QƏHRƏMANLAR UNUDULMUR- Şəhid Ağamid Ağacəfərli

15 Dek 2020 13:14
1889

Ağamid Şirzaid oğlu Ağacəfərli 1995-ci ildə yanvar ayının 23-də Lerik şəhərində anadan olmuşdur. Ailədə 3 qardaş və 2 bacı olmaqla 7 nəfər olublar. Uşaqlıq illəri Lerik şəhərində keçmişdir. Orta təhsilini Azərbaycanın ilk Milli Qəhrəmanı, şəhid Valeh Müslümov adına Lerik şəhər 2 saylı tam orta məktəbində almışdır.

Orta təhsilini başa vurduqdan sonra 2013-cü ilin yanvar ayında Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi-hərbi xidmətə çağırılaraq Tərtər rayonunun "N" saylı hərbi hissəsinə göndərilir. Xidmətdi dövründə kəşfiyyatçı olmuşdur. 2015-ci ilin iyul ayında hərbi xidməti başa vuraraq geri qayıtmış və Bakıda bərbər işləməyə başlamışdır. 2-ci Vətən müharibəsində, 2020-ci il 27 sentyabrdan etibarən başlayan müharibədə iştirak etmək üçün 30 sentyabr tarixində könüllü olaraq Lerik rayon Hərbi komissarlığında qeydiyyatdan keçərək kəşfiyyatçı kimi müharibədə iştirak etmiş, düşmənə sarsıdıcı zərbələr endirmiş və xeyli sayda canlı qüvvəsini məhv etmişdir.

Döyüşdə böyük şücaət göstərən qəhrəman Ağamid Ağacəfərli Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçməklə 26 oktyabr 2020-ci il tarixində Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhidimizin nəşi doğulduğu Lerik şəhərinə gətirilərək orada torpağa tapşırılır. 

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Lerik şəhərində anadan olan könüllü əsgər Ağamid Şirzaid oğlu Ağacəfərli ölümündən sonra "Füzulinin azad olunmasına görə", "Vətən uğrunda" və "İgidliyə görə" medalları ilə təltif edilmişdir. Allah rəhmət eləsin. Vətən sağ olsun!

                        Ambur.az 

Oxşar xəbərlər