Rafiq Cəlilov - “Azərbaycan dilindəki talış sözləri“

18 Sen 2020 09:02
528

   Müasir Azərbaycan dilində bir çox dillərdən, o cümlədən Talış dilindən alınma sözlərdən istifadə edilir. Ola bilsin bu barədə kimsə artıq elmi iş də yazıb, amma hələ ki, bu tip elmi iş və ya məqalə ilə rastlaşmamışam.
   Bəzi sözlərin, məxsusən “pencərə” (beş aralı), “çərçivə” (dörd taxta), “çılçıraq” (qırx çıraq) və sairə bu tip sözlərin, baxmayaraq ki, talış dilində də o sözlər məhz o cür izah edilirlər, məhz talış dilindən azərbaycan dilinə keçməsi mübahisə predmeti ola bilər. Çox guman ki, həmin sözlər azərbaycan dilində azəri dilindən yadigardır. Bəzi şərqşunas alimlər indiki Azərbaycan ərazisində əhalinin, türk dilinə keçidinəcən məhz azəri dilində danışdığını iddia edirlər ki, mən də o iddianı müdafiə edənlərin cərgəsindəyəm. Hesab edirəm ki, azərilər türk dilini öz məişətlərinə daxil etdikcə, yuxarıda göstərdiyim sözlərin türk dilindəki qarşılığını bilmədikləri üçün, həmin sözləri işlək formada saxlayıblar və günü bu gün də o sözlər azərbaycan dilində işlənir. Təbii ki, bu işi biz səviyyədə olan insanlar yox, məhz alim və linqvistlər dərindən araşdırsalar daha müsbət nəticələr əldə etmiş olarlar.
   Bəzi sözlər var ki, özü-özlüyündə hansı xalqa mənsub olduğunu bildirir.
Belə sözlərdən biri də məhz “həftə” sözüdür ki, iranzəmin xalqlarla yanaşı bir çox şərq xalqlarının dilinə məhz tat – parsi dilindən keçməsi haqqında fikirlərin doğruluğu özündə heç bir şübhə yeri saxlamır. İran dilli xalqlardan, mən bildiyim qədəriycə, məhz tatlar sayarkən yektə, dütə, setə, çahartə, pənctə, şeştə, haftə və s. deyirlər. Digər irandilli xalqların, o cümlədən talışların həftə sözünə sahib çıxma cəhdləri, əgər belə cəhdlər olarsa, bu cür cəhdlər öz dilinə hörmətsizlikdən başqa bir şey deyildir.
   Düzdür, müasir “türkoloqlar” bəzi talış sözlərini – məsələn “pambə”, “halay”, “ləvəngi”, “kıştı” kimi sözlərin, heç bir dəlil və sübut gətirmədən “qədim türk sözləri” kimi ictimaiyyətə “sırayırlar”.
   Bu kiçik yazımda azərbaycan dilində işlənən bütün talış sözlərindən bəhs etməyəcəm, hesab edirəm ki, bu barədə bizim hörmətli filoloqlarımız, linqvistlərimiz elmi iş yazsalar talış dilinin inkişafına böyük töhvə vermiş olarlar. Mən isə, bu kiçik yazım ilə onlara, kiçicik də olsa, dəstək olmaq fikrindəyəm.
   Yazımda ilk olaraq çox sevdiyimiz bəzi meyvə adlarının açmasını vermək istəyirəm. İlk olaraq ŞAFTALI sözünü açmaq istəyirəm. Dəyərli oxucu tələsərək düşünə bilər ki, şaftalı talış sözü deyil və talış dilində açması da ola bilməz. Əslində oxucu düz də fikirləşəcək. Şaftalı talış sözü deyil, amma azərbaycan dilinə talış dilindən keçib. Talışlar şaftalıya HÜŞTÜLÜ deyirlər ki, hüştülü sözü də özlüyündə iki müstəqil sözdən – “hüşt” və “lü” sözlərindən ibarətdir ki, bu sözlər şaftalının tam xassəsini açır.
   ŞAFTALI deyəndə ağlımıza ilk olaraq nə gəlir? Təbii ki, şaftalının yumuşaq və əlin içinə xoş bir təəssurat verən çox xırda tüklü qabığı, məhz bu cür qabığa talışlar “HÜST” deyirlər. “LÜ” sözünün açması isə “qabıq”dır. “HÜŞT-ü-LÜ” – qabığı hüşt olan. (hüşt sözünün azərbaycan dilində qarşılığını bilmədiyim üçün elə azərbaycanca da hüşt yazası oldum), həmin hüştülü sözü muasir azərbaycan dilinə, cüzi hərfi təhriflərlə şaftalı kimi keçərək, qalmışdır.
   Digər söz isə ALBALI sözüdür. Albalı sözü talış dilində ALBƏLÜ kimi işlənir və üç müstəqil sözün – “al”, “bə”, “lü” sözlərinin birləşməsindən əmələ gəlmişdir ki, bu sözlərin açması da bu cürdür: “al” – qırmızı, “bə” – olan, “lü” – qabıq, yəni ki, qabığı qırmızı olan. Albalı sözü şaftalı sözünə nisbətən az təhrif edilmişdir.
   İndi isə bağçılıqdan məişətimizə qayıtsaq, daha yaxşı olar. Mən məişətimizdə işlənən xeyli talş sözlərini burada yazıb, oxucunu yormaq istəmirəm. Əgər yazıya maraq olarsa, mən “ALƏM” jurnalının gələn saylarında da bu mövzuya qayıdacağam. İndi isə təkcə “çadır” sözünü açmaqla kifayətlənəcəm. Şimali Talışda, yəni ki, Azərbaycan Respublikasının ərazisindəki Talış mahalında əhali çadıra “ÇODO” – (“ÇO” – dörd, “DO” – ağac) deyirlər ki, Cənubi Talışda, yəni ki, İran ərazisindəki Talış mahalında ÇODO, İran talışlarının dil qanunauyğunluğuna əsasən ÇODOR-a (ÇO – dörd, DOR – ağac) çevrilir ki, həmin söz də elə talış dilindən fars, fars dilindən isə azərbaycan dilinə “çadır” kimi daxil olmuşdur.

   Hesab edirəm ki, bu kiçik yazım ilə azərbaycan dili ilə məşğuı olan şəxslərə, kiçicik də olsa, kömək etmiş oldum.

                                           "TOLIŞON SƏDO" Qəzetinin baş redaktoru Rafiq CƏLİLOV

Oxşar xəbərlər