QƏHRƏMANLAR UNUDULMUR- Şəhid Həsənağa Şirvani

30 Dek 2020 16:10
66

Həsənağa Bəhruz oğlu Şirvani 23 aprel 2002-ci ildə Bakı şəhəri, Xəzər rayonunun Binə qəsəbəsində anadan olmuşdur. Uşaqlıq illərdi doğulduğu Binə qəsəbəsində keçmişdir. 2008-ci ildə Bakı şəhəri, Binə qəsəbəsi şəhid Rəşid Baxışov adına 218№-li tam orta məktəbinin 1-ci sinifinə daxil olmuş və 2019-cu ildə həmin məktəbin 11-ci sinifini başa vurmuşdur.

Həsənağa təhsilini başa vurduqdan sonra Xəzər rayonu Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır və Goranboy rayonu, Murovdağ istiqamətində yerləşən "N" saylı hərbi hissəyə göndərilir. Vətən müharibəsi adlandırdığımız II Qarabağ müharibəsinin ilk günündə düşmənə sarsıdıcı zərbələr endirən Həsənağa 27 sentyabrda Murovdağ istiqamətində gedən şiddətli döyüşlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçməklə qəhrəmancasına şəhid olmuşdur. 

Özünə hərbçi olmağı arzulayan igid əsgərin Babası Faiq kişi xatırlayır: "Həsənağa çox zaman özündən böyüklərlə həmsöhbət olardı. Deyərdi ki, böyüklərlə həmsöhbət olanda, onlardan nəsə öyrənirəm. Həm evdə, həm məktəbdə, həm də əsgər yoldaşlarının arasında böyük sevgi, məhəbbət qazanmışdı". Anası Şəfəq xanım isə deyir ki, "Həsənağanın sinif yoldaşları deyir ki, Həsən bizi o qədər sinifdə güldürürdü ki... Əhval-ruhiyyəmizin olmayan bir vaxtında, bir məqamında Həsən elə bir söznən, elə bir kəlməynən sinifi elə ruhlandırırdı, ayağa qaldırırdı ki..."  

Şəhidimiz iki ayın əsgəri idi. Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Bakı şəhəri, Binə qəsəbəsində anadan olan şəhid əsgər Həsənağa Bəhruz oğlu Şirvani ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Allah rəhmət eləsin! Vətən sağ olsun!

Oxşar xəbərlər