QƏHRƏMANLARIMIZI TANIYAQ- Mirzəyev Şövqi və oğlu Mirzəzadə Eşqin

27 Noy 2020 05:49
2048

Şövqi Allahverən oğlu Mirzəyev 16 oktyabr 1978-ci ildə Lerik rayonunun Mastail kəndində, müəllim ailəsində anadan olmuşdur. Uşaqlıq illəri doğulduğu  Mastail kəndində keçmişdir. Onun dediklərinə görə uşaqlığı indiki uşaqların uşaqlığı kimi yox, çox gözəl, xoş və marağlı keçmişdir. Ailədə 10 uşaq, 7 qardaş və 3  bacı olaraq böyüyüblər. 1985-ci ildə Mastail kənd 8 illik məktəbin 1-ci sinfinə getmişdir. 1995-ci ildə şəhid Ə.S.Məmmədov adına Mastail kənd tam orta məktəbin 11-ci sinifini bitirmişdir. Orta məktəbi bitirdikdən sonra, ondan böyük qardaşları xidmətdə olduğuna görə atasına kömək etmək məqsədi ilə Bakı şəhərində xırda ticarətlə məşğul olmuşdur. 01 yanvar 1997-ci ildə Şövqi Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə yola salınır. 31 may 1999-cu ildə xidmətini bitirdikdən sonra evinə qayıtmış və bir sıra işlərlə məşğul olmuşdur.

Vətənə sevgisi, məhəbbəti güclü olduğundan könüllü olaraq yenidən hərbi xidmətə geri dönmək istəyən Şövqi 17 mart 2006-cı ildən başlayaraq Silahlı Qüvvələrdə MAXE kimi xidmətə başlayır. 28 aprel 2010-cu ildə Müdafiə nazirinin müvafiq əmri ilə Goranboy rayonunun Gülüstan kəndində yerləşən "N" saylı hərbi hissəyə göndərilib. 2015-ci ildə xidməti zərurətlə əlaqədar Tərtər rayonunun Sarov kəndində yerləşən "N" saylı hərbi hissəyə göndərilib. 2016-cı il aprel döyüşlərinin iştirakçısı olan Şövqi Tapqaraqoyunlu və Talış istiqamətlərində gedən döyüşlərdə yüksək şücaət və qəhrəmanlıq göstərmişdir. 19 fevral 2020-ci ildə xidmət yeri dəyişilərək Goranboy rayonunun Ağcakənd kəndində yerləşən "N" saylı hərbi hissəyə göndərilir.  2020-ci il 27 sentyabrdan etibarən başlamış II Qarabağ müharibəsində Talış, Suqavuşan, Ağdərə və Murovdağ istiqamətlərində gedən ağır döyüşlərdə yüksək igidlik və rəşadətlə döyüşmüş, düşmənə sarsıdıcı zərbələr endirmiş və xeyli sayda canlı qüvvəni məhv etmişdir.

Çavuş Mirzəyev nümunəvi xidmətinə görə III dərəcəli "Qüsursuz xidmətə görə" medalı, II dərəcəli "Qüsursuz xidmətə görə" medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə təltif edilmişdir. Hal-hazırda Qubadlı rayonunda xidmətini davam etdirir. Şövqi Mirzəyev ilə yanaşı onun oğlu Eşqin də II Qarabağ müharibəsinin iştirakçısıdır. Yəni ata-oğul bu müharibədə iştirak etmiş və düşmənə qarşı çiyin-çiyinə vuruşmuşlar. 

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Lerik rayonunun Mastail kəndində anadan olan çavuş Şövqi Allahverən oğlu Mirzəyev "Suqovuşanın azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilmişdir.

Eşqin Şövqi oğlu Mirzəzadə 15 fevral 2002-ci ildə Lerik rayonunun Mastail kəndində anadan olmuşdur. Uşaqlıq illəri Lerik rayonunda keçmişdir. Atası hərbçi olduğuna görə 10 sentyabr 2019-cu ildə Naftalan şəhərinə köçmüş və orada yaşamışdır. Orta təhsilini 2010-cu ildən 2015-ci ilə qədər Naftalan şəhər İ.Nəsimi adına 1№"li tam orta məktəbində alan Eşqin 2015-ci ildən 2019-cu ilədək Gəncə şəhərində, Kəpəz klubunun futbol təmayüllü məktəbində təhsilini davam etmiş və 2019-cu ildə orta təhsilini bitirmişdir.

Futbola böyük marağı olan Eşqin futbolla məşğul olmuşdur. 04 may 2020-ci ildə həqiqi hərbi xidmətə getmişdir. Xidmətini Sumqayıt şəhərində "N" saylı hərbi hissədə başlamışdır. 2020-ci ilin iyul ayında Xüsusi Təyinatlı Qüvvələrdə xidmətini davam etməyə başlayan Eşqin 27.09.2020-ci il tarixindən II Qarabağ müharibəsinə qoşulmuş, Füzuli, Qubadlı, Zəngilan istiqamətlərdə gedən ağır döyüşlərdə iştirak etmişdir.

20 oktyabr 2020-ci il tarixində Laçın istiqamətində gedən döyüşlərdə yaralanan Eşqin bir müddət Saatlı və Göygöl rayon mərkəzi xəstəxanalarında müalicə aldıqdan sonra 05 noyabr 2020-ci il tarixində yenidən döyüşlərə qatılmış, Şuşa şəhərində gedən döyüşlərdə iştirak etmişdir. Hal-hazırda Şuşa şəhərində xidmətini davam etdirir.

Prezident İlham Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında Sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Lerik rayonunun Mastail kəndində anadan olan Eşqin Şövqi oğlu Mirzəzadə "Cəbrayılın azad olunmasına görə" və Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. Allah hər ikisini qorusun. Fəxr edirik!
                     Ambur.az

Oxşar xəbərlər