QƏHRƏMANLAR UNUDULMUR- Şəhid Məmmədzadə qardaşları

21 Dek 2020 13:05
592

Vətən müharibəsinin ilk günlərində cəbhəyə bərabər yollanan, çiyin-çiyinə döyüşən, eyni gündə, eyni saatda qəhrəmancasına şəhid olan 22 yaşlı İman və 20 yaşlı Bəhram Məmmədzadə qardaşları adlarını Azərbaycanın döyüş tarixinə şərəflə yazdırdılar. 

İman Elman oğlu Məmmədzadə 14 sentyabr 1998-ci ildə Lerik rayonunun Kəlvəz kəndində anadan olmuşdur. 2 qardaş olmaqla ailədə 4 nəfər olublar. Sonradan Rusiyaya köç etmiş və orta təhsilini orada almışdır. Orta təhsilini başa vurduqdan sonra Azərbaycana geri qayıdır. Daim özünə hərbçi olmağı arzulayan İman 2019-cu ildə iyun ayının 11-də Vətənə olan borcunu ödəmək üçün həqiqi hərbi xidmətə çağırılır və Qusar rayonunun "N" saylı hərbi hissəsinə yola salınır. 

Vətən mühribəsi adlandırdığımız 2020-ci il 27 sentyabrdan etibarən başlayan II Qarabağ müharibəsində fəal iştirak etmiş, düşmənə sarsıdıcı zərbələr endirmiş və xeyli sayda canlı qüvvəsini məhv etmişdir. Dəfələrlə ərzaq göndərilməsi çətin olan yerlərə ərzaq daşımaqda kömək olan İman neytral ərazidən 10-dan çox şəhid nəşi çıxarmışdır. Qubadlı, Füzuli, Hadrut istiqamətlərində gedən döyüşlərdə iştirak edən və böyük şücaət göstərən qəhrəman İman 27 oktyabr 2020-ci ildə Xankəndində yerləşən Qırmızı bazar adlanan yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 

Şəhid İmanın kiçik qardaşı Bəhrəm isə 18 aprel 2000-ci ildə Lerik rayonunun Kəlvəz kəndində anadan olmuşdur. Bəhrəm də həmçinin orta təhsilini Rusiyada alır. Təhsilini başa vurduqdan sonra Azərbaycana geri qayıdır. 2019-cu ildə iyun ayının 11-də qardaşı İman ilə birgə Vətənə olan borcunu ödəmək üçün həqiqi hərbi xidmətə çağırılır və o da Qusar rayonunun "N" saylı hərbi hissəsinə yola salınır. II Qarabağ müharibəsində fəal iştirak etmiş, düşmənə sarsıdıcı zərbələr endirmiş və xeyli sayda canlı qüvvəsini məhv etmişdir. Bəhram dəfələrlə ərzaq göndərilməsi çətin olan yerlərə qardaşı ilə birgə ərzaq daşımaqda kömək olmuş və şiddətli döyüş zamanı neytral ərazidən bir çox şəhid nəşi çıxarmışdır. Qubadlı, Füzuli, Hadrut istiqamətlərində gedən döyüşlərdə iştirak edən və böyük şücaət göstərən qəhrəman Bəhram qardaşı İman ilə birgə eyni gündə, eyni saatda çiyin-çiyinə vuruşaraq 27 oktyabr 2020-ci ildə Xankəndində yerləşən Qırmızı bazar adlanan yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.

Atası Elman kişinin dediklərinə görə, "İman və Bəhram qardaşlarının bir-birinə bağlılığı həddindən artıq çox idi. Mən deməzdim ki, onlar qardaşdır. Onlar həm dost, həm qardaş idilər. Aralarında iki yaş fərqi olmasına baxmayaraq, qonşuları, müəllimləri, hətta komandirləri belə onların əkiz olduğunu düşünərmiş. Yəni onlar bir-birinə çox bağlı idilər".  

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları, Lerik rayonunun Kəlvəz kəndində anadan olan İman və Bəhram Elman oğulları ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunublar. Allah qəhrəman şəhid qardaşlara rəhmət eləsin. Vətən sağ olsun!
               Ambur.az

Oxşar xəbərlər