QƏHRƏMANLARIMIZI TANIYAQ- Şəhid Ramazanov Rövşən

13 Dek 2020 17:23
1682

Rövşən Qardaşxan oğlu Ramazanov 14 aprel 1995-ci ildə Astara rayonunun Burzubənd kəndində anadan olmuşdur. Ailədə 7 nəfər olmaqla 3 bacı və 2 qardaş olaraq böyüyüblər. Uşaqlıq illəri doğulduğu Burzubənd kəndində keçmişdir. Anası kimya fənni, atası isə coğrafiya fənni üzrə müəllim vəzifəsində işləyirdi. 2001-ci ildə Astara rayonunun Burzubənd kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olmuş və 2012-ci ildə həmin məktəbin 11-ci sinifini başa vurmuşdur.

Orta təhsilini başa vurduqdan sonra 2013-cü ilin iyul ayında Astara rayon Hərbi komissarlığı tərəfindən həqiqi-hərbi xidmətə çağırılır və Ağcabədi rayon "N" saylı hərbi hissəyə göndərilir. 3 ay Ağcabədi rayon "N" saylı hərbi hissədə qalan Rövşən daha sonra Ağdam rayon "N" saylı hərbi hissəyə göndərilir və orada xidmətini davam etdirir. Hərbi Xidməti dövründə PK silahının baş tuşlayıcısı olmuşdur. 2015-ci ilin yanvar ayında xidmətini başa vuraraq evinə geri qayıdır.

2-ci Vətən müharibəsində, 2020-ci il 27 sentyabrdan etibarən başlayan Vətən müharibəsində oktyabr ayının 9-da könüllü olaraq iştirak etmiş və Zəngilan, Qubadlı istiqamətlərində gedən şiddətli döyüşlərdə iştirak etmişdir. Düşmənin xeyli sayda canlı qüvvəsini məhv edən Rövşən Ramazanov 2020-ci il oktyabr ayının 27-də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçməklə qəhrəmancasına şəhid olur. Noyabr ayının 1-də şəhidin nəşi  doğulub boya-başa çatdığı Astara rayonunun Burzubənd kəndinə gətirilərək orada torpağa tapşırılır. Şəhidimiz subay idi. Atası Qardaşxan müəllim oğlunun yoxluğuna tab gətirməyərək dekabr ayının 2-də dünyasını dəyişir. Allah rəhmət eləsin! Vətən sağ olsun!

Oxşar xəbərlər