Professor Məsud Mahmudov - 70

12 May 2021 12:41
145

Azərbaycan dilçiliyinin görkəmli nümayəndələrindən biri, ömrünün 45 ilini Nəsimi adına Dilçilik İnstitutuna həsr etmiş, uzun müddət İnstitutun elmi katibi, daha sonra isə elmi işlər üzrə direktor müavini olmuş filologiya üzrə elmlər doktoru, professor Məsud Mahmudovun 70 illik yübileyidir. O, 1951-ci il may ayının 3-də Azərbaycanın səfalı güşələrindən birində - Lənkəran rayonunun Boladi kəndində anadan olmuşdur.

Dilçiliyimizdə çox nadir ixtisas sahiblərindən biri olan Məsud müəllim təkcə Azərbaycanda deyil, MDB məkanında da riyazi və kompüter dilçiliyi ixtisası üzrə tanınmış mütəxəssislərdən biri hesab edilir. Bakı Dövlət Universitetinin Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra öz gələcəyini Nəsimi adına Dilçilik İnstitutu ilə bağlayan Məsud müəllim Sankt-Peterburq Dövlət Universitetinin “Riyazi dilçilik” kafedrasının aspirantı olmuş və riyazi dilçilik üzrə tanınmış mütəxəssis, dünya şöhrətli R.Piotrovskinin rəhbərliyi altında namizədlik dissertasiyası müdafiə etmişdir. Məsud müəllimin  “Azərbaycan mətnlərinin avtomatik işlənməsi sistemi” adlı doktorluq dissertasiyası də dilçiliyimiz üçün hadisə ola biləcək nadir əsərlərdəndir. 

Məsud müəllim çox az rast gəlinən insanlardandır ki, onun şəxsiyyəti və elmiliyi üst-üstə düşür. O, öz sahəsini çox gözəl bilən alim olmaqla yanaşı, həm də gözəl ailə başçısı və gözəl həmkardır. Uzun müddət ərzində (25 il) böyük bir elmi-tədqiqat institutunda direktor müavini olmasına rəğmən, heç vaxt özünü başqalarından fərqləndirməyən, hamıya qayğı ilə yanaşan, sözün əsl mənasında uşaqla uşaq, böyüklə böyük kimi davranan Məsud müəllim əsl şəxsiyyət kimi formalaşıb. O çox nadir şəxsiyyətlərdən olub ki, vəzifəyə xalqa xidmət kimi yanaşıb və öz vəzifəsini heç vaxt başqaları üzərində üstünlük kimi qələmə verməyib. Həmişə sadə, səmimi və təvazökarlığı ilə seçilən Məsud müəllimdə bu xüsusiyyətlərin olması heç də təəccüblü deyil. Çünki ot kökü üstə bitər deyiblər. Məsud müəllim ziyalı, müəllim ailəsində böyüdüyündən başqa cür ola da bilməzdi. Atası Mirəhməd müəllim də Lənkəranda ilk maarif işığı yandıranlardan, zəhmətkeş balalarına savad öyrədənlərdən biri olmuşdur. Mirəhməd müəllimin özü də Lənkəranın adlı-sanlı ziyalı nəsli, Talış xanı Seyid Cəmaləddin (Qara xanın) nəslindəndir və Talışxanov soyadını daşımışdır. 1937-ci ildə böyük qardaşı Mirəsgər bəy – bəy titulu daşıdığına və Talışxanovlar nəslindən olduğuna görə Qazaxıstana, kiçik qardaşı Mirfəttah bəy isə Sibirə sürgün olunur. O vaxt ali təhsilli müəllimlərə çox ehtiyac duyulduğundan, təhsili, istedadı, xalq arasında dərin nüfuzu və ölkə üçün qiymətli kadr olduğu üçün Mirəhməd müəllim sürgün olunmur, Talışxanov soyadını daşımaqdan və seyidlik titulundan  məhrum edilir və ona Mahmudov familiyası verilir.

Belə bir ailədə böyüyən və əsl Azərbaycan ziyalısı adına tam uyğun gələn Məsud müəllim gözəl alim və şəxsiyyət olmaqla yanaşı, həm də gözəl ailə başçısıdır. Onun özünəməxsusluğu məhz əsl ziyalı olmasındadır. Məsud müəllim  heç vaxt kiminsə səviyyəsinə enmir, həmişə kimisə öz səviyyəsinə qaldırmağı xoşlayan bir ziyalıdır. Məhz bu səbəbdəndir ki, uzun müddət Azərbaycan elminin ən görkəmli nümayəndələri Məmmədağa Şirəliyev, Bəkir Nəbiyev və Ağamusa Axundov kimi onunla bir yerdə, çiyin-çiyinə işləmiş görkəmli elm xadiməri, akademiklər onun işindən, səmərəli fəaliyyətindən, yüksək insani keyfiyyətlərindən həmişə razılıq etmişlər. Məsud müəllimin bu qədər sevilməsinin əsas səbəblərindən biri də onun həssaslığı və həssas olduğu qədər də işinə ciddi yanaşmasından irəli gəlir. Dilçilik İnstitutunda direktor müavini işlədiyi illərdə bir gün də olsun işindən kənarda qalmamışdır. Hamı gözəl bilir ki, uzun illər Məsud müəllim yay tətillərində də iş başında olmuşdur və heç vaxt məzuniyyətə  çıxmamışdır. Bu isə onun öz işinə və özünə nə qədər tələbkar yanaşmasından irəli gəlir. Bu tələbkarlıq onun elmi əsərlərində də özünü göstrərir. Onun maşın tərcüməsi, avtomatik lüğətlərin tərtibi və kompüter dilçiliyi sahəsində xeyli sayda elmi işi çap olunmuşdur. “Kitabi-Dədə Qorqud” dastanının və Məhəmməd Füzulinin əsərlərinin  statistik cəhətdən öyrənilməsi, “Azərbaycan dilinin tezlik lüğəti”, “Azərbaycanca-rusca, rusca-azərbaycanca lüğət”, “Bitişik, yoxsa ayrı? ( sorğu kitabı)”, “Azərbaycan dilinin əks əlifba lüğəti” və digər lüğətləri alimin lüğətçilik sahəsində gördüyü dəyərli işlərdən hesab edilir. Məsud müəllimin həmmüəllifi olduğu “ Bitişik, yoxsa ayrı?” sorğu kitabı  və “ Azərbaycanca - rusca, rusca - azərbaycanca lüğət” “Azərnəşr” tərəfindən çox böyük tirajla (50 min və 70 min) nəşr olunmasına baxmayaraq, sonralar da bir neçə dəfə çap olunmuşdur. 

Həmtərtibçisi olduğu “Rumınca - azərbaycanca - azərbaycanca - rumınca lüğət” (V.Qərənfillə birlikdə) Azərbaycan və Rumıniya arasında dostluq əlaqələrinin möhkəmlənməsinə və inkişafına xidmət edən bir kitab kimi  səciyyələndirilir. 
1999-cu ildə çapdan çıxmış “Heydər Əliyev dil haqqında və Heydər Əliyevin dili” monoqrafiyası (A.Axundov və M.Məmmədovla şərikli) elmi ictimaiyyətin dərin rəğbətini qazanmışdır. 

Alimin 2002-ci ildə nəşr olunmuş “Mətnin formal təhlili sistemi” adlı monoqrafiyası dilçilərlə yanaşı süni intellekt və informatika sahəsində çalışan  alimlər tərəfindən yüksək qiymətləndirilmiş və maşın tərcüməsi sistemlərində uğurla tətbiq olunmaqdadır. 

Artıq qeyd etdiyimiz kimi, Məsud Mahmudov müasir dilçiliyimizdə dünya dilçiliyinin yeni sahələrindən olan kompüter dilçiliyi istiqamətini yaradan alimlərdən biridir. Alimin son illər bununla bağlı iki fundamental monoqrafiyası çap edilmişdir. 2013-cü ildə nəşr edilən “Kompüter dilçiliyi” monoqrafiyası bu mənada daha çox fərqlənir. Monoqrafiyada kompüter dilçiliyi,  dil korpusu və milli korpus anlayışı, kompüter lüğətçiliyi və mətnin formal təhlili ilə bağlı geniş məlumat verilir. Bu əsər alimin maşın tərcüməsi və formal linqvistik təhlil sistemləri haqqında araşdırmalarının davamı səciyyəsi  daşıyır. Müxtəlif elm sahələrinin qovşağında formalaşan kompüter dilçiliyi sahəsi dilçiliyin riyaziyyat, statistika, kibernetika elmləri ilə qovuşma nöqtəsində yarandığından müasir multidissiplinar sahələrdən hesab edilir və müasir dilçilik elminin inkişaf tendensiyalarını özündə ehtiva edir. 

Təsadüfi deyil ki, süni intellektin yaradılmasında dilçilik təcrübəsindən yararlanmadan bu sahəni inkişaf etdirmək mümkün deyil. Kompüter dilçiliyi sahəsi həm də müasir elektron lüğətlərin yaranması, korpus dilçiliyi, dilin formal və semantik təhlili sistemlərini özündə ehtiva etdiyindən süni intellektin yaranmasında da bu sahənin özünəməxsus yeri vardır. 

Məsud müəllimin ən son yazdığı və sanballı əsərlərindən biri də “Türk dillərinin milli korpusları” monoqrafiyasıdır. Monoqrafiya müasir dilçiliyin ən sürətlə inkişaf edən sahələrindən biri olan korpus dilçiliyinə həsr olunmuşdur. Məlumdur ki, korpus dilçiliyi hər hansı bir konkret dili təmsil edən mətnlərin qabaqcadan müəyyənləşdirilmiş qaydalar üzrə sistemli şəkildə elektron formatda toplanmasına istiqamətlənmiş məlumat axtarışı sistemlərinin yaradılması və onların tədqiqat prosesində istifadəsi məsələlərini öyrənir. Korpus dilçiliyi XXI əsrin dilçilyi hesab edilir. Bu sahənin yaranması dilçiliyə münasibəti dəyişməklə yanaşı, ənənəvi dilçiliyin inkişafında yeni bir dövrün açılmasına gətirib çıxardı. 

Monoqrafiya dil korpuslarının qurulması, mətnlərin toplanması və yerləşdirilməsi, eləcə də korpus materialından tədqiqat prosesində müxtəlif məqsədlərlə istifadə olunmasından bəhs edir. Türk dillərinin milli korpuslarının yaranması haqqında ilk ciddi elmi əsərlərdən olan bu monoqrafiya gələcəkdə bu sahədə aparılacaq tədqiqatlar üçün bir əsas rolunu oynaya bilər. 
Məsud müəllim qeyd edir ki, hazırda Azərbaycan, qazax, başqırd, tatar, türk və digər dillər üçün korpus yaradıcılığı sahəsində müəyyən işlər görülmüşdür. Alim Türkiyə türkcəsinin korpus yaradıcılığı sahəsində görülən işləri təhlil etdikdən sonra, qazax və başqırd dillərinin milli korpuslarının yaradılması barədə də məlumat verir. Məlumdur ki, qazax dilinin milli korpusunun yaradılması ilə bağlı son illər xeyli iş görülmüşdür. Müəllif eyni zamanda Azərbaycan dilçiliyində də son illər görülmüş və bu sahədə görülməsi vacib olan işləri sadalayır. 

Ümumiyyətlə, qeyd olunmalıdır ki, bu monoqrafiya dilçiliyimizdə hadisə sayıla biləcək əsərlərdən biridir. Çünki Məsud müəllim bu sahənin yalnız nəzəriyyəsini bilmir, eyni zamanda Azərbaycan dilinin milli korpusunun yaradılmasında əvəzsiz xidmətləri olan alimlərimizdən biridir. Məhz onun rəhbərliyi və Azərbaycan Respublikasının Prezidenti Yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə Azərbaycan dilinin ilk elektron lüğətlər korpusu hazırlanmışdır ki, bu da dilimizin milli korpusunun yaranmasında irəliyə doğru atılmış böyük bir addımdır. Bununla yanaşı Məsud müəllimin rəhbərliyi ilə hazırda işlədiyi şöbənin işçiləri Azərbaycan dilinin ümumi informasiya bazasını  hazırlamışlar ki, bu da dilimizin inkişafı baxımından olduqca əhəmiyyətlidir. Məsud müəllim bu gün də bu sahədə görülən işlərə rəhbərlik edir və daim xarici ölkələrdə keçirilən konfranslarda ölkəmizi layiqincə təmsil edir. 

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında “  23 may 2012-ci il və “ Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 iyul 2018-ci il tarixli sərəncamlarında Azərbaycan dilinin informasiya-kommunikasiya texnologiyaları, müasir kompüterlərlə  tədqiqi və öyrənilməsi məsələlərinə xüsusi önəm verilmişdir. Hər iki sərəncamla bağlı AMEA Nəsimi adına Dilçilik İnstitutunda müəyyən işlər görülmüş, azerbaycandili.az və korpus.azerbaycandili.az saytları yaradılmışdır Həmin saytların yaradılması, yeni materiallarla zənginləşdirilməsi, genişləndirilməsi və onlara texniki qulluq məsələlərinə Məsud Mahmudov rəhbərlik etmiş və etməkdədir. Hər iki saytın yaradılması və praktik istifadəsi  Məsud müəllimin böyük uğuru kimi səciyyələndirilə bilər.   
Kadr hazırlığı sahəsində də Məsud müəllimin xidmətləri danılmazdır. Onun rəhbərliyi altında onlarla elmlər doktoru və elmlər namizədi (fəlsəfə doktoru) yetişmişdir.

Məsud müəllim eyni zamanda məktəb yaradan dilçilərdən hesab edilir. O, son illər məhz kompüter dilçiliyi sahəsində bir-neçə mütəxəssis hazırlamış və bu istiqamətdə işlərini indi də uğurla davam etdirir. Ümid edirik ki, professor Məsud Mahmudovun yaratdığı məktəb bu sahədə dünya dilçiliyinin ön sıralarında öz layiqli yerini tutacaq və onun rəhbərliyi ilə daha böyük uğurlara imza atacaq.
Biz də Azərbaycanın görkəmli dilçisi, professor Məsud Mahmudovu 70 illik yubileyi ilə bağlı təbrik edir və ona uzun ömür, cansağlığı arzulayırıq!

                 Filologiya üzrə fəlsəfə doktoru, dosent Rasim Heydərov
                 AMEA Nəsimi adına Dilçilik İnstitutu

Oxşar xəbərlər