QƏHRƏMANLAR UNUDULMUR- Şəhid Samir Hüseynov-VİDEO

29 Noy 2020 08:19
2322

Samir Əlizadə oğlu Hüseynov 15 noyabr 1994-cü ildə Lerik rayonunun Vov kəndində, kasıb bir ailədə anadan olmuşdur. 5 nəfərdən ibarət bir ailə olmuşlar. 3 qardaş olaraq böyüyüblər. Digər iki qardaşı, Əlirza və Əlizahir əkiz qardaşlardır. Uşaqlıq illəri doğulduğu Vov kəndində keçmişdir. Orta təhsilini 2001-ci ildə şəhid Rakif Babayev adına Vov kənd 9 illik natamam orta məktəbində almışdır. Anası xərçəng xəstəliyindən əziyyət çəkirdi. Samir də xəstə anasının qulluğunda durmuş, onunla məşğul olmuş və əziyyətini çəkmişdir. Samir hələ orta məktəbdə oxuyanda anası 2011-ci ildə ağır sürən xəstəlikdən sonra dünyasını dəyişmişdir.

Samir dinə çox bağlı olduğundan fərdi şəkildə dini təhsil alaraq Qurani-Kərim kitabını mükəmməl öyrənmişdir. Bununla yanaşı həm də idmanla da məşğul olurdu. 2013-cü ilin yanvar ayında Samir Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırlır və Gəncə şəhəri "N" saylı hərbi hissəyə yola salınır. Oradan da Qazax rayonu Qala postuna göndərilir. 2014-cü ilin iyul ayında hərbi xidmətini başa vurduqdan sonra evinə qayıdır. Ailəsinə kömək etmək məqsədi ilə ölkə daxilində bir sıra işlərlə məşğul olmuş və sonra Rusiyaya işləməyə getmişdir. Bir müddətdən sonra vətənə qayıdır. 2016-cı ildə könüllü olaraq hərbi xidmətə getmiş və MAXE kimi Xüsusi Təyinatlı Kəşfiyyatçı olaraq işləməyə başlamışdır.

Xidmətinə görə dəfələrlə fəxri fərman, tərifnamə və təşəkkürnamələrlə təltif olunmuşdur. Samir Əlizadə 2020-ci il 27 sentyabrda başlayan Vətən mühribəsində də fəal iştirak etmiş, Zəngilan, Füzuli, Qubadlı, Xocavənd, Cəbrayıl və Şuşa istiqamətlərində gedən şiddətli döyüşlərdə yüksək igidlik və rəşadətlə döyüşmüşdür.

Döyüş yoldaşlarının dediklərinə görə Samir çox cəsarətli, gözünü qırpmadan irəliyə doğru gedən bir döyüşçü olmuşdur. Getdiyi bütün yerlərdə "Talış balası" yazdığından dostları tərəfindəndən Talış balası olaraq çağırılırdı. Eyni zamanda "Qəssab" ləqəbiylə də tanınmışdı. 10 noyabr 2020-ci ildə Şuşada atəşkəsə 13-14 saat qalmış düşmənə sarsıdıcı zərbələr endirərək xeyli sayda canlı qüvvəsini məhv etmişdir. Qeyri-bərabər döyüşdə düşmən gülləsinə tuş gələn qəhrəman Hüseynov Samir Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçməklə qəhrəmancasına şəhid olmuşdur. Şəhidin nəşi doğulduğu Vov kəndinə gətirilərək orada torpağa tapşırılır. 

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Lerik rayonunun Vov kəndində anadan olan Samir Əlizadə Hüseynov ölümündən sonra "Şuşanın azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib. Allah rəhmət eləsin. Vətən sağ olsun!
                                     Ambur.az

                                               Ambur.az

Oxşar xəbərlər