QƏHRƏMANLAR UNUDULMUR- Şəhid Mehbalıyev Vasif

04 Dek 2020 08:54
1385

Əslən Lerik rayonunun Livədirqə kəndindən olan Vasif Gülhəsən oğlu Mehbalıyev 26 mart 1994-ci ildə Neftçala rayonunun Aşağı Surra kəndində anadan olub. 6 bacı və  qardaş olmaqla ailədə 9 nəfər olublar. Uşaqlıq illəri doğulduğu kənddə keçib. 2000-ci ildə Neftçala rayon şəhid Eldar Rəhmanov adına Aşağı Surra kənd natamam orta məktəbin 1-ci sinfinə gedib. 2009-cu ildə həmin məktəbin 9-cu sinfini başa vurduqdan sonra təhsilini Neftçala rayon şəhid Zabil Əsgərov adına Aşağı Surra kənd tam orta məktəbində davam etdirib. 2011-ci ildə orta təhsilini başa vurduqdan sonra 2012-ci ilin aprel ayında Neftçala rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılan Vasif Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin "Şəmkir" dəstəsinə göndərilib. 2013-cü ildə xidmətini başa vurduqdan sonra evinə qayıdıb. 

Yenidən könüllü olaraq hərbiyə yazılan Mehbalıyev Vasif 18 yanvar 2016-cı ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin "Gizir hazırlıq kursu"na daxil olur və həmin ilin aprel ayının 05-də kursu bitirərək Bakı şəhəri "N" saylı hərbi hissədə tank komandiri vəzifəsində xidmət etməyə başlayır. 31 dekabr 2017-ci ildə oradan Xüsusi Təyinatlı Qüvvələrdə xidmətini davam etdirməyə göndərilir. Gizir Mehbalıyev nümunəvi xidmətinə görə "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə, 28 dekabr 2018-ci ildə isə "Fəxri Fərman"la təltif olunur. Daha sonra Bakıdan xidmətini davam etdirməyə Cəlilabad rayonunda yerləşən Xüsusi Təyinatlı Qüvvələrin taborunda xidmət etməyə göndərilir.

27 sentyabr 2020-ci ildən etibarən başlayan və 44 gün davam edən II Qarabağ müharibəsində gizir Mehbalıyev fəal iştirak edir, düşmənə sarsıdıcı zərbələr endirir, xeyli sayda canlı qüvvəsini məhv edir. Füzuli, Cəbrayıl, Hadrut istiqamətində böyük ruh yüksəkliyi ilə döyüşən qəhrəman gizir bir sıra yaşayış məntəqələrimizin və strateji yüksəkliklərin alınmasında yüksək fədakarlıqlar göstərir. Döyüşlər zamanı öz həyatını təhlükəyə ataraq bir neçə şəhidimizin nəşini neytral zonadan çıxarır. Bundan başqa yaralı əsgər yoldaşlarını döyüş zonasından çıxararaq, itkilərimizin çox olmaması üçün əlindən gələni edir. Gizir Mehbalıyev bir Xüsusi Təyinatlı kimi düşmənlə əlbəyaxa döyüşdə də iştirak edir və adını qızıl hərflərlə tarixə yazır. 16 oktyabr 2020-ci ildə gizir Mehbalıyev Vasif Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. Vasifin bacısı qardaşının şəhid xəbərini eşitdiyi zaman bu acıya tab gətirməyir və özünə qəsd edərək dünyasını dəyişir. Bacısı torpağa tapşırıldıqdan 1 gün sonra şəhid Vasifin nəşi doğulduğu Neftçala rayonunun Aşağı Surra kəndinə gətirilir və böyük izdihamla bacısının yanında dəfn edilir. 

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Neftçala rayonunun Aşağı Surra kəndində anadan olan gizir Vasif Gülhəsən oğlu Mehbalıyev ölümündən sonra "Vətən uğrunda" medalı və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. Allah rəhmət eləsin. Vətən sağ olsun!
                     Ambur.az

 

Oxşar xəbərlər