QƏHRƏMANLAR UNUDULMUR- Şəhid Yaqublu Əliqismət - VİDEO

03 Dek 2020 08:25
1262

Əliqismət Mükafat oğlu Yaqublu 18 aprel 1992-ci ildə Lerik rayonunun Kələxan kəndində, müəllim ailəsində anadan olmuşdur. 3 bacı 3 qardaş olmaqla ailədə 8 nəfər olubar. Əliqismət bacılarından kiçik, qardaşlarından isə böyük idi. Buna baxmayaraq bacı-qardaşlarına böyüklük edib. Uşaqlıq illəri doğulduğu kənddə keçib. 1998-ci ildə Lerik şəhər 3 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub. Sinfin əlaçısı olan Əliqismət 2007-ci ildə həmin məktəbin 9-cu sinfini başa vurduqdan sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. Liseyi başa vurduqdan sonra 2010-cu ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və 2014-cü ildə həmin məktəbi başa vurub. Daha sonra TTM-ni bitirib və 2015-ci ildə leytenant rütbəsi ilə Qobustan rayonunda yerləşən "N" saylı hərbi hissəyə təyinat alıb. Həmin ildə leytenant Əliqismət könüllü olaraq cəbhə bölgəsinə, Beyləqan rayonunun Milabad kəndində yerləşən "N" saylı hərbi hissədə xidmətə başlayıb. General Mais Bərxudarovla eyni hərbi hissədə xidmət ediblər. Əliqismət general Bərxudarovun sevimli zabitlərindən biri olub.

Leytenant Yaqublu Əliqismət 2016-ci ilin "Aprel döyüşləri"nin iştirakçısı olur və xüsusi qəhrəmanlıqlar göstərir. Həmin döyüşlərdən sonra yenidən Qobustana və 2017-ci ildə oradan da Ağcabədi rayonunda yerləşən "N" saylı hərbi hissəyə xidmətini davam etdirməyə göndərilir. 2018-ci ildə isə Cəlilabadda Xüsusi Təyinatlı Qüvələrin baş leytenantı kimi xidmət rəisi vəzifəsində işləyir. 

2020-ci il sentyabr ayının 27-dən başlayan II Qarabağ müharibəsinə baş leytenant Əliqismət Yaqublu da Xüsusi Təyinatlının zabiti kimi qatılır və torpaqlarımızın düşmən əsarətindən azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak edir. Murovdağ, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan və Şuşa istiqamətində gedən şiddətli döyüşlərdə yüksək qəhrəmanlıqlar göstərərək düşmənə sarsıdıcı zərbələr endirir, çoxlu sayda canlı qüvvəsini məhv edir. Baş leytenant Əliqismət Yaqublu daim öndə vuruşur, dəfələrlə öz həyatını təhlükəyə atır, düşmən nəzarətində olan yaralı hərbçilərimizi çıxarmaqla onların həyatını xilas edir. Bir Xüsusi Təyinatlı zabit kimi düşmənlə əlbəyaxa döyüşlərdə də iştirak edir. Qısacası qəhrəman Əliqismət düşmənə sinə gərərək bir tarix yazır. 

Qeyri-bərabər döyüşdə düşmən gülləsinə tuş gələn igid zabit Əliqismət Yaqublu 05 noyabr 2020-ci ildə Daşaltıda gedən şiddətli döyüşlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olur. Şəhidin üçrəngli bayrağa bürünmüş nəşi doğulduğu Lerik rayonunun Kələxan kəndinə gətirilir və böyük izdihamla, babasının yanında torpağa tapşırılır. Şəhidimiz 2015-ci ildə ailə həyatı qurmuşdu. İki azyaşlı -5 yaşlı Əliəsgər və 3 yaşlı Məhəmməd adlı oğulu xalqımıza əmanət qaldı.

Atası Mükafat kişi oğlu Əliqismət haqqında xatırlayır: Oğlum Əliqismət müharibə öncəsi mənimlə danışanda, mənə "Ata, hər şey ola bilər. Əgər mən şəhid olsam, məni kənddə babanın yanında dəfn edərsiniz. Orada boş yer var" -dedi. Mən dəhşətə gəldim, sonra zarafata saldı. Amma artıq mənim ürəyimə xal salmışdı. Müharibə başlayanda isə mən hər şeyi başa düşdüm. Onlar Vətən torpaqlarını geri qaytarmaq üçün şəhadətə hazır idilər.

Bundan başqa atası daha bir hadisəni belə nəql edir: "Əliqismətin komandir yoldaşları danışırdılar ki, Əliqismət həmişə, hər zaman döyüşə can aıb. Bütün döyüşlərdə iştirak edib. Ön cəbhəyə təcili silah-sursat çatdırmaq lazım olanda, Əliqismətin işi olmadığı halda təkidlə komandirdən kolonyanı aparmağı ona tapşırmağı xahiş edib. Əliqismət xəritəni və həmin ərazini yaxşı tanıyıb. Hamı onu "bələdçi Əliqismət" kimi tanıyıb. Komandir tapşırığı ona həvalə edib. Əliqismət silah-sursat koloniyasına rəhbərliyə çatdırma tapşırığını alıb yola düşüb. Komandir danışır ki, bir müddət sonra Yaqubluya zəng edib "Haradasız, vəziyyət nə yerdədir?" -deyəndə, mənə "Vəziyyət yaxşıdır, filan yerdəyik" -dedi. Dedim ki, ora hələ alınmayıb. Siz erməni kəndindəsiniz. Müdafiəyə keçin, sizə kömək göndəririk". Üzərindən çox keçmədi ki, əlaqə saxlayıb, mənə: "Narahat olmayın, kəndi götürdük, kolonyanı sağ-salamat çatdırdıq" -dedi. Köməyi gözləməmiş öz kiçik qüvvələri ilə ermənilərdən kəndi almışdılar. O, həm də silah-sursatı tez çatdırmaq üçün kəsə yolla getmişdi. Bilə-bilə düşmən yuvasına girib, oranı da, yolüstü darmadağın edərək işğaldan azad etmişdi. Koloniyanı da sağ-salamat çatdırmışdı".

"N" saylı hərbi hospitalının baş həkiminin gündəliyindən: "Şuşa uğrunda döyüşlərdə sanitarlar çoxlu sayda ağır yaralılar və şəhidlər gətirirdilər. Gətirilənlərin əksəriyyətində köhnə, sağalmamış yaralar müşahidə olunurdu. Bizim əsgər və zabitlərimiz döyüşə getmək üçün güllə və qəlpə yaralarını tibbi personaldan gizlədirmişlər. Dünya tarixində heç bir müharibədə belə kütləvi şəkildə fədakarlıq olmayıb. Nə qədər ağır olsa da bunu yazmalıyam. Şəhidimiz Əliqismət son döyüşə gedəndə bədənində qəlpə yarası varmış...".

Döyüş yoldaşı, kapitan Ceyhun Təhməzov deyir ki, Əliqismət qəlpə yarası ilə döyüşə getmişdi. Yaralı olmasına baxmayaraq o, məni və yüzlərlə digər yaralı döyüşçüləri döyüş meydanından çıxararaq ölümdən xilas edə bildi.

Prezident İlham Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Lerik rayonunun Kələxan kəndində anadan olan baş leytenant Əliqismət Mükafat oğlu Yaqublu ölümündən sonra "Şuşanın azad olunmasına görə", "Vətən uğrunda" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilir. Allah qəhrəman baş leytenant, Əliqismət Yaqubluya rəhmət eləsin! Vətən sağ olsun!
                                              Ambur.az
 

Oxşar xəbərlər