Qələbə günü şəhid olan Kəlvəz kəndinin qəhrəmanı - kiçik gizir Tağıyev Ramiq

05 Apr 2021 11:23
383

Ramiq Teymur oğlu Tağıyev 30 oktyabr 1998-ci ildə Lerik rayonunun Kəlvəz kəndində anadan olub. 3 qardaş olmaqla ailədə 5 nəfər olublar. Uşaqlıq illəri doğulduğu kəndə keçib. 2004-cü ildə Lerik rayon şəhid Fəxrəddin Şahbazov adına Kəlvəz kənd tam orta məktəbin 1-ci sinfinə gedib və 2017-ci ildə həmin məktəbin 11-ci sinfini başa vurub. Təhsilini başa vurduqdan sonra, həmin ildə Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılan Ramiq Xüsusi Təyinatlı Qüvvələrin "N" saylı hərbi hissəsinə göndərilib. 

Ramiq həqiqi hərbi xidmətini başa vurduqdan sonra kiçik gizir rütbəsində müddətdən artıq hərbi qulluqçu kimi xidmətini davam etdirməyə başlayır. 2020-ci ilin sentyabr ayında başlayan və 44 gün davam II Qarabağ müharibəsinə Ramiq də bir Xüsusi Təyinatlıların giziri kimi qatılır və böyük həvəslə döyüşür. Füzuli, Cəbrayıl, Xocavənd, Qubadlı uğrunda gedən ağır və şiddətli döyüşlərdə iştirak edir, düşmənə sarsıdıcı zərbələr endirir və xeyli sayda canlı qüvvəsini məhv edir.

Qəhrəman gizir buna baxmayaraq, daha sonra Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edir, düşmənlə əlbəyaxa döyüşür və düşmənə sinə gərir. Özünün göstərdiyi qəhrəmanlığı və şücaəti ilə adını qızıl hərflərlə tarixə yazan kiçik gizir Tağıyev Ramiq qələbə günündə -08 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olur. Şəhidin nəşi həmin ayın 11-də doğulub, boya-başa çatdığı Lerik rayonunun Kəlvəz kəndinə gətirilir və kənd qəbiristanlığında böyük izdihamla torpağa tapşırılır. 

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Lerik rayonunun Kəlvəz kəndində anadan olan Xüsusi Təyinatlı Qüvvələrin kiçik giziri Ramiq Teymur oğlu Tağıyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və  "Vətən uğrunda" medalları ilə təltif edilib. Allah rəhmət eləsin. Vətən sağ olsun!
                     Ambur.az

Oxşar xəbərlər