QƏHRƏMANLAR UNUDULMUR- Şəhid Etiram Hüseynli

28 Noy 2020 09:43
1229

“Etiram şagirdlərə elə ruh verirdi ki, sanki onlar əsl əsgər idilər”.

Ambur.az bildirir ki, bu sözləri AzEdu.az-a açıqlamasında Lənkəran şəhər S.Kəzımbəyov adına tam orta məktəbin direktoru Akif Xalıqov deyib.

Belə ki, Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə Lənkəran şəhər 6 nömrəli orta məktəbin hərbi hazırlıq müəllimi Etiram Hüseynli şəhid olub. O, 23 il pedaqoji fəaliyyətlə məşğul olub.

Şəhidimizin dərs dediyi məktəbin direktoru Akif Xalıqov onunla bağlı fikirlərini bölüşüb:

“Etiram çox mərd, şücaətli və vətənpərvər insan idi. O, vətən yolunda özünü gözünü qırpmadan fəda etdi.

Etiram oktyabr ayının 20-də döyüş bölgəsinə yollandı və Qubadlının azad edilməsi uğrunda döyüşlərdə qəhrəmancasına həlak olaraq, şəhidlik zirvəsinə yüksəldi. Mən həmin vaxt  onun ailəsi ilə görüşə getdim. Onlarla söhbət etdim və yanlarında olduğumu dedim.  İstədim ki, Etiramın anasına təsəlli verim. Ona dedim ki, məktəbdə oğlunu əvəz edən 50 nəfər var və hamısı sənin qulluğunda olmağa  hazırdır. O, mənə cavabında bildirdi ki, oğulumu vətən üçün böyütmüşəm. Övlad yetişdirmişəm ki, o, cəmiyyətə xeyir versin və mənə heç bir təsəlli lazım deyil. Hətta Etiram şəhid olduqdan sonra onlara getdim və ananın düşüncələri hələ də dəyişməmişdi. Daxilində dərdi və yanğısı olmasına baxmayaraq, onu büruzə vermirdi. Həyatda belə cəsarətli qadın çox az görmüşəm. Ona görə də Etiram haqqında hər cür fəxarət hissi ilə danışmaq yerinə düşər. Mən və bütün kollektiv ondan razı olmuşuq”.

Direktor maraqlı bir xatirəsini bizimlə bölüşür:

“Etiramın “Son Zəng”də bayraq şeirini səsləndirməyi hələ də mənim yaddaşımdan silinmir. Həmin gün şagirdlər hərbi geyimdə bayrağı səhnəyə gətirdilər və Etiram bu şeirlə həmin bayrağın mənasını ifadə etməyə çalışdı. O gün həyət insanla dolu idi və Ehtiram şeiri o qədər səlis ifadə edirdi ki, əsl vətənpərvərlik ruhunu onda görmək olardı. Onun timsalında şagirdlərin vətənpərvərlik düşüncələrini də sezmək olardı.

Hərbi oyunlarda bizim məktəb Etiram sayəsində  respublika və rayon üzrə birincilik əldə etmişdi. O, şagirdlərə elə ruh verirdi ki, sanki onlar əsl əsgər idilər. Etiramın şagirdlərindən də  iki nəfər  şəhid olmuşdu. Onlar bizim məktəbin 11-ci sinif məzunları və Etiramın yetirmələri idilər.

Məktəbimizdə şəhid müəllimimiz üçün guşə  yaratmaq istəyirik. Hər gün səhər məktəbə  gələndə koridorda bayrağın yanında Ehtiramın şəklini görürəm. Onun yanından ötüb keçə bilmirəm və qalıb saatlarla ona baxmaq istəyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Oxşar xəbərlər