QƏHRƏMANLAR UNUDULMUR- Şəhid Əsədullayev Elnur

05 Dek 2020 16:26
1096

Elnur İmran oğlu Əsədullayev 13 iyun 1998-ci ildə Lerik şəhərində anadan olmub. 2 qardaş və 1 bacı olmaqla ailədə 5 nəfər olublar. 2005-ci ildə Azərbaycanın ilk Milli Qəhrəmanı Valeh Müslümov adına 2 saylı tam orta məktəbin 1-ci sinifinə qəbul olub. Məktəb vaxtlarından davranışına, mədəniyyətinə və dərslərinə görə sinif müəllimlərinin və şagirdlərinin rəğbətini qazanıb.

Elnur böyük-kiçik yeri bilən, ailəsinin və dostlarının sevimlisi olub. O, idmana çox bağlı olduğundan rayonda keçirilən idman yarışlarında iştirak edib və gözəl nəticələr əldə edib. Həm 2011-ci ildə sərbəst güləş üzrə yeniyetmələr arasında "Dünya Azərbaycanlılarının Həmrəyliyi günü"nə həsr olunmuş yarışda, həm də 2012-ci ildə "12 noyabr Konstitusiya günü"nə həsr olunmuş sərbəst güləş yarışlarda rayon birinciliyini qazandığına görə təltif olunub.

2015-ci ildə orta məktəbini başa vurduqdan sonra 16 iyul 2016-cı ildə Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır və Qazax rayonunda yerləşən "N" saylı hərbi hissəyə yola salınır. 18 yanvar 2018-ci ildə hərbi xidmətini başa vuran Elnur evinə qayıdır. 15 iyun 2018-ci ildə könüllü olaraq Vətənə xidmət etməyə gedir və Beyləqan rayonunun "N" saylı hərbi hissəsində manqa komandiri vəzifəsində xidmət etməyə başlayır. O, vətəninə laiqli övlad olmaq üçün hər zaman əlindən gələni əsirgəməmişdir. Kiçik gizir Elnur xidmətində fərqləndiyinə görə manqa komandirindən vəzifəsindən tank komandiri vəzifəsinə yüksəlir.

Ürəyi Vətən sevgisi ilə döyünən, 2016-cı ilin "Aprel döyüşləri"nin iştirakçısı olan gizir, tank komandiri Əsədullayev Elnur 27 sentyabr 2020-ci il tarixindən etibarən başlayan II Qarabağ mühribəsində fəal iştirak edərək vətəninə, elinə, obasına olan sevgisini bir daha sübut etmiş olur. Düşmənə sarsıdıcı zərbələr endirərək düşmənin xeyli sayda canlı qüvvəsini məhv edən Elnur oktyabr ayının 30-da Füzuli istiqamətində gedən şiddətli döyüşlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçməklə qəhrəmancasına şəhidlik məqamına yüksəlir. 

Elnurun uşaqlıq dostu, döyüş yoldaşı Qurbanəli Əliyev onun döyüşdə göstərdiyi qəhrəmanlıqları belə xatırlayır: "Dostum Əsədullayev Elnur tank komandiri idi. Mən onun düşmənin çoxlu sayda canqlı qüvvəsini məhv etməsinin, bir neçə düşmən postlarının ələ keçirilməsinin, hərbi qənimət kimi götürdüyü hərbi texnikalarının canlı şahidi oldum. Həqiqətən Elnur döyüşdə yüksək şücaətlər göstərirdi. Gecə saat 2 radələrində düşmən postuna girərək ondan çox erməni əsgərini məhv etmişdir. Onların silahlarını, aftomatlarını hərbi qənimət kimi götürüb geriyə, yanımıza qayıtdı. O bir qəhrəman idi...".

Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Lerik şəhərində anadan olan kiçik gizir Elnur İmran oğlu Əsədullayev ölümündən sonra "Füzulinin azad olumasına görə", "İgidliyə görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib. Allah rəhmət eləsin. Vətən sağ olsun!
                     Ambur.az 

Oxşar xəbərlər