“Rahat yat qardaşın gələcək yanına“- Şəhid polkovnikin qisasını aldıqdan sonra şəhid olan gizir

20 Fev 2021 21:48
404

Vidadi Cəbrayıl oğlu Cabbarov 28 mart 1997-ci ildə Lerik rayonunun Piran kəndində anadan olmuşdur. 2 qardaş olmaqla ailədə 4 nəfər olublar. Uşaqlıq illəri doğulduğu kənddə keçir. 2003-cu ildə Piran kənd tam orta məktəbin 1-ci sinfinə daxil olur. Həm dost-tanışın, həm qohum-qonşularının böyük hörmət və sevgisini qazanan Vidadi həm də sinif müəllimlərinin və şagirdlərinin böyük sevimlisi olur. 2014-cü ildə orta təhsilini əla qiymətlərlə başa vurduqdan sonra 2015-ci il aprel ayının 3-də Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılır və Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissəyə göndərilir. 3 ay orada xidmət etdikdən sonra Tovuz rayonunun Əlibəyli kəndində yerləşən "N" saylı hərbi hissəyə, xidmətini davam etdirməyə göndərilir. Xidmətini nöqsansız başa vuran Vidadi 2016-cı il oktyabr ayının 1-də ehtiyyata buraxılır. 

Vətənə, torpağa böyük sevgisi olan Vidadi Cabbarov yenidən müddətdən artıq xidmət etmək qərarına gəlir, 2017-ci ildə Lerik rayon Hərbi komissarlığına müraciət edir və ilin sonuna yaxın MAHHXHQ kimi kursu keçərək Ordu sıralarına qatılır. 2018-ci ildən 3 il müqavilə əsasında Goranboy rayonunun Goran qəsəbəsində yerləşən "N" saylı hərbi hissədə xidmət etməyə başlayır. İmzaladığı müqavilə müddətinin bitməsinə az vaxt qalmış yenidən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin "Gizir hazırlıq kursu"na daxil olur və kursu bitirərək gizir rütbəsində xidmətini davam edir. 

Vidadi 2020-ci il 27 sentyabrdan etibarən başlayan və 44 gün davam edən II Qarabağ müharibəsinə çox böyük həvəslə qatılır və Respublikamızın ərazi bütövlüyünün bərpa olunması uğrunda canını təhlükəyə ataraq digər döyüş yoldaşları kimi döyüşdə mənfur düşmənə qarşı irəliyə doğru hərəkət edir. Füzuli və Cəbrayıl istiqamətində gedən şiddətli döyüşlərdə böyük şücaətlər göstərir, düşmənə sarsıdıcı zərbələr endirir və xeyli sayda canlı qüvvəsini məhv edir. Dəfələrlə yaralı hərbiçilərimizi döyüş meydanından çıxarmaqla onların həyatını xilas edir və şəxsi heyətin itkilərinin az olması üçün əlindən gələni etməyə çalışır. 

Vidadi polkovnik leytenant Rəşad Quliyevin rabitəçisi olur və Rəşad Quliyev şəhid olduğu zaman çox pis olur, çox kövrəlir. Özünün "ınstagram" hesabında polkovnik Rəşad Quliyev ilə çəktiyi son şəkili paylaşaraq altında yazır: "Canım komutanım Allah səni rəhmət eyləsin bir dəqiqə səndən ayrı düşdüm səni itirdim ürəyim parçalanır narahat olma rahat yat qardaşın gələcək yanına". Vidadi şəhid komandirinin qisasını alacağına söz verir. Sonra döyüşə rabitəçi kimi Milli Qəhrəman, polkovnik Şükür Həmidovla davam edir.

Bu inamla ancaq irəliyə doğru hərəkət edir və düşmənin canlı qüvvəsini məhv etməklə komandirinin qisasını almağa çalışır. Qubadlının bir neçə kəndininin işğaldan azad olunması uğrunda döyüşür və oktyabr ayının 20-də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olur. Beləcə qəhrəman gizir Vidadi Cabbarov şəhid komandirinin qisasını alır və özü də şəhid olaraq yanına gedir. Şəhidin nəşi həmin ayın 21-i doğulub, boya-başa çatdığı Lerik rayonunun Piran kəndinə gətirilərək kənd qəbiristanlığında torpağa tapşırılır. 

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Lerik rayonunun Piran kəndində anadan olan gizir Vidadi Cəbrayıl oğlu Cabbarov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilir. Allah rəhmət eləsin. Vətən sağ olsun!
                Ambur.az

                       

Oxşar xəbərlər