Respublika Talış Mədəniyyət Mərkəzinin sədri Ədliyyə Naziri Fikrət Məmmədova müraciət ünvanlayıb

02 Dek 2021 22:05
510

Respublika Talış Mədəniyyət Mərkəzinin sədri Vüqar Həmati (Mirzəyev) Ədliyyə Naziri Fikrət Məmmədova müraciət ünvanlayıb

Ambur.az xəbər verir ki, müraciətdə bildirilir:

Azərbaycan Respublikasının Ədliyyə Naziri
Fikrət Məmmədov cənablarına
"Aləm" ədəbi-bədii, elmi-publisistik
jurnalın təsisçisi və baş redaktoru
Vüqar Mirzəyev tərəfindən

                                           Müraciət

Hörmətli Nazir! Yazıb Sizə bildirirəm ki, ümummilli liderimiz, dahi Heydər Əliyevin multikultural dəyərlərə verdiyi önəm, azərbaycançılıq ideyaları və möhtərəm rəhbərimiz, müzəffər Ali Baş Komandanımız, əziz Prezidetimiz İlham Əliyev cənablarının doğma vətənimiz Azərbaycanda yaşayan xalqların mədəniyyətinə göstərdiyi diqqət və qayğı məni mənsub olduğum talış xalqının nümayəndəsi və azərbaycanlı kimi çox sevindirir. Talış xalqının mənsubları hörmətli prezidentimizin ətrafında sıx birləşərək, onun yolunda sədaqətlə və ehtiramla xidmət edirlər. 44 günlük müharibədə talış gəncləri də böyük məhəbbətlə vətənin müdafiəsində iştirak edərək, cənab Ali Baş Komandana sədaqət göstərərək, Qarabağın azad olunmasında qəhrəmanlıq nümunəsi göstərərək şəhidlik zirvəsinə ucalan, qazi olan vətənpərvərlər kimi şanlı Azərbaycanımızın zəfər tarixində öz imzalarını qoymuşlar. Cənab Ali Baş Komandan bu azərbaycanlı talış övladlarının qəhrəmanlğını layiqicə qiymətləndirmişdir. Tarixlər boyu talışlar vətənimizin müdafiəsində, dövlətçiliyə sədaqətli olmağında seçilmişlər. Biz ulu öndərin dahi kəlamını həyat və fəaliyyət proqramı kimi qəbul etmişik: "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, azərbaycanlıyam!" Bəli, bu mübarək kəlamlar, bizim əqidəmizin simvoluna çevrilib.

Mənim təsis etdiyim və baş redaktoru olduğum "Aləm" jurnalı da azərbaycançılıq ideyalarını rəhbər tutaraq, talış xalqının dilinin, mədəniyyətinin təbliğ və inkişafına xidmət edir.

Diqqətinizə çatdırmaq istəyirəm ki, Ədliyyə Nazirliyində qeydiyyata alınan Respublika Talış Mədəniyyət Mərkəzinin dövlət qeydiyyat şəhadətnaməsi naməlum səbəblərdən itmişdir. Bunun nəticəsində, uzun müddət bu mərkəzin fəaliyyətində inkişaf olmayıb. Azərbaycançılıq ideyalarına sədaqətli olan mütərəqqi ziyalılarımız məni Respublika Talış Mədəniyyət Mərkəzinə sədr seçdilər. Mən Mərkəzin fəaliyyətinin artmasına, talış dilinin, etnoqrafiyasının, mədəniyyətinin inkişafına öz yaradıcı töhfəmi vermək istəyirəm.

Cənab Nazir! Ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideyalarına dəstək olan, fəaliyyəti Azərbaycan Konstitutsiyasını rəhbər tutan Respublika Talış Mədəniyyət Mərkəzini dövlət qeydiyyatına dair yeni şəhadətnamə ilə təmin etməyinizi, həmçinin dövlət qeydiyyatı ilə bağlı sənədləşmə ilə əlaqədar digər məsələlərin həll olunmasında bizə kömək etməyinizi Sizdən xahiş edirəm.

                                             Respublika Talış Mədəniyyət Mərkəzinin
                                             Sədri: Vüqar Mirzəyev

Oxşar xəbərlər