QƏHRƏMANLAR UNUDULMUR- Şəhid Davud Şirvanov

01 Dek 2020 15:21
987

Davud Xeyrulla oğlu Şirvanov 01 aprel 1994-cü ildə Lerik rayonunun Livədirqə kəndində anadan olmuşdur. 7 bacı və 3 qardaş olmaqla ailədə 12 nəfər olublar. Davud 9-cu uşaq olmuşdur. Uşaqlıq illəri doğulduğu Livədirqə kəndində keçmişdir. 2000-ci ildə Lerik rayon şəhid Əbəlfəz Məmmədov adına Livədirqə kənd 9 illik natamam orta məktəbin 1-ci sinifinə qəbul olmuşdur. 2009-cu ildə həmin məktəbin 9-cu sinifini bitirərək Lerik rayon tam orta internat məktəbinə qəbul olmuşdur. 2011-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 

Davud orta təhsilini başa vurduqdan sonra 2012-ci ilin aprel ayında Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır və Beyləqan rayonunun "N" saylı hərbi hissəyə yola salınır. 2013-cü ildə hərbi xidmətini başa vurmuş və evinə qayıtmışdır. Ailəsinə kömək etmək məqsədi ilə bir çox işlərlə məşğul olmuşdur. 2020-ci ilin iyul ayında könüllü olaraq hərbi xidmətə getmiş və Füzuli rayonu "N" saylı hərbi hissədə MAXE kimi işləməyə başlamışdır. 

Tankçı Şirvanov Davud 2020-ci il 27 sentyabr ayından etibarən başlayan 2-ci Vətən mühribəsində fəal iştirak etmiş, düşmənə sarsıdıcı zərbələr endirmiş, bir çox erməni postunu məhv etmiş və xeyli sayda canlı qüvvəsini öldürmüşdür. 2020-ci il oktyabr ayının 2-də Füzuli rayonu uğrunda gedən döyüşlərdə düşmən tərəfindən ağır artilleriya atəşinə məruz qalan Davudun tankı partladılmış və özü də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçməklə qəhrəmancasına şəhid olmuşdur. Oktyabr ayının 3-ü doğulduğu Lerik rayonunun Livədirqə kəndinə gətirilərək, kənd qəbiristanlığında torpağa tapşırılır. Şəhidimiz ailəli idi. Ondan yaş yarımlıq oğlu və 4 yaşlı qızı yadigar qaldı. Allah rəhmət eləsin! Vətən sağ olsun!

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Lerik rayonunun Livədirgə kəndində anadan olan Davud Xeyrulla oğlu Şirvanov ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir. Allah rəhmət eləsin. Vətən sağ olsun!  

 

                 Ambur.az

Oxşar xəbərlər