Respublika Talış Mədəniyyət Mərkəzinin sədri Mədəniyyət Naziri Anar Kərimova müraciət ünvanlayıb

14 Dek 2021 22:33
254

Respublika Talış Mədəniyyət Mərkəzinin sədri Vüqar Həmati Mədəniyyət Naziri cənab Anar Kərimova müraciət ünvanlayıb

Ambur.az xəbər verir ki, müraciətdə bildirilir:

Azərbaycan Respublikasının Mədəniyyət Naziri cənab Anar Kərimova 
 
                            Cənab Nazir!

   Cənab Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin apardığı xoşməramlı daxili siyasət nəticəsində ölkəmizdə millətlər, etnik və dini qruplar arasında qardaşlıq və qarşılıqlı səmimiyyət mühiti yaranmışdır. Bu siyasətin nəticəsidir ki, ölkəmizdə yaşayan hər kəs milli və dini mənsubiyyətindən asılı olmayaraq özünü əsl Azərbaycan vətəndaşı kimi hiss edir.

   Biz, Talış millətinə mənsub olan şəxslər də bu səmimi və qardaşlıq münasibəti daima hiss edir, Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi olmağımızı yaxşı başa düşürük. Hazırki dövrdə talışlar arasında talış xalqının tarixinə, mədəniyyətinə və taleyinə çox böyük maraq oyanmışdır. Bu səbəbdən ayrı-ayrı yaradıcı şəxslər -musiqiçilər, şairlər, yazarlar, rəssamlar, aktyorlar, tarixçilər və digər yaradıcı insanlar ayrı-ayrı qruplar şəkilində birləşərək bu istiqamətdə fəaliyyət göstərməyə başlamışlar.

   Bu yaradıcı insanların və yaradıcı qrupların sayı gündən-günə artmaqda davam edir. Buna baxmayaraq bu yaradıcı insanların və qrupların öz bacarığını nümayiş etdirmək və əldə etdikləri nailiyyətləri Azərbaycan cəmiyyətinə təqdim etmələri üçün yararlı məkanları və səhnələri yoxdur. Kiçik həcmli tədbirləri keçirmək üçün şəxsi evlərdən və kiçik ofislərdən istifadə edilsə də, böyük həcmli kütləvi tədbirləri keçirmək üçün məkanımız və səhnəmiz yoxdur. Buna görə də bu işlərdə dövlətimizin köməyinə çox böyük ehtiyacımız vardır.

   Talışların əsasən Respublikamızın cənub rayonlarında kompakt yaşadığını və yuxarıda adlarını çəktiyimiz yaradıcı qrupların əsasən bu rayonlarda fəaliyyət göstərdiyini nəzərə alaraq kütləvi mədəni tədbirlərin bu rayonların ərazisində fəaliyyət göstərən teatrlarda və digər mədəniyyət ocaqlarında keçirilməsi məqsədə müvafiqdir. Odur ki, bu qrupların və şəxslərin iştirakı ilə kütləvi mədəni tədbirləri keçirə bilmələri üçün qeyd olunan rayonlarda müvafiq mədəniyyət müəssisələrinin (teatr səhnələrinin və ya mədəniyyət evlərinin) müəyyən müddətlərdə bizim istifadəmizə verilməsi məsələsinə baxmanızı və orada fəaliyyətimizə geniş şərait yaradılmasına dair göstəriş vermənizi Sizdən xahiş edirik.

Respublika Talış Mədəniyyət Mərkəzinin
Sədri:                               Vüqar Mirzəyev

Oxşar xəbərlər