Qaradağın “Şəhidlər xiyabanı“nda dəfn olunan lerikli şəhid, gizir Çərkəz Teyyublu

21 Fev 2021 22:48
531

Çərkəz Vidadi oğlu Teyyublu 01 fevral 1996-cı ildə Lerik rayonunun Züvüç kəndində anadan olmuşdur. 3 qardaş 1 bacı olmaqla ailədə 6 nəfər olublar. Uşaqlıq illəri doğulduğu kənddə keçir. 2003-cü ildə şəhid Bünyadəli Pələngov adına Züvüç kənd tam orta məktəbin 1-ci sinfinə gedib. 2014-cü ildə orta təhsilini başa vurduqdan sonra valideynləri ilə birgə Bakı şəhərinə köçür. Həmin ilin yayında Çərkəz Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır və Murov dağda yerləşən "N" saylı hərbi hissəyə göndərilir. 2016-cı ildə xidmətini nöqsansız başa vuraraq ehtiyyata buraxılır. Ata-anasına kömək etmək üçün bir çox işlərlə məşğul olur. Tərbiyyəsinə, mərifətinə, qanacağına görə seçilən Çərkəz həm qohum-əqrəba içində, həm də dost-tanışları içində böyük hörmət sahibi idi.

Torpağına, vətəninə böyük sevgisi olan Çərkəz yenidən müddətdən artıq xidmət etmək qərarına gəlir və 2019-cu ildə könüllü olaraq kiçik çavuş rütbəsində hərbi xidmətə yola düşür. Həmin ildən etibarən Bakı şəhəri Müşfiqabad qəsəbəsində yerləşən "N" saylı hərbi hissədə top komandiri vəzifəsində xidmət etməyə başlayır.

2020-ci il setyabr ayının 27-dən başlayan və 44 gün davam edən II Qarabağ müharibəsinə kiçik çavuş Çərkəz Teyyublu da torpaqlarımızın erməni vandallarının əsarətindən azad etmək üçün döyüşə qatılır. Cəbrayıl, Hadrut istiqamətində gedən şiddətli döyüşlərdə yüksək fədakarlıq və şücaət göstərərək düşmənin çoxlu sayda canlı qüvvəsini məhv edir. Daha sonra Füzuli rayonu istiqamətində gedən döyüşlərdə iştirak edən və bir neçə kəndlərimizin azad olunmasında böyük qəhrəmanlıq göstərən kiçik çavuş erməni postunu ələ keçirərək, üçrəngli Azərbaycan bayrağını həmin posta sancır. Kiçik çavuş Çərkəz Teyyublu 21 oktyabr 2020-ci il tarixində Füzuli rayonunun Gecəgözlü kəndi uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olur. Şəhidin nəşi yaşadığı Qaradağ rayonu Şonqar qəsəbəsinə gətirilir və orada yerləşən Şəhidlər xiyabanında dəfn edilir.

Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Lerik rayonunun Züvüç kəndində anadan olan kiçik çavuş Çərkəz Vidadi oğlu Teyyublu ölümündən sonra "Xocavəndin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilir. Allah rəhmət eləsin. Vətən sağ olsun!
                            Ambur.az

Oxşar xəbərlər