““Qardaşımın gəlişinə evimi qurban verərəm“, -deyirdim. Razı idim küçədə yatmağıma““- Şəhid bacısı -MÜSAHİBƏ

01 Okt 2021 19:17
676

Ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş qəhrəmanlarımızı hər zaman xatırlayacağıqq. Adını Azərbaycan tarixinə əbədi olaraq yazdıranlar arasında Murovdağ yüksəkliyinin azad olunması uğrunda xüsusi rolu olan Xüsusi Təyinatlı Qüvvələrin zabiti, şəhid kapitan Həmidağa Hüseynzadə də var.

Ambur.az qardaşının qəhrəmanlıqlarından qürurla danışan şəhidin bacısı Xavər Kərimova ilə müsahibə alıb:

- Salam, Xavər xanım. Necəsiniz?
- Salam. Çox sağolun, yaxşı olasınız. Qəhrəman, igid, cəsur bir qardaşını itirən bacı necə olar sizcə?!

- Evdə neçə uşaq olmusunuz?
- Evde 3 uşaq olmuşuq, Həmidağa, mən vı daha bir qardaşım -Amin. Həmidağa evimizin ilki olub. Valideynləri Həmidağanı 6 ildən sonra qurbanlarla, nəzirlərlə tapıb. 

- Həmidağa ilə aranızda neçə yaş fərq olub?
- Aramızda 1 yaş fərqi vardır. Bağçaya gedişimiz, məktəbə gedişimiz elə bir olub.

- Qardaş-bacı kimi münasibətiniz necə olub?
- Qardas-bacı münasibətimizdən günlərlə danışsam da bitməz. Həmidağa mənim sol yanım idi və hər zaman da elə olacaq. Hər zaman mənə deyərdilər ki, "Qardaş-bacı məhəbbətini Xavər səndən öyrənirik". Həyatımın xoşbəxtliyi onunla getdi.

- Həmidağa evdə necə uşaq idi?
- Həmidağa uşaq vaxtı dəcəl olub. Artıq həyatı dərk edəndən bəri xalqımız üçün müdrik, tərbiyəli, savadlı, yerini bilən bir vətəndaş kimi yetişib. İndi də qəhrəmanlığından bəllidir.

- Onun vətənpərvərliyi haqqında nə deyə bilərsiniz? Necə oldu ki, hərbçi olmaq qərarına gəldi?
- Bizim nəslimizdə Həmidağa yeganə hərbçi idi. Onun AAHM-nə daxil olmağı heç yaddaşımdan silinməz. Bağda idik, onun necə sevinməyi, sevincindən qaçıb hamıya deyirdi. Öz işini həddindən artıq çox sevirdi. Öz işi, vəzifəsi ilə qürur duyurdu. Öz gücünə, savadına bu rütbəyə gəlib çıxmışdı. Özünə hörməti, izzəti də elə özü qazanmışdı. Vətən sevgisi məhz elə onu XTQ-yə yönəltdi. Bildiyimiz kimi kəşfiyyatçı olmaq hər oğulun işi deyil. XTQ-də komandir vəzifəsində işləyirdi. Özünün sevdiyi və onu sevən öz qrupu var idi. O, təkcə komandir yox, həm də hamıya qardaş, dost, sirdaş olub. Bunu mən yox, onun öz silahdaşları deyir.

- Siz onun yeganə bacısı olaraq, sizinlə sirlərini bölüşürdümü?
- Biz bir birimizə çox bağlı qardaş-bacı olmuşuq. Hər zaman qapım döyülərdi, Həmidağa gəlib bacısını görərdi. İndi isə mənim qapım açılmır, gözüm qapıda qalıb. Nə vaxtsa mənim qardaşım gələr. Mən ömrümün sonuna kimi qardaşımı gözləyəcəm.....

- Həmidağa müharibədə olarkən nə hisslər keçirirdiniz?
- 2020-ci il 27 sentyabr, səhər saatlarında eşitdim ki, müharibə başlayır. İnanın ki, ayaqlarım tutuldu, yerimdən tərpənə bilmədim. Qardaşım kəşfiyyatçı olduğu üçün içimdə olan ağrı hələ də məni göynədir. Bilirdim ki, XTQ hər zaman öndə olur, düşmənlə göz-gözə. Hə istəyirdim ki, kəşfiyyatçı bacısı olaraq möhkəm olum, ancaq içimdəki narahatlıq məni rahat buraxmırdı. Divandan sürünə-sürünə düşdüm yerə, bilmədim nə deyim ki, Allah mənim sesimi eşitsin. "Qardaşımın gəlişinə evimi qurban verərəm", -deyirdim. Razı idim küçədə yatmağıma, yetər ki, qardaşım qayıtsın, -deyə canımı verərdim. Qayıtdı, ama mən deyən kimi yox. Biraz keçdi, telefonum artıq dayanmırdı. Hamı məndən qardaşımı soruşurdu, ağlamaqdan başqa əlimdən heçnə gəlmirdi.

- Müharibədən öncə sizinlə görüşdümü?
- Son görüşümüz 22 sentyabrda olub. Mamagildə idi. Yatmışdı, mən də işdən gəlmişdim. Yorğun idi, müharibədən öncə bütün gün təlimlərdə idilər. Öpmədim ki, oyanar, yorğundur, yatsın. Ancaq indi özümü son nəfəsimə qədər bağışlamayacağam. Belə olacağını bilsəydim, bağrıma basardım qardaşımı, hey sarılardım ona, buraxmazdım onu. Son dəfə isə sentyabrın 25-də danışdım. Mənə, "Bacı, vaxtım yoxdur səni gəlib görməyə, sabah təlimə gedirik", -dedi. Ama bilmirdim ki, onun dediyi bu təlim Qarabağ müharibəsi olacaq.

- Müharibə zamanı sizinlə danışarkən sizə nə təsəlli verirdi?
- Müharibə başlayandan danışa bilmədik, 28 sentyabr Murovdağ yüksəkliyi alınandan sonra, siz demə Həmidağa şəhidlik zirvəsinə ucalıb. Biz bundan xəbərsiz idik. Ümidlə Həmidağanın zəngini gözləyirdik. Kimdənsə xəbər gələr, Həmidağanın səsini eşidərik, ümidimiz boşa çıxdı.
 
- Şəhid olma xəbərini sizə kim çatdırdı? Nə zaman şəhid oldu?
- 2 oktyabr mənim doğum günüm idi. 29 illik həyatımda düşünmürdüm ki, qardaşsız keçirəcəyəm. 1 il olacaqdı qardaşım ailə həyatı qurmuşdu, övladı yox idi. 1 il öncə 28 yaşımı qeyd edəndə, qardaşım yanımda idi. Tortumun şamını fülüyürdüm, gözümü yumdum, arzu tutdum. Bu arzu mənim bibi olmaq arzum idi. Arzuladım ki, gələn il bu vaxtı 29 yaşımı qardaşımın balası ilə qeyd edim. Elə həmin ay -oktyabr ayında bibi olacağımı eşitdim. Sevincimin həddi-hüdudu yox idi. Analıq hissini necə yaşamışdımsa, həmin hissləri də qardaşımın balasının dünyaya gəlişində hiss edirdim. İyun ayının 23-də mən bibi oldum. Qardaşım Həmidağanın Həmidə adlı mələyi dünyaya gəldi. Onun balaca körpəsi ilə o qədər arzuları var idi ki..."Ata" kəlməsini belə eşitmək qisməti olmadı. Bilməzdim ki, Allah bibi olmaq arzumu yerinə yetirəcək, amma qardaşımı əlimdən alacaq. 2020-ci il, oktyabrın 2-i gəldi. Həmin günü heç zaman bağışlamayacağam. Mən nə yaşadımsa, 29 illik həyatımı qardaşımla yaşadım. İndi isə 30 yaşımda qardaşım yanımda yoxdursa, demək elə mənim öz həyatım da yoxdur.

Mən işdə idim, kiçik qardaşım zəng vurdu, artıq telefonuma zəng gələndə nə xəbər gələcək qardaşımdan -deyə gözləyirdim. Telefonu açan kimi "Həmid şəhid olub, Xavər" kəlməni eşitdim. Hansı vəziyyətdə olmağımı xatırlaya bilmirəm. Sanki həyat dayandı mənim üçün. O hissləri kəlimələrimlə izah edə bilmirəm. Sirdaşını, dostunu, qardaşını, ürəyini, dünyasını, bütün varlığını itirən bacı artıq həyatda yaşamaq belə istəmədi....Bir neçə saat keçdi, Həmidağa gəldi. Ama yenə də inanmırdım ki, tabutun içindəki mənim qardaşım olar. Yaxınlaşanda üstündəki yazını oxudum: "Şəhid Hüseynzadə Həmidaga Bağı oğlu". "Aman Allahım, ola bilməz bu", -deyə, Allaha yalvarırdım. Səsimi eşidib oyanar deyə hey nalə çəkdim. Ama yenə də qardaşım oyanmadı. "Yanında olub, yarana dərman ola bilmədik, qardaş, sənə köməyim dəymədi, qardaş. Məni bağışla. Səndən sonra cismim gəzir, ruhum sənlə gedib, qardaş" -deyərək, ah-nalə çəktim.

Bütün bacılara mənim qardaşım kimi qəhrəman qardaş arzu edirəm. Xoşbəxtəm ki, mən Həmidağanın bacısıyam. Bədbəxtəm ki, Həmidağa cismən mənim yanımda yoxdur, ruhən yanımdadır. Həmidağanın bacısı kimi bütün şəhid bacılarına qardaşlarımız kimi möhkəm, qürurlu, səbrli olmağı arzu edirəm. Dövlətimizin, xalqımızın başını dik edən oğulların bacıları başı dik, alnı açıq, qürurla gəzməlidir...

Qəhrəmanımızın tərcümeyi-halı və döyüş rolu haqqında linkə daxil olaraq, oxuya bilərsiniz: https://ambur.az/3-ayliq-korpesini-vetene-emanet-qoyan-sehid-kesfiyyatci

    Ambur.az

Oxşar xəbərlər