QƏHRƏMANLAR UNUDULMUR- Şəhid Cabir Tanrıverdiyev

28 Noy 2020 14:21
1667

Cabir Səmid oğlu Tanrıverdiyev 02 fevral 1987-ci ildə Füzuli rayonunun Araz Dilağarda kəndində, müəllim ailəsində anadan olmuşdur. 5 nəfərdən ibarət bir ailə olmuşlar. 2 qardaş və 1 bacı olaraq böyüyüblər. 1994-cü ildə birinci sinifə qəbul olunur. Orta təhsilini bitirdikdən sonra 2006-cı ildə Cabir həqiqi hərbi xidmətə çağırılır və Dövlət Sərhəd Xidmətinin Cəlilabad rayonunun Göytəpə şəhərindəki “N” saylı hərbi hissəyə yola salınır. Xidmətini başa vurduqdan sonra geri qayıdan Cabir ata-anasına kömək etmək məqsədi ilə bir çox işlərlə məşğul olmuşdur. 2011-ci ildə yeniden xidmətə gizir olaraq qayıdır və Füzulidə "N" saylı hərbi hissədə xidmət etməyə başlayır.  

2016-cı ilin aprel döyüşlərində iştirak etmiş və Lələtəpə uğrunda gedən döyüşlərdə yüksək igidlik və qəhrəmanlıq göstərmişdir. Xidmətinə görə bir neçə dəfə fəxri fərman və medallarla təltif olunmuşdur. Gizir Cabir Tanrıverdiyev 2020-ci il 27 sentyabr ayından etibarən başlayan 2-ci Vətən mühribəsində də fəal iştirak etmiş, 2 dəfə yaralanmışdır. Sağalandan sonra yenidən döyüşlərə qatılır. Tankçı olmuş, düşmənə sarsıdıcı zərbələr endirmiş və xeyli sayda canlı qüvvəsini məhv etmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçməklə Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 7 ay idi ki, nişanlı idi.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Füzuli rayonunun Araz Dilağarda kəndində anadan olan gizir Cabir Səmid oğlu Tanrıverdiyev ölümündən sonra "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir. Allah rəhmət eləsin. Vətən sağ olsun!

 

Oxşar xəbərlər