ÖZÜNƏ TALIŞ DE, AY TALIŞ OĞLU - Vüqar Həmati

13 Apr 2022 07:49
887

Özünə talış de, ay talış oğlu
(Özünə talış deməyən talışlara)

Məni qınamasın əziz talışlar,
Vardır onlarda da zay talış oğlu.
Talışa bələddir dostlar, tanışlar!
Yoxdur talışlara tay, talış oğlu!
Özünə talış de, ay talış oğlu!


Əsli olmayandır nəslini danan, 
Doğru anlayarsan məni, çox güman,
Fələk tərsə dönüb, dəyişib zaman,
Çıxıb kamanından yay, talış oğlu!
Özünə talış de, ay talış oğlu!


Tarixin alnında talış izi var,
Mərdlik kitabında talış sözü var,
Pəncəli, Rövşəni, Mübarizi var,
Almaz xəyanətdən pay talış oğlu!
Özünə talış de, ay talış oğlu!


Gah Fərhad olursan, gah Cavanşirsən,
Gah rusa dönürsən, gah türkləşirsən,
Axı talış şirdir, şir oğlu şirsən,
Nə günə qalmısan, vay, talış oğlu?!
Özünə talış de, ay talış oğlu!


Talış fəxri addır, "tars" lazım deyil, 
Olma özgə gözdə "ars", lazım deyil,
Farsa talış adlı fars lazım deyil,
Əslini, kökünü say, talış oğlu!
Özünə talış de, ay talış oğlu!


İgid mərdcəsinə düşməni yenir, 
Mərdliyi itirsə, qüruru enir,
Qış ölub gedəndə bahar sevinir,
Baharın sonunda yay, talış oğlu!
Özünə talış de, ay talış oğlu!


Fəxr ilə, qürurla de ki, talışam,
Zalımın başına düşən bir daşam,
Yalnız həqiqətlə dostam, sirdaşam,
Sal bütün cahana hay, talış oğlu!
Özünə talış de, ay talış oğlu!

Vüqar HƏMATİ

Oxşar xəbərlər