin bütün taktikalarını yaxşı bilirəm. Əsgərlərimiz nə əziyyətlər çəkir onları da yaxşı bilirəm. Çünki mən bunları görmüşəm. Mən baxıram ki, bizim millət bir olub, hamı ölümə belə hazırdır. Bu böyük fərəhdir, böyük qururdur. Hal-hazırda millətimiz dağ kimi bir-birinin arxasındadır. Hamı bir nəfər kimi irəli getmək istəyir. Azərbaycanda çox millətlər yaşayır. ləzgi, talış, avar, tat və s. millətlər var. Hamısı bir-biri ilə qardaşdır. Bizim bir düşmənimiz var, o da ermənidir. Mənə çox adamlar təşəkkürlərini bildirmək üçün yazırlar. Mən səmimi deyə bilərəm ki, Vətən yolunda pul yox, canımı belə verməyə hazıram. Şükürlər olsun ki, torpağlarımız əsgərlərimiz tərəfindən geri alınır. Ötən gün bir videogörüntüyə baxdım, gördüm ki, əsgərlərimizin biri işğaldan azad olunmuş ərazimizdə ermənilərin bayrağını endirərək Azərbaycan bayrağını göyrərə qaldırdı və erməni bayrağını yerə ataraq ona bir təpik vurdu. Mən hər dəfə o videoya baxanda sevincimdən gözlərim dolur. O əsgərin Ermənistan bayrağına təpik vuran ayağından öpmək istəyirəm.

                                                                                                     6 oktyabr 2020-ci il

Oxşar xəbərlər