QƏHRƏMANLAR UNUDULMUR- Şəhid Səməndər İsgəndərov

16 Dek 2020 17:38
1233

Səməndər Vahid oğlu İsgəndərov 1996-cı ildə fevral ayının 23-də Masallı rayonunun Sərçuvar kəndində anadan olmuşdur. Ailədə 2 qardaş və bir bacı olmaqla 5 nəfər olublar. Orta təhsilini şəhid Məmmədov Səfəralı adına Sərçuvar kənd tam orta məktəbində almışdır. Atası Vahid kişi təkər ustası işlədiyinə görə Səməndər də oxuya-oxuya atasına kömək etmək məqsədi ilə yanında işləyirdi. Həm dost-tanışları arasında, həm də məktəbdə sinif müəllimlərinin və şagirdlərinin hörmətini qazanan Səməndər skripka üzrə musiqi təhsili də almışdır.

İsgəndərov Səməndər 2017-ci ildə Masallı rayon Hərbi komissarlığına çağırılaraq hərbi xidmətə yola salınır. Hərbi xidmətdə topçu olmuşdur. 2018-ci ildə hərbi xidmətini başa vurduqdan sonra evinə, ailəsinin yanına qayıtmışdır. Dinə, İslama dərindan bağlı olan Səməndər evinə qayıtdıqdan bir müddət sonra Məşhəd və Kərbəla ziyarətinə gedir. Nə vaxtsa şəhid xəbəri eşidəndə, görəndə həmişə arzulayardı ki, Allah (c) onu da İmam Huseyin (s) kimi şəhidlik məqamına ucaltsın.

27 sentyabr 2020-ci il tarixində başlanan, Vətən müharibəsi adlandırılan 2-ci Qarabağ müharibəsində iştirak etmək üçün 21 sentyabr tarixində Masallı rayon Hərbi komissarlığına çağırılır, qeydiyyatdan keçirilir və müharibə başlayan ilk gündən döyüşə yola salınır.  Bir çox rayon və kəndlər istiqamətində gedə şiddətli döyüşlərdə qəhrəmanlıq və igidlik göstərən İsgəndər düşmənin xeyli sayda canlı qüvvəsini məhv etmiş və itkimizin az olması üçün yaralı əsgərlərimizi döyüş meydanından çıxarmaqdan ötrü əlindən gələni əsirgəməmişdir.

Döyüşdə böyük şücaət göstərən qəhrəman Səməndər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçməklə Şuşa uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhidimizin nəşi 12 noyabrda doğulduğu Masallı rayonunun Sərçuvar kəndinə gətirilir və orada torpağa tapşırılır. Şəhidimiz 6 ay idi ki, nişanlı idi. Allah rəhmət eləsin. Vətən sağ olsun!


 

Oxşar xəbərlər