QƏHRƏMANLAR UNUDULMUR- Şəhid mayor Əhədzadə İlkin

27 Dek 2020 00:53
399

İlkin Qələmşah oğlu Əhədzadə 26 iyun 1985-ci ildə Bakı şəhərində anadan olmuşdur. 3 qardaş olmaqla ailədə 5 nəfər olublar. Uşaqlıq illəri doğulduğu Bakı şəhərində keçmişdir. 1992-ci ildə Bakı şəhər 51 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olmuş və 2000-ci ildə həmin məktəbin 8-ci sinifini başa vurmuşdur. Həmin ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olmuş və 2003-cü ildə liseyi bitirmişdir. 

2003-2007-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində oxumuşdur.
2007-2008-ci illərdə illərdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Ehtiyat Zabit Hazırlığı kursunu müvəffəqiyyətlə bitirərək Müdafiə nazirinin əmri ilə leytenant hərbi rütbəsi verilir və Gəncə şəhərinə "N" saylı hərbi hissəyə göndərilir.
2009-2014-cü illərdə Ağdam rayonunda "N" saylı hərbi hissədə xidmət etmişdir. 
2010-cu ildə leytenant rütbəsindən baş leytenant rütbəsinə yüksəlmişdir.
2014-2015-ci illərdə Naftalan şəhərində "N" saylı hərbi hissədə xidmət etmişdir. 
2015-ci ildə baş leytenant rütbəsindən kapitan rütbəsinə yüksəlmişdir.

2015-2016-cı illərdə Goranboy rayonunda "N" saylı hərbi hissədə xidmət etmişdir. 
2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı olmuşdur.
2016-2017-ci illərdə Qazax rayonunda "N" saylı hərbi hissədə xidmət etmişdir. 
2017-ci ildən 2019-cu ilin dekabr ayına qədər Şəmkir rayonunda həmlə batalyonunda xidmət etmişdir.
2019-cu ildən 2020-ci il oktyabr ayının 1-nə qədər Şəmkir rayon "N" saylı hərbi hissədə xidmət etmişdir.
2020-ci ilin iyun ayında kapitan rütbəsindən mayor rütbəsinə yüksəlmişdir.

İlkin Əhədzadə nümunəvi xidmətinə görə bir çox medallarla -III dərəcəli "Qüsursuz xidmətə görə" medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə təltif edilmişdir. 

27 sentyabr 2020-ci il tarixində başlayan və 44 gün davam edən II Qarabağ müharibəsində tabor komandirinin müavini, mayor İlkin Əhədzadə döyüşə qatılır, Kəlbəcərin alınmasında xüsusi qəhrəmanlıq göstərir. Mayor İlkin Əhədzadə bir tabor komandiri kimi daim öndə vuruşmuş, düşmənə sarsıdıcı zərbələr endirmiş, xeyli sayda canlı qüvvəsini məhv etmişdir. İgid komandir Əhədzadə İlkin Kəlbəcər istiqamətində üç post ələ keçirmiş və həmin postlara təminat apardığı zaman 1 oktyabr 2020-ci ildə qəhrəmancasına şəhid olmuşdur. Şəhidin nəşi Bakı şəhərinə gətirilərək II Fəxri Xiyabanda torpağa tapşırılır. Şəhidimiz ailəli idi, 2 qızını və 1 oğlunu xalqımıza əmanət qoydu. 

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqında Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, şəhid tabor komandiri, mayor İlkin Qələmşah oğlu Əhədzadə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib. Allah qəhrəman komandir, mayor İlkin Əhədzadəyə rəhmət eləsin. Vətən sağ olsun! 

                                         Ambur.az

Oxşar xəbərlər