Quraqlıq Lənkəranın incisi Xanbulan gölündən yan keçmədi - VİDEO

04 Sen 2021 08:18
335

Lənkəranın ən görməli yerlərindən biri də Xanbulan gölünün ətrafıdır. Təsadüfi deyil ki, Lənkərana gələn yerli və əcnəbi turistlər ən azı 1 dəfə yolunu buradan salır. Ancaq bu il turistlərin bu ərazidən etdiyi paylaşımlarda diqqət çəkən bir məqam var. Gölün suyunun həcmi gözlə görüləcək qədər azalıb. 

Ambur.az bildirir ki, APA TV vəziyyətin nə dərəcədə ciddi olması ilə maraqlanıb.

Hirkan meşələrinin ən gözəl incilərindən olan Xanbulan gölünün su səviyyəsi əvvəlki illərə nisbətən düşüb. İqlim şəraitinin quraq keçməsi gölün suyunun səviyyəsinin azalmasına səbəb olub.

Xanbulan Lənkəranda təxminən 9600, Astarada isə 2000 hektara qədər torpaq sahəsinin suvarılması üçün istifadə olunan 3 əsas suvarma mənbəyindən biridir. Xanbulançay su anbarı vasitəsilə Lənkəranla yanaşı Astaranın da içməli su təminatının müəyyən hissəsi ödənilir. Ümumi tutumu 52 milyon kubmetr olan Xanbulançay su anbarında hazırda 14 milyon kubmetr su ehtiyatı var.

Yuxarı Xanbulançay Hidroqovşağı İstismar idarəsinin sahə rəisi Sabir Bayramov deyir ki, bu il çox quraqlıq keçib: “Hamıya bəllidir ki, 21-ci il çox quraqlıq keçdi. Bizdə də Lənkəranda yağıntı miqdarı çox az olduğu üçün biz Xanbulan gölündən demək olar ki, böyük miqdar sudan istifadə elədik. Ancaq təsərrüfatlara ziyan gətirmədik. Keçən il bizim 26 milyon (kubmetr) suyumuz var idi, biz yığdıq 44 milyon (kubmetr). Bu il hazırda 14 milyondur, həddindən artıq quraqlıq idi. Özü də ki, çəltikçilik sahəsinin suvarılmasının fasiləli eləmək mümkün deyil. Çəltikçilik sahəsinə gündəlik su gedir, sərfiyyatı çoxdur”.

Yuxarı Xanbulançay Hidroqovşağı İstismar İdarəsi Xanbulançay su anbarı ilə yanaşı Lənkərançay və sututarlardan da suvarma mənbəyi kimi istifadə edir. May ayından başlanan suvarma dövrü sentyabrın əvvəllərində bitir.

Oxşar xəbərlər