QƏHRƏMANLAR UNUDULMUR- Şəhid Nahid Məmmədov

02 Yan 2021 19:43
766

Nahid Vahid oğlu Məmmədov 11 iyun 1996-cı ildə Xəzər rayonu Binə qəsəbəsində anadan olmuşdur. 2 qardaş 1 bacı olmaqla ailədə 5 nəfər olublar. Uşaqlıq illərini doğulduğu qəsəbədə keçirmiş Nahid orta təhsilini də qəsəbədə yerləşən şəhid Rasim Sadıqov adına 136 saylı tam orta məktəbində almışdır. Orta təhsilini başa vurduqdan sonra Azərbaycan Memarlıq və İnşaat Universiteti nəzdində fəaliyyət göstərən İnşaat kollecində təhsil almışdır.

Nahid 2014-cü ildə Xəzər rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və Ağdam rayonunun sərhəd kəndlərinin birində yerləşən "N" saylı hərbi hissəyə göndərilmişdir. Xidmət etdiyi dövrdə baş atıcı kimi xidmət etmiş və göstərdiyi nizam-intizama görə təşəkkürnamə ilə təltif edilmişdir.  

2020-ci il 27 sentyabrdan etibarən II Qarabağ müharibəsi başladığı zaman Azərbaycanda qismən səfərbərlik elan edildikdən sonra Nahid müharibədə iştirak etmək üçün 29 sentyabr tarixində könüllü olaraq Xəzər rayon Hərbi komissarlığdan qeydiyyatdan keçir və müharibədə iştirak etməyə yollanır. Döyüşə yollandıqdan iki gün sonra Nahid Suqovuşan uğrunda gedən döyüşlərə qatılır. 03 oktyabr tarixində Suqovuşan işğaldan azad edildikdən sonra Nahid də döyüş yoldaşları ilə birgə Ağdərə istiqamətində gedən döyüşlərə qatılır və 14 oktyabr 2020-ci il tarixində Ağdərə istiqamətində gedən şiddətli döyüşlərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçməklə qəhrəmancasına şəhid olur. 

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Xəzər rayonunun Binə qəsəbəsində anadan olan şəhid - könüllü əsgər Nahid Vahid oğlu Məmmədov ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medallarıı ilə təltif edilir. Allah rəhmət eləsin! Vətən sağ olsun!

                        Ambur.az

Oxşar xəbərlər