QƏHRƏMANLAR UNUDULMUR- Şəhid Heydərov Amid -VİDEO

07 Dek 2020 09:06
1006

Amid Rəbbil oğlu Heydərov 20 may 1988-ci ildə Lerik şəhərində anadan olmuşdur. 3 qardaş olmaqla ailədə 5 nəfər olublar. 1995-ci ildə Lerik rayon tam orta internat məktəbinin 1-ci sinifinə qəbul olmuşdur. 2006-cı ildə orta təhsilini başa vurduqdan sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuşdur. 2010-cu ildə Məktəbi bitirən Heydərov Amid Ağcəbədi rayonunda yerləşən "N" saylı hərbi hissəyə leytenant, tağım komandiri vəzifəsinə təyin olunmuşdur.

2015-ci ildə baş leytenant rütbəsini almış, Beyləqanda yerləşən "N" saylı hərbi hissədə 4 il müddətində bölük komandiri vəzifəsində işləmişdir. 2016-ci ilin aprel döyüşlərində göstərdiyi xüsusi qəhramlığına görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən vaxtından əvvəl kapitan rütbəsi verilir. Lələtəpə yüksəkliyinə ilk çıxan tankçı 2020-ci ilin "Tovuz döyüşləri"nin də iştirakçısı olmuşdur. O, döyüşlərdə fəal iştirak etdiyinə görə korpus komandiri tərəfindən mayor rütbəsinə qalxmış və Füzuli rayonunun "N" saylı hərbi hissəsinin komandiri vəzifəsinə təyin olunmuşdur. Xidməti dövründə III dərəcəli “Qüsursuz xidmətə görə” medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubiley, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley və “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalları ilə təltif edilmişdir.

Mayor, tankçı Heydərov Amid 2020-ci il 27 sentyabr ayından etibarən başlayan II Qarabağ müharibəsində Lələtəpə istiqamətindən girmiş və Cəbrayıl rayonunun 8 kəndinin alınmasında fəal iştirak etmiş, böyük şücaətlər göstərərək düşmənin çoxlu sayda, canlı qüvvəsini, tankını və digər döyüş texnikalarını sıradan çıxarmışdır.

Ürəyi Vətən sevgisi ilə döyünən igid komandirin qardaşı xatırlayır: "Hər dəfə qardaşımla danışdığım zaman ona, - özünü gözlə, qabağa çox getmə, - deyərdim. 
 Amid isə deyirdi ki, mən arxada qalıb, - irəli! - deyə bilmərəm, özüm öndə gedib deməliyəm ki, arxamca irəli. Bir tankçı kimi Lələtəpəyə ilk mən necə çıxmışamsa, Şuşaya da tankçı kimi ilk mən çıxacağam. Lakin Amidin bu arzusu ona qismət olmadı".

Sonda Cəbrayıl rayonunun Nuzgar kəndi istiqamətində gedən şiddətli döyüşlərdə ordumuzun iki tankı vurulur. Amid digər bir tank heyyəti ilə birlikdə vurulan tankların şəxsi heyyətini xilas etmək üçün irəli çıxır və tanklar vurulan istiqamətə hücuma keçir. O, döyüşdə tək başına düşmən postuna irəliləyərək bütün mərmilərini istifadə edir. Qeyri-bərabər döyüşdə igid komandir, mayor, tankçı Heydərov Amid Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçməklə oktyabr ayının 3-də qəhrəmancasına şəhid olur. Şəhidimizin nəşi doğulub, boya-başa çatdığı Lerik şəhərinə gətirilir və böyük izdihamla torpağa tapşırılır. Ailəli idi, 2 övladı Vətənə əmanət qalır.

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Lerik şəhərində anadan olan hərbi hissə komandiri, tank komandiri, şəhid mayor Amid Rəbbil oğlu Heydərov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilmiş və "Vətən müharibəsi qəhrəmanı" adına layiq görülmüşdür. Allah qəhrəman komandir, mayor Amid Heydərova rəhmət eləsin. Vətən sağ olsun!

Oxşar xəbərlər