QƏHRƏMANLAR UNUDULMUR- Şəhid Qeybiyev Arif

26 Noy 2020 07:55
433

Arif İsmayıl oğlu Qeybiyev 1997-ci il iyun ayının 6-da Astara rayonunun Səncərədi kəndində anadan olmuşdur. 2002-ci ildə Astara rayon Səncərədi kənd orta məktəbinin 1-ci sinifinə getmişdir. Orta məktəbdə oxuduğu illərdə idmanın atletika növü ilə məşğul olan Arif yarışlarda dəfələrlə rayon və Respublika üzrə 1, 2 və 3-cü yerləri qazanmışdır. 50-dən çox diplom, qızıl, gümüş və bürünc medallarla təltif olunmuşdur. Diplomlardan otuzu birincilik üzrədir.

2012-ci ildə orta məktəbi başa vuraraq  Astara Pedoqoji  Kollecinin “İdman fakültəsi”-nə daxil olmuşdur. 2015-ci il Avropa yarışlarının iştirakçısı olmuş və Astarada məşəli yandırmışdır. 2016-cı ildə APK-nı bitirib, iyul ayında Astara rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır. Xidmətinin andiçməyə qədər olan vaxtlarını Bakıda Daxili Qoşunlarda xidmət edən Arif andiçmədən sonra Naxçıvan Muxtar Respublikasının Xüsusi təyinatlı qüvvələrində xidmətini davam etdirməyə gedir. Hərbi xidmətdə olarkən, dəfələrlə tərifnamə ilə təltif olunmuşdur.

Hərbi xidməti başa vurduqdan sonra Ağcəbədi rayonu Yeni Qaradolağ kəndində "N" saylı hərbi hissədə tankçı MAXE olaraq işləməyə başlayır. Avqust ayında Arifin təyinatı Füzuli rayonuna verilir. Vətən müharibəsinin ilk günündə düşmənə sarsıdıcı zərbələr endirərək düşmənin xeyli sayda canlı qüvvəsini məhv edən Arif Vətən müharibəsinin ilk günü, 27 sentyabrda Füzuli istiqamətində gedən şiddətli döyüşlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçməklə qəhrəmancasına şəhid olmuşdur. Şəhidimiz ailəli idi. Ondan altı aylıq Gülnur adında qız övladı yadigar qaldı. Allah rəhmət eləsin! Vətən sağ olsun!

Oxşar xəbərlər