QƏHRƏMANLAR UNUDULMUR- Şəhid Dadaşlı Orxan

31 Dek 2020 15:15
435

 

Orxan Elxan oğlu Dadaşlı 25 yanvar 1997-ci ildə Lənkəran rayonunun Darquba kəndində anadan olmuşdur. 2 qardaş olmaqla ailədə 4 nəfər olublar. Orxanın hələ 9 yaşı olarkən anası dünyasını dəyişir. İki oğlan uşağına baxmağın çətinliyindən atası Elxan kişi yenidən ailə həyatı qurmağa məcbur olur. Orxan doğma anasını itirsə də atasının ailə qurduğu Gülarə xanım ona və qardaşına əsl ana qədər sevgi və qayğı bəsləyir. Uşaqlıq illəri doğulduğu Darquba kəndində keçmişdir. 2002-ci ildə Lənkəran şəhər 8 saylı tam orta məktəbinin 1-ci sinifinə daxil olur və 2013-cü ildə həmin məktəbin 11-ci sinifini başa vurur. Orta təhsilini başa vurduqdan bir müddət Lənkəran şəhər avtomobil məktəbində süçücülük kursu keçmişdir. Dadaşlı  Orxan 2014-cü il yanvar ayının 26-da Lənkəran şəhər Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır və Gədəbəy rayonunda yerləşən "N" saylı hərbi hissəyə göndərilir. Xidməti dövründə atıcı-snayper kimi xidmət edir. 2015-ci ildə xidmətini başa vurduqdan sonra evinə qayıdır və evinə kömək etmək məqsədi ilə avtomobil ustası işləməyə başlayır. 
2020-ci il 27 sentyabrdan etibarən başlayan II Qarabağ müharibəsində iştirak etmək üçün 28 sentyabr tarixində könüllü olaraq Lənkəran rayon Hərbi komissarlığından qeydiyyatdan keçərək müharibədə iştirak edir. Oktyabr ayında mərmi yarası alır və hospitala yerləşdirilir. 10 gün hospitada müalicə aldıqdan sonra yarasının ağır olmasına baxmayaraq yenidən cəbhəyə -döyüş yoldaşlarının yanına qayıdır. Cəbrayılın və Şuşanın alınmasının fəal iştirakçısı olan qəhrəman Orxan noyabr ayının 7-də Şuşa uğrunda gedən ağır döyüşlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçməklə qəhrəmancasına şəhid olur.
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, könüllü əsgər şəhid Orxan Elxan oğlu Dadaşlı ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilir. Allah rəhmət eləsin. Vətən sağ olsun!

Oxşar xəbərlər