Qəhrəmanlıq tarixi yazan hərbi həkim - Polkovnik Əbülfət Həmidov

27 Noy 2021 15:20
199

Dünyalarca məşhur akademik Qavril İlizarovun yetirməsi, ehtiyatda olan hərbi həkim polkovnik Əbülfət Həmidov İkinci Qarabağ müharibəsinin 35 günündə 300-dən çox ağır yaralı əsgərimizi xilas edib. Bu nə kino, nə də əfsanədir, azərbaycanlı hərbi həkimin yazdığı qəhərəmanlıq tarixidir.

Məşhur Şotlandiya yazıçısı və şairi Robert Lyuis Stivenson yazır: “Vətənpərvərlik emosiyaların püskürməsi yox, bütün həyat boyu yaşanan təmkinli və möhkəm sadiqlikdir”. Vətənpərvərlik şəxsiyyətin ən ülvi və müqəddəs keyfiyyətlərindən biridir. Bu insani keyfiyyət nə bitər, nə tükənər. Çünki insanın vətənpərvərlik hissi zamanla formalaşmır. Bu insanın təbiətindən, daxilindən, hətta deyərdim genindən gəlir.  

İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən sonra hər hansı məclisdə bu mövzuda müzakirələr açılanda ilk yadıma düşən uzun müddət yaxından tanıdığım, dərin hörmət bəslədiyim, hazırda ehtiyatda olan hərbi həkim, travmatoloq-ortoped cərrah, polkovnik Əbülfət Həmidov olur. İşində, peşəsində son dərəcə məsuliyyətli və elə buna görə də emosional, çılğın görünən Əbülfət doktor vətənpərvərlikdən söz düşəndə, sanki həmin adam olmur. Söhbətə müdaxilə etmədən sakit, təmkinli və bitərəf müşahidəçiyə çevrilir. Amma Əbülfətin həyat tarixçəsini vərəqləyərkən, qarşında mənəviyyatı və xarakteri vətənpərvərliklə yoğrulan kamil bir şəxsiyyət canlanır. Onun şəxsi həyatının hər məqamının, peşəsi ilə bağlı xidmətlərinin hər birinin arxasından Vətənə, xalqa böyük sevgi və məhəbbət boy verir.

Əbülfət Həmidov 1959-cu il mayın 3-də Lerik rayonunun Çayrud kəndində, respublikanın meşə təsərrüfatı sahəsində ali təhsilli mütəxəssis kimi tanınan Gülhəsən kişinin ailəsində dünyaya göz açıb. Uşaq yaşlarında anası Fəri xanımın tez-tez xəstələndiyini görən və daxilən buna çox narahat olan Əbülfət həkim olacağını qərarlaşdırır və orta məktəbi bitirən kimi bu istəyinin ünvanına yola çıxır. Əvvəlcə Bakı şəhər tibb texnikumuna daxil olur. Orta ixtisas təhsilini uğurla başa vurandan sonra iki illik hərbi xidmətə yollanır. Hərbi xidmətdən dərhal sonra yüksək ixtisaslı həkim olmaq arzusunu həyata keçirmək üçün Rusiya Federasiyasının Qırmızı Əmək Bayrağı Ordenli Novosibirsk Dövlət Tibb İnstitutuna daxil olur. Elmi biliklərin dərinliklərinə baş vurduqca həkimlik peşəsinin məsuliyyətini daha dərindən dərk edən Əbülfət gecəli-gündüzlü özünün bütün vaxtını fundamental tibbi biliklərin öyrənilməsinə sərf edir.

1988-ci ildə institutda təhsilini uğurla başa vurduqdan sonra Əbülfət elə həmin il Rusiyanın Kurqan şəhərində Q. İlizarov adına Ortopediya və Travmatologiya Elmi-Tədqiqat İnstitutunda həkimlik fəaliyyətinə başlamaqla yanaşı, iki illik kliniki ordinatura təhsili alır. Azərbaycanlı tələbə elə ilk gündən, xarici mətbuatın “ortopediyanın Mikelancelosu” adlandırdığı, Azərbaycanın Qusar rayonunda böyümüş yəhudi əsilli akademik Qavril Abramoviç İlizarovun travmatologiya və ortopediyada inqilabi sıçrayışa səbəb olan müalicə metodlarını son dərəcə böyük həvəslə öyrənməyə başlayır. O, ordinatura təhsilini başa vuranda, artıq bütün dünyada məşhur olan Rusiyanın bu ali tibb müəssisəsində çox ümidverici mütəxəssis kimi alimlərin diqqətini çəkir. Tələbə yoldaşları danışır ki, Əbülfətə diplom təqdim ediləndə bütün institut tələbələri ayağa qalxıb onu latın dilində “Seneks, Seneks”, yəni “Müdrik, müdrik” deyə alqışlayırdılar. Bu isə ucqar bir kənddə dünyaya göz açmış, hələ peşə fəaliyyətinə tam başlamamış gənc bir azərbaycanlının ilk uğurlarından xəbər verirdi...

...Birinci Qarabağ müharibəsi başlayanda Əbülfət Azərbaycanda baş verənlərdən və xalqımıza qarşı olan ədalətsizliklərdən çox qəzəblənir. Yüksək təhsil almağa gəlsə də, bəzən özünün bu müharibədən kənarda qalmasına heç cür haqq qazandıra bilmir. Elə bu səbəbdən də o, 1992-ci ildə yay tətilinə çıxanda tələbə yoldaşı, həkim Ələkbər Həmidovla yolunu Bakıdakı hərbi hospitaldan salır. Buradakı vəziyyət ölkədən kənarda təhsil alan bu iki azərbaycanlı gənci çox mütəəssir edir. Hər ikisi tətili hərbi həkim-cərrah mütəxəssislərə böyük ehtiyacı olan hospitalda keçirir. Bununla kifayətlənməyən tələbə həkimlər növbəti ildə də istirahətə ayrılmış tətillərini bu hospitalda işləməyə həsr edirlər. Hətta 1993-cü ildə Qarabağ uğrunda gedən döyüşlərdə yeni formalaşmağa başlayan milli ordumuzun əsgərləri arasında yaralılar çox olduğu üçün Əbülfətin təklifi ilə onun təhsil aldığı Kurqan ETTOİ-dən həkim briqadası dəvət edilir. Bu iki tətildə Azərbaycanın hərbi səhiyyəsindəki boşluqları aydın görən Əbülfət qəti qərara gəlir ki, mütləq hərbi həkim olaraq Vətənə dönməli, bilik və bacarığını bu sahənin inkişafına, əsgərlərimizin sağlamlığının qorunmasına həsr etməlidir. 

Doktor etiraf edir ki, akademik İlizarovun müalicə metodlarını ən yüksək səviyyədə mənimsəmiş tələbələrdən biri kimi onun tibbin bu sahəsində elmi tədqiqatlar aparmaq, elmi iş götürüb alimlik dərəcəsi müdafiə etmək arzusu da, buna böyük şansı da olub. Hətta elmi iş üçün götürdüyü mövzuda dissertasiyası da müdafiə mərhələsində imiş. Üstəlik, təhsilini başa vurduqdan sonra öz ustadı hesab etdiyi Q. İlizarovun klinikasında çalışarkən ona xarici ölkədə yüksək maddi təminatlı iş təklifləri də gəlib. Amma bunların heç biri ürəyi Vətənin hərbi səhiyyə problemlərinin həllində iştirak etmək istəyi ilə döyünən gənc azərbaycanlı həkimi öz qərarından döndərə bilmir.

–Hərbi həkimlik təcrübəm olmasa da, bu peşənin nə qədər çətin və məsuliyyətli olduğu haqqında kifayət qədər bilgim var idi, – deyə Əbülfət təmkinlə söhbətə başlayır. – Hərbi həkim, travmatoloq-ortoped cərrah olmaq qərarına gələndən sonra isə bu peşə ilə bağlı çoxlu elmi ədəbiyyat oxumağa başladım. Oxuduqca bu peşənin həm də nə qədər xeyirxah və müharibə vəziyyətində yaşayan ölkəmiz üçün necə vacib olduğunu başa düşdüm.

Hərbi həkimlik həqiqətən çox məsul və vacib bir peşədir. Nahaqdan demirlər: “Bütün müharibələrin tarixi hərbi həkimlərin qəhrəmanlıq tarixidir”. Bəlkə elə buna görədir ki, hərbi həkim peşəsi tibb sahəsində həmişə xüsusi yer tutub. Orduda isə bu peşə sahibləri ən hörmətli insanlardan sayılıblar. Sıravi əsgərlərdən tutmuş, ən yüksək rütbəli zabitlərə qədər, hamı onlara ehtiramla yanaşıb və bu həkimləri ağıllı, ziyalı və istedadlı insanlar hesab ediblər.

Ömrünün ən məhsuldar dövrünün 42 ilini həkim peşəsinin şərəfini qorumağa həsr edən Əbülfət bunun 22 ilini hərbi həkim kimi fəaliyyət göstərib. Bu illər ərzində çox hadisələrin şahidi olub. Ona görə də mənimlə razılaşdı ki, həyatda taleyini hərbi həkim-cərrah peşəsi ilə bağlamaq istəyən, lakin elə ilk səhra əməliyyatlarından sonra dərhal bu sahədən qaçıb uzaqlaşan insanlar az olmayıb. Çünki real döyüş əməliyyatları gedən regionlarda fəaliyyət göstərən səhra hospitallarında ilk anlardan yaralı əsgərlərin axını ilə artmağa başlayan gərginliyə, ağır yaralıların iniltilərindən və bağırtılarından yaranan stressə, intensiv cərrahi əməliyyatlar aparmağa hər həkim dözə bilmir. Bunun üçün son dərəcə soyuqqanlı, təmkinli, dözümlü və peşəkar olmalısan. Əbülfət bütün bunları düşünmüş və qəti qərarını vermişdi. Özünə arxayın idi ki, heç bir çətinlik onu bu yoldan döndərməyəcək.

Təcrübəli travmatoloq-ortoped cərrah deyir ki, hərbi həkimin, xüsusilə də cərrahın təkcə peşəkar biliklərə və vərdişlərə sahib olması yetərli deyil. Bu sahədə çalışan mütəxəssislər həm də ekstremal şəraitlərdə işləməyi bacarmalı, dözümlü, soyuqqanlı olmalı və fiziki imkanları tükənənə qədər çalışmalıdırlar. 

–Demək, arzularınızı yarımçıq qoyub, Vətənə qayıtdınız? – deyə, həkim dostumu bir qədər kəskin suallar qarşısında qoyuram. – Axı, bildiyim qədər, Azərbaycana dönməyənə qədər, İlizarovun müalicə üsulları ilə bağlı 3 səmərələşdirici ixtiranın müəllifi olmusunuz, elmi ədəbiyyatda məqalələriniz çap edilib. Uğurlu müjdələr verən elmi işlərinizi yarımçıq qoymağı nə qədər doğru hesab edirsiniz?

–Vətənin taleyi ilə, mənim elmi tədqiqatlar aparmaq, alim olmaq arzumu yanaşı qoyanda, yurdu, torpağı, xalqı daha mühüm hesab etdim, – deyə Əbülfət düşünmədən cavab verir.

Beləliklə, Əbülfət Həmidov 1994-cü ildə qərarında israr edərək Vətənə dönür. Özü ilə gətirdiyi isə, el arasında deyildiyi kimi, vəzində yüngül, qiymətdə son dərəcə dəyərli xəzinə olur. Bu xəzinənin adı travmatologiya- ortopediya sahəsində ən müasir inqilabi müalicə metodları, zəngin elmi biliklər və təcrübə idi. Gələn gündən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında həkim travmatoloq-ortoped cərrah kimi fəaliyyətə başlayan Əbülfət doktor sonra travmatologiya-ortopediya bölməsinin rəisi, Müdafiə Nazirliyinin baş travmatoloqu kimi vəzifə pillələrini adlayır və hərbi həkim kimi polkovnik rütbəsinə qədər yüksəlir. Buna baxmayaraq, yenə biliyini artırmaq, tibb elminin yeni nailiyyətlərinə yiyələnmək istəyindən qalmır. 2003-cü ildə bu məqsədlə Türkiyənin Gülhanə Əsgəri Tibb Akademiyasında 3 aylıq təkmilləşdirmə kursuna yollanır. Dünyalarca məşhur olan bu tibb ocağında da Əbülfət doktor travmatoloq-ortoped cərrahiyyə sahəsində öz yüksək bacarığını nümayiş etdirir. Onun burada İlizarov aparatları ilə cərrahi əməliyyatlar həyata keçirilməsi metodları haqqında bilik və təcrübəsini buradakı həmkarları ilə həvəslə bölüşməsi, yüksək bacarığı akademiyanın rəhbərliyini çox razı salır. Əbülfət Bakıya çatmamış Gülhanə Əsgəri Tibb Akademiyasının rəhbərliyi hərbi həkim, travmatoloq-ortoped cərrah Əbülfət Həmidovun az bir vaxtda nümayiş etdirdiyi yüksək bacarığa görə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkür məktubu göndərir... 

Geridə qalan illər ərzində Əbülfət doktor hərbi tibbi xidmətin, bütövlükdə hərbi tibbi səhiyyənin təşkilatlanması ilə yanaşı, bu sahədə yetərincə mütəxəssislərin formalaşmasında və təcrübə qazanmasında böyük xidmətlər göstərir. 23 ilə yaxın bir müddətdə hərbi həkim vəzifəsini ləyaqətlə yerinə yetirdikdən sonra 2016-cı ildə yaşı ilə bağlı ehtiyata buraxılır. Amma bu hələ onun hərbi həkimlik fəaliyyətinin başa çatması demək deyildi.

Yüksək rütbəli zabit Əbülfət Həmidovun göstərdiyi xidmətlər Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmiş, o, “Qüsursuz xidmətə görə” medalının hər üç dərəcəsi ilə təltif edilmişdir. Silahlı Qüvvələrimizin Baş Tibb İdarəsinin rəhbəri isə onu işindəki nümunəvi xidmətə görə dəfələrlə fəxri fərmana layiq görmüşdür. 

Təcrübəli İlizarovçu travmatoloq-ortoped dərhal özəl “Modern” hospitalda işə dəvət alır. Artıq 5 ilə yaxın idi ki, burada çalışırdı. Bir tərəfdən təcrübəsini gənc həkimlərlə bölüşür, digər tərəfdən də ən ağır travmalarla hospitala üz tutan xəstələrə yardım edir, lazım gələndə ən çətin əməliyyatlara imza atırdı. Qəlbinin dərinliklərində ona bəlli idi ki, elmi fəaliyyətinə, ixtiralarına son verib gəldiyi əsl məqsədinə çatacaq. Elə məqam yetişəcək ki, hərbi həkim-cərrah kimi yenidən onun şəfalı əllərinə, iti zəkasına, təcrübəsinə, təmkin və qətiyyətinə böyük ehtiyac olacaq. Çünki ölkəmiz hələ müharibə şəraitində idi.

– Gizlətmirəm, nə qədər ki, torpaqlarımız erməni işğalçılarının əlində idi, mən müharibənin, həm də bizim üçün müqəddəs bir savaşın baş verəcəyini gözləyirdim, – deyə doktor bir qədər də fərəhlə söhbətə başlayır. – Biz torpaqlarımızın işğalı ilə barışa bilməzdik və bunu gələcək nəsillər bizə heç vaxt bağışlamazdı. Ali Baş Komandan cənab İlham Əliyev ötən il sentyabrın 27-də, düşmən təxribatlarını birdəfəlik dayandırmağın vaxtı olduğunu bildirib, əks-hücum əmri verəndə, mən həmin axşam, bir an belə düşünmədən, hərbi səhra geyimimi, özümə aid olan əməliyyat avadanlıqlarını çıxarıb qapının qarşısında qoydum. İndi Vətənə əsl xidmət etmək vaxtım çatmışdı...

Müharibə başlayan günün səhəri, sentyabrın 28-də Əbülfət doktor artıq Gəncə Beynəlxalq Xəstəxanasında ilk əməliyyatlarına başlamışdı. Yeddi gün sonra doktor öz istəyi ilə cəbhəyə daha yaxın olan ağır bölgəyə – Ağcabədi mərkəzi xəstəxanasına yollandı. Buradakı mənzərə isə göz qırpmağa belə imkan vermirdi.

Bəli, bu, müharibə idi. Müharibə isə Rusiyanın Burdenko Hospitalının cərrahı Aleksandr Saxarovun dediyi kimi “travmatoloji epidemiyadır”. Ədalətli, ya ədalətsiz, bu “epidemiyanın” peyvəndi yoxdur. Sarğı və əməliyyatlar kömək etmir. Həkimlər müharibəni dayandıra bilmirlər. Onlar yalnız müharibələrdə tökülən qanı dayandıra bilər və bundan sonra qalan yaralıları sağaltmağa çalışarlar. Hərbi həkim, travmatoloq-cərrah Əbülfət Həmidov da yorulmadan, usanmadan məhz bununla Vətən qarşısındakı vəzifəsini yerinə yetirməyə çalışırdı...

Müharibədən sonra aydınlaşdırdım ki, 44 günlük müharibədə hərbi həkimlərimiz və tibbi heyət mülki həkimlərin ağlına belə gəlməyən çox gərgin şəraitlə qarşılaşır və yorulmaq bilmədən işləyirdilər. Onların belə ağır və gərgin bir ritmdə günlərlə işləyə bilmələri adamı heyran qoyurdu. İstər-istəməz düşünürdün ki, onlar bu vəziyyətdən nə üçün bezmir, nə qədər təmkin və səbr nümayiş etdirirlər.

Sonralar hərbi həkimlər haqqında məlumat axtarışına çıxarkən öyrəndim ki, hərbi həkim-cərrah il ərzində 300-ə yaxın ən mürəkkəb cərrahi əməliyyat aparır. Onun mülki həkimdən fərqi ondadır ki, hərbi həkim məhz müharibələr dövründə çoxprofilli yardım göstərməli, cərrahiyyənin bütün sahələrindən baş açmalıdır.

Maraq məni üstələdi və Əbülfət doktordan İkinci Qarabağ savaşında iştirakı zamanı gün ərzində neçə yaralımız üzərində cərrahi əməliyyat apardığını soruşdum. Bir qədər düşündükdən sonra dedi:
– Açığı, özüm belə bir hesabat aparmamışdım. Amma sonradan bu qeydiyyatı aparan şəxslər mənə bildirdilər ki, sentyabrın 28-dən noyabrın 1-nə qədər 300-dən yuxarı ağır yaralı üzərində cərrahi əməliyyat aparmışam.

– Belə görünür ki, qayda ilə hərbi həkim-cərrahın bir ilə reallaşdırdığı əməliyyatı siz bir aydan üç gün artıq bir müddətdə aparmısız?
– Elədir. Noyabrın birində Ağcabədi mərkəzi xəstəxanasına gətirilən sonuncu yaralını da əməliyyat edib sonra Bakıya qayıtdım, – deyə hərbi həkimin gözləri bir qədər uzaqlara dikilir. – Bakıya qayıtmağım da səbəbiz deyildi. Əvvəla, artıq yaralılarımızın sayı kəskin azalmağa başlamışdı. İkincisi, son dərəcə yorulmuşdum. Ağcabədidə çalışdığım bir aydan artıq müddətdə gecə-gündüz bilmədən çalışırdıq və sutka ərzində ən çox 4 saat yatmağa macalımız olurdu. Yaralıların axını, aldıqları yaralar, istəsək də, istəməsək də, psixoloji cəhətdən öz təsirini göstərirdi. Sözün əsl mənasında yorulmuşdum və özüm hiss edirdim ki, bu vəziyyətdə lazımi şəkildə əməliyyat apara bilmərəm. Ona görə də rəhbərliklə razılaşıb Bakıya qayıtdım.

–Yorulmaq bilmədən çalışdığınız bu günlərdə, həkim kimi yox, bir insan kimi ən ağır məqamlar nə vaxt olurdu?

Bu sualla deyəsən doktorun çox kövrək duyğularına toxundum. Anidən gözləri doldu və tez də özünü toplayıb dedi:
– Hərbi həkim kimi kövrəlmək hissini ilk gündən həmişə özümdən uzaq tutmuşam. Lakin nə qədər təmkinli və soyuqqanlı olursan ol, müharibə müharibədir. Onun elə ağır səhnələri olur ki, ürəyinlə bacarmırsan. Axı biz də insanıq, valideynik. Ona görə də sizin bu sualınız məhz o həssas məqamları xatırlatdı. Ən təsiredici, duyğulu məqamlar, ağlı hələ başında olan ağır yaralıların verdiyi suallardan yaranırdı... Yaralı cavan əsgəri gətiriblər, qolu bir tərəfə düşüb, ayaq parçalanıb və ümid dolu bir nəzərlə sənə baxıb soruşur: “Doktor, mən sağ qalaram, ölmərəm ki?” Belə məqamda, əlbəttə, daxilən üzülürsən, kövrəlirsən. Amma özünü toplayırsan. Bu məqamda elə bil sənə qeyri-adı bir güc gəlir və özün-özünə deyirsən: “Nə olur-olsun, bu əsgəri də xilas etməliyəm”. 

Ən vacib məqam ağır yaralılarla bağlı tez və düzgün qərar verməkdir. Bəzən elə vəziyyət olurdu ki, baxırsan, minaya düşmüş, yaxınlığında mərmi partlamış əsgərin bir, bəzən iki ayağının, ya qollarının demək olar ki, bir dərisi qalıb. Belə hallarda bədənin bu üzvləri 90-95 faiz amputasiya edilməlidir. Şok vəziyyətində olan yaralılar gətirirdilər ki, yaşamalarına heç bir ümid qalmayıb. Bəzən belə yaralıların, hətta əməliyyat edilməsinə belə ehtiyac qalmadığını düşünənlər olurdu. Amma mən ümidimi üzmürdüm, azacıq belə həyat nişanəsi olan ən ağır yaralıları ilk növbədə əməliyyata almaq qərarı verir və dərhal fəaliyyətə keçirdim. Şükürlər olsun ki, onlarla belə yaralının əməliyyatını uğurla başa vura bilmişəm və onlardan heç biri həlak olmayıb. Hətta bəzən yaralı əsgərin və ya zabitin ayaqlarının, ya qollarının cərrahi müdaxilədən sonra bərpası ehtimalı 5 faiz olsa belə, onu amputasiya edib, şikəst qalmasına imkan verməmişəm və əməliyyat edib bir çarəsini tapmışam. Bu da ondan irəli gəlirdi ki, bu əsgər və zabitlərə öz övladlarım kimi yanaşmışam.

Əbülfət doktorun öz fəaliyyəti haqqında danışdıqları, onun əməliyyat etdiyi qazilərin söhbətləri ilə müqayisədə son dərəcə təvazökarlıq kimi görünür. Məsələn, Qırmızı Bazar yüksəkliyindəki döyüşdə son dərəcə ağır yaralanmış və yalnız təsadüf nəticəsində xilas olmuş Əsgər Hüseynov adlı hərbi qulluqçu bu gün də sol qolunun amputasiya edilməməsinin yeganə xilaskarı kimi Əbülfət doktorun adını çəkir və ona minnətdarlıq edir. Amma Əsgər tək deyil. Əbülfət doktorun cərrahi müdaxiləsindən sonra həyata qayıdan, bu gün ayaqda qalan, qolları salamat qalan yaralı əsgər və zabitlərimiz onlarla, yüzlərlədir.

Onların çoxu hospitaldan ayrılandan sonra da öz xilaskar həkimlərini unutmurlar. Müalicə aldıqları vaxtlarda Əbülfət doktorun əlaqə nömrələrini yaddaş kitablarına ən əziz adamlarının nömrəsi kimi qeyd edir və onunla müntəzəm əlaqə saxlayır, müalicələrini davam etdirmək üçün məsləhətlər alırlar. Doktor deyir ki, Bakıya qayıdandan, hətta müharibə zəfərlə başa çatandan sonra belə , əməliyyat etdiyi 27 qazini özünün çalışdığı “Modern” hospitala köçürərək, orada müalicələrini davam etdirib. Onların arasında elələri var ki, müalicəsi başa çatmayıb və onların üzərində rekonstruktiv bərpa cərrahi əməliyyatlar aparmağa ehtiyac var. “Elə yaralı qazilərimiz olub ki, onların üzərində 3, hətta 4 dəfə rekonstruktiv bərpa əməliyyatı aparmışam”, – deyə doktor fikrini tamamlayır.   

Yeri gəlmişkən, bu müharibənin ağrı-acısı Əbülfət Həmidovun ailəsindən də yan keçməyib. Döyüşlərin ən qızğın vaxtında, oktyabrın 7-də Əbülfət üzücü xəbər alır. İlk günlərdən milli ordu hissələrimizin ön sıralarında olan qardaşı oğlu əsgər Cavanşir Həmidov Füzuli uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olur. Yüzlərlə əsgərin xilaskarı olan hərbi həkim həmin gün özünü Cavanşiri xilas etməyə çatdıra bilmir. Çünki həmin anlarda o, neçə-neçə əsgərimizin həyatını xilas etmək üçün çarpışırdı...

–Əsgərlərə də elə öz Cavanşir balamın taleyi ilə təsəlli verirdim,– deyə Əbülfət kövrək səslə sözünə davam edir.– Deyirdim, siz xoşbəxt adamsınız ki, Azərbaycanımızin, Vətənimizin torpaqlarını məkrli düşməndən xilas etmək uğrunda döyüşlərdə yaralanmısız. Şükürlər olsun ki, həyatdasız, amma şəhid ola da bilərdiniz. Bu, əsgərlərimizə ruh verirdi. Yaralılarımızın əksəriyyəti yalvarırdı: “Doktor bizi tez sağalt, dostlarımızın intiqamını almalıyıq”. Bu, adama qürur verirdi, fərəh hissi yaşadırdı.

Müharibə nə qədər qanlı-qadalı olsa da, bizim xalqımız üçün bir haqq savaşı idi. Bu müqəddəs döyüşdən heç kim kənarda qala bilməzdi. Nə qədər qəribə olsa da, bunu insan sağlamlığının qayğısına qalmalı olan, Hippokrat andı içmiş həkim söyləyirdi. Amma bunlar səbəbsiz deyildi. Çünki Əbülfət 1990-cı illərdən bu yana erməni faşizminin xalqımıza qarşı törətdiyi amansızlıqlara, soyqırımlara yaxşı bələd idi. Üstəlik, bu xəyanətkar qonşuların 30 ilə yaxın bir dövrdə atəşkəs pərdəsi altında törətdiyi təxribatın onlarla qurbanını gözü ilə görmüşdü.

Belə düşüncələrlə yaşayan atanın övladı görən necə olar, deyə öz-özümə düşünürdüm ki, Əbülfət sanki fikrimi oxudu. Əvvəlki fikrinin davamı olaraq bildirdi ki, Vətən qarşısında hər bir insanın öz borcu var, atanın da, oğulun da. Mən öz borcumu verirdim, oğlum da öz borcunu verməli idi və verdi də.

Əbülfətin həkimlik peşəsinin davamçısı olan oğlu, kardioloq-cərrah Anar, həmin günlərdə ardı-arası kəsilməyən yaralıların əməliyyatından macal tapmayan atasına telefon açır: “Ata, sən ordasan, amma mən də bu Vətənin oğluyam. Hara getmək lazımdır?”

Əbülfət düşünmədən deyir: “Oğlum, bu gün bütün xalqımız ayaqdadır. Hamının özünə görə öz vəzifəsi var. Bizim də vəzifəmiz döyüşən əsgər və zabitlərimizə həkim kimi xidmət göstərməkdir. Ləngimə, yola çıx...”. 

Anar çalışdığı klinikanın rəhbərliyindən icazə alıb dərhal Gəncəyə yola düşür. Orada bildirirlər ki, Ağcabədidə ona daha böyük ehtiyac var. Həmin vaxtlar atası Əbülfət artıq Ağcabədi mərkəzi xəstəxanasında gecə-gündüz bilmədən çalışırdı. Anar yubanmadan atasının çalışdığı xəstəxanaya gəlir və 10 günə yaxın müxtəlif ağır əməliyyatlarda iştirak edir. Gənc həkim-cərrahın belə ağır məqamda özünü soyuqqanlı, təmkinli və qətiyyətli aparması təcrübəli həkimlər tərəfindən yüksək qiymətləndirilir. Görünür, genetika da öz rolunu oynayır...

Hərbi həkim Əbülfət Həmidov İkinci Qarabağ müharibəsində öz fəaliyyəti ilə sözün əsl mənasında, qəhrəmanlıq tarixi yazıb. Bu ibrətamiz və nümunəvi bir tarixdir. Amma, az qala bir il keçməsinə baxmayaraq, bu qəhərəmanlıq hələ də öz layiq olduğu mükafatı gözləyir. Şübhə etmirik ki, ən yaxın vaxtlarda dövlətimiz bu fədakar həkimə layiq olduğu qiyməti verəcək. Bu çox vacibdir. Vacibdir ona görə ki, bu, Qarabağ müharibəsindəki Zəfər tariximizin kiçik bir parçasıdır. Belə tarixləri yaddaşımıza əbədi yazmalıyıq ki, tarix bizi yaddaşından heç vaxt silməsin.

İlqar RÜSTƏMOV,
Əməkdar jurnalist

Oxşar xəbərlər