QƏHRƏMANLAR UNUDULMUR- Şəhid Axundzadə Kənan

24 Dek 2020 14:08
1432

Kənan Hamil oğlu Axundzadə 02 avqust 1994-cü ildə Lənkəran rayonunun Girdəni kəndində anadan olmuşdur. 2000-ci ildə Lənkəran rayon Girdəni kənd tam orta məktəbin birinci sinifinə getmiş və 2011-ci ildə həmin məktəbin 11-ci sinifini başa vurmuşdur. Orta təhsilini başa vurduqdan sonra 2013-cü ilin aprel ayında Lənkəran şəhər Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır və Vətənə xidmətə yola salınır. Xidmətini Murov dağlarında kəşfiyyatçı kimi aparmış və 2014-cü ilin oktyabr ayında xidmətini başa vurduqdan sonra ehtiyyata buraxılmışdır.

Yenidən hərbiyə qayıtmaq, müddətdən artıq xidmət edən hərbi qulluqcu kimi vətənə qulluq etmək istəyir, bu dəfə isə atasının qəflətən dünyasını dəyişməsi onu da planlarını dəyişməyə vadar edir. Ailədəki iki qadını- anasını və bacısını indilik tək qoyub getmək də alınmırdı. Bir müddət müxtəlif obyetklərdə mühafizəçi kimi çalışır, amma hərbidə işləmək həvəsi onu bir an belə buraxmır- eyni zamanda lazım olan sənədləri də toplayıb aidiyyatı orqanlara müraciət edərək qeydiyyatdan keçməyə nail olur. Nəhayət, çoxsaylı müraciətlərinə 2020-ci ilin avqustunda cavab gəlir- Kənan avqustun 19-dan Beyləqanda 40 günlük təlim kurslarına qatılır və kursu bitirən kimi cəbhəyə yollanır. 

2020-ci il 27 sentyabrdan etibarən başlayan II Qarabağ müharibəsində bir atıcı kimi Kənan Füzuli və Xocavənd uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş, düşmənə sarsıdıcı zərbələr endirmiş və xeyli sayda canlı qüvvəsini məhv etmişdir. Qəhrəman Kənan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçməklə 31 oktyabr 2020-ci il tarixində Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Şəhidimizin nəşi doğulduğu Lənkəran rayonunun Girdəni kəndinə gətirilərək orada torpağa tapşırılır. 

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Kənan Hamil oğlu Axundzadə ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilir. Allah rəhmət eləsin. Vətən sağ olsun! 
                                    Ambur.az

Oxşar xəbərlər