QƏHRƏMANLAR UNUDULMUR- Şəhid Divizyon Qərərgah rəisi, mayor Ramil Ağayev

26 Dek 2020 19:38
1201

Ramil Mərdan oğlu Ağayev 20 dekabr 1984-cü ildə Lerik şəhərində anadan olmuşdur. 3 qardaş 1 bacı olmaqla ailədə 6 nəfər olublar. Uşaqlıq illəri doğulduğu Lerik şəhərində keçmişdir. 1990-cı ildə Azərbaycanın ilk Milli Qəhrəmanı, şəhid Valeh Müslümov adına Lerik şəhər 2 saylı tam orta məktəbinin birinci sinifinə daxil olmuş və 2001-ci ildə həmin məktəbin 11-ci sinifini başa vurmuşdur. Orta təhsilini başa vurduqdan sonra həmin ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə sənədlərini vermiş və imtahandan keçə bilməmişdir. 2002-ci ildə yenidən sənədlərini verərək imtahandan keçmiş və Raket və Artilleriya Qoşunları və Artilleriya ixtisasını oxumuş və 26 iyun 2006-cı ildə həmin məktəbi başa vurmuşdur. Ramil 2006-cı ildə ailə həyatı qurmuş və işi ilə əlaqədar uzun müddət kirayə qalmışdır. 2013-cü ildə Sumqayıt şəhərində ev almış və ailəvi olaraq ora köçmüşdür.

2007-ci ildə isə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Ehtiyat Zabit Hazırlığı kursunu müvəffəqiyyətlə bitirərək Müdafiə nazirinin əmri ilə leytenant hərbi rütbəsi verilərək Mingəçevir şəhərində "N" saylı hərbi hissəyə göndərilir. 
2007-2010-cu illərdə leytenant rütbəsi ilə Mingəçevir şəhərində "N" saylı hərbi hissədə xidmət etmişdir.
2009-cu ildə leytenant rütbəsindən baş leytenant rütbəsinə qalxmışdır.
2010-cu ilin fevral ayından noyabr ayına qədər Gəncə şəhərində "N" saylı hərbi hissədə xidmət etmişdir.
2010-cu ilin noyabr ayından 2016-cı ilin may ayına qədər Murovdağ silsiləsində xidmət etmişdir.
2015-ci ildə baş leytenant rütbəsindən kapitan rütbəsinə qalxmışdır.
2016-cı ilin may ayından noyabr ayına qədər Naftalan şəhərində "N" saylı hərbi hissədə xidmət etmişdir. 

2016-ci ilin aprel döyüşlərində göstərdiyi xüsusi qəhramlığına görə 2017-ci ilin mart ayında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən baş leytenant Ramil Ağayevə vaxtından əvvəl mayor rütbəsi verilir.
2016-cı ilin noyabr ayından 2017-ci ilin dekabr ayına qədər Beyləqan şəhər "N" saylı hərbi hissədə xidmət etmişdir.
2017-ci ilin dekabr ayından 2020-ci ilin yanvar ayına qədər Ağcabədi rayon "N" saylı hərbi hissədə Divizyon Qərərgah rəisi vəzifəsində xidmət etmişdir.
2020-ci ilin yanvar ayından etibarən Beyləqan şəhər "N" saylı hərbi hissədə xidmətini davam etməyə başlayır. 

27 sentyabr 2020-ci il tarixində başlayan və 44 gün davam edən II Qarabağ müharibəsində Divizyon Qərərgah rəisi, mayor Ağayev Ramil döyüşə qatılır, Cəbrayılın alınmasında xüsusi qəhrəmanlıq göstərir. Mayor Ramil Ağayev daim öndə vuruşmuş, dəfələrlə öz həyatını təhlükəyə ataraq düşmən nəzarətində olan yaralı hərbiçilərimizi çıxarmaqla onların həyatını xilas etmiş, şəxsi heyətin itkilərinin az olması üçün əlindən gələni etmişdir.

Düşmənin 12 tankını məhv etmiş, sarsıdıcı zərbələr endirmiş və xeyli sayda canlı qüvvəsini məhv etmiş igid komandir Ağayev Ramil Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçməklə 8 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olur. 

Ramil şəhid olmamışdan öncə ailəsinə "əgər mən şəhid olsam, məni doğulub boya-başa çatdığım Lerik şəhərində torpağa tapşırarsınız" -vəsiyyətini etmişdi. Bəli, elə də oldu. Qəhrəman şəhidimizin nəşi öz vəsiyyəti ilə 9 oktyabr 2020-ci ildə doğulub-boya başa çatdığı Lerik şəhərinə gətirilir və orada torpağa tapşırılır. 2 qız övladını- 2007-ci il doğumlu Aysu və 2008-ci il doğumlu Zəhranı xalqımıza əmanət qoyur. 

Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Lerik şəhərində anadan olan Divizyon Qərərgah rəisi, mayor Ramil Mərdan oğlu Ağayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" və  "Vətən uğrunda" medalları ilə təltif edilmişdir. Bundan öncə isə o, III dərəcəli "Qüsursuz xidmətə görə" medalı, II dərəcəli "Qüsursuz xidmətə görə" medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə təltif edilmişdir. Allah rəhmət eləsin. Vətən sağ olsun!
                            Ambur.az

Oxşar xəbərlər