QƏHRƏMANLAR UNUDULMUR- Şəhid Cavadov Cəlil

21 Noy 2020 19:14
543

Cəlil Ağaddin oğlu Cavadov 29 mart 1989-cu ildə Lerik rayonunda anadan olmuşdur.  Atası Ağaddin Sənan oğlu Cavadov hüquqşunas olmuş və Lerik rayon qeydiyyat idarəsinin rəisi vəzifəsində işləmişdir. Cəlilin uşaqlıq illəri rayonun Xəlifəkücə kəndində keçmişdir. O, 13 yaşında olarkən hər iki valideynini itirmiş və həyatın çətinliklərini görməyə başlamışdır. Orta təhsilini şəhid Zəfər Səfərov adına Blaband kənd orta məktəbində almış, 2003-cü ildə orta məktəbin 8-ci sinifini bitirərək C. Naxçanski adına hərbi liseyə qəbul olmuşdur. 2006-cı ildə liseyi bitirərək H. Əliyev adına Ali Hərbi Məktəbə qəbul olmuş və 2010-cu ildə motoatıcı ixtisası üzrə bitirmişdir. 


2010-2011-ci illərdə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində ixtisasartırma kursunu keçmişdir.
2011-2014-cü illərdə Ağdam istiqamətində tağım komandiri olmuşdur.
2014-2016-cı illərdə baş-leytenant hərbi rütbəsində Ağdam istiqamətində bölük komandiri vəzifəsində işləmişdir.  
2016-2017-ci illərdə Bərdə rayonunda yerləşən hərbi hissədə qərərgah bölüyünün komandiri vəzifəsində işləmişdir.
2017-2018-cı illərdə Qazax rayonunda yerləşən hərbi hissədə tabor komandirinin maddi-texniki təminat üzrə müavini vəzifələrində xidmət etmişdir.
2018-ci idən 2020-ci ilin mart ayına qədər Qaradağ rayonunun ərazisində yerləşən "N" saylı hərbi hissədə uçot əməliyyat bölməsinin rəisi vəzifəsində xidmət etmişdir.
2020-ci ilin mart ayında Qusar rayonunda yerləşən hərbi hissədə tabor komandirin müavini vəzifəsinə təyin olunuşdur. 
2020-ci ilin aprel ayında baş-leytenant rütbəsindən kapitan hərbi rütbəsinə yüksəlmişdir.


2-ci Vətən müharibəsində, 2020-ci il 27 sentyabrdan etibarən tabor komandiri müavini vəzifəsində Füzuli, Qubadlı, Cəbrayıl, Hadrut istiqamətlərində yüksək igidlik və rəşadətlə döyüşmüşdür. 
Döyüş yoldaşları məlumat verir ki, Kapitan Cavadov bu döyüşlərdə daim öndə vuruşmuş, dəfələrlə öz həyatını təhlükəyə ataraq düşmən nəzarətində olan yaralı hərbiçilərimizi çıxarmaqla onların həyatını xilas etmiş, şəxsi heyətin itkilərinin az olması üçün əlindən gələni etmişdir.

Bir aylıq şanlı döyüşdən sonra oktyabr ayının 27-də C.Cavadov 14 nəfərlik qrupu ilə Xocavənd rayonunun Cütçü kəndi ərazisindəki starateji yüksəkliyin işğaldan azad edilməsi uğrunda hücuma keçmişdir. Cəlil qrupunda yaralanmış bir hərbiçiyə ilkin tibbi yardım göstərilməsi və onun döyüş meydanından çıxarılması üçün operativ tədbir görərək yenidən döyüşü davam etdirmişdir.  Ağır döyüşdə mühasirəyə düşən C.Cavadov əlində olan silah-sursatla düşmənə sarsıdıcı zərbələr endirmiş və xeyli sayda canlı qüvvəsini məhv etmişdir. Qeyri-bərabər döyüşdə düşmən gülləsinə tuş gələn igid komandir Cəlil Cavadov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçməklə qəhrəmancasına şəhid olmuşdur. Allah qəhrəman komandir, kapitan Cəlil Cavadova rəhmət eləsin! Vətən sağ olsun!

Qardaşı Cavadov Cavid 1983-cu il yanvar ayının 16-da Lerik rayonunun Xəlifəkücə kəndində anadan olmuşdur. Hərbçidir. 

2012-ci ildən aviasiya hərbi hissəsində xidmət edir. Baş gizir Cavid hal-hazırda Qalada yerləşən hərbi hissədə qullu edir. Ailəlidir, 3 övladı var. Kiçik qardaşı Fərid Cavadzadə dövlət qulluqçusu kimi xalqa, dövlətə xidmət edir. Allah qorusun!

Oxşar xəbərlər