RTMM sədri: “Masallı RMİ-dən ümumiyyətlə cavab gəlmədi. Lənkəran RMİ-dən isə zəng edib bizə bildirdilər ki...“

16 May 2022 09:48
455

Respublika Talış Mədəniyyət Mərkəzinin sədri Vüqar Həmati ötən ilin dekabr ayında Respublika Talış Mədəniyyət Mərkəzinin adından Mədəniyyət Nazirliyinə talışların Talış bölgəsində fəaliyyət göstərən teatrlarda və digər mədəniyyət ocaqlarında öz ana dillərində tədbirlərin keçirilməsi ilə bağlı müraciət ünvanlayıb. Nazirlikdən cavab olaraq, bu məsələ Lənkəran və Masallı Regional Mədəniyyət İdarələrinə tapşırıldığı qeyd edilib.

Ambur.az-ın xəbərinə görə, Respublika Talış Mədəniyyət Mərkəzinin sədri Vüqar Həmati Lənkəran və Masallı Regional Mədəniyyət İdarələrinin bununla bağlı heç bir tədbir görmədiyini bildirərək, özünün "Facebook" hesabında paylaşım edib:

"Respublika Talış Mədəniyyət Mərkəzinin adından Mədəniyyət Nazirliyinə müraciət ünvanlamışdıq ki, ana dilimizdə tədbirlərin keçirilməsi üçün Talış diyarında bizə şərait yaradılsın, yer ayrılsın. Nazirlikdən cavab gəldi ki, Lənkəran və Masallı Regional Mədəniyyət İdarələrinə tapşırılıb bu məsələ ilə məşğul olsunlar. Masallı Regional Mədəniyyət İdarəsindən ümumiyyətlə cavab gəlmədi. Lənkəran Regional Mədəniyyət İdarəsindən isə zəng edib bizə bildirdilər ki, Mədəniyyət Nazirliyindən bizə məktub gəlib, hər şey yaxşı olacaq, yer ayrılacaq... Sevindik ki, artıq biz də bir xalq kimi yaşadığımız regionda ana dilimizdə tədbirlər keçirə bilərik. Hətta, bu barədə bir post yazıb, təşəkkürümüzü də bildirdik.

Çox təəssüf, arzumuz həmişəki kimi ürəyimizdə qaldı.

Novruz bayramından öncə Lənkəran Regional Mədəniyyət İdarəsinə, Respublika Talış Mədəniyyət Mərkəzi adından rəsmi müraciət etdik ki, Novruz bayramı ilə əlaqədar ana dilimizdə bayram tədbirinin keçirilməsi üçün bizə yer ayrılsın.

Ancaq nə müraciətimizə rəsmi cavab verdilər, nə də tədbir keçirmək üçün yer ayırdılar".

Mədəniyyət Nazirliyinə ünvanlanan müraciət: https://ambur.az/respublika-talis-medeniyyet-merkezinin-sedri-medeniyyet-naziri-anar-kerimova-muraciet-unvanlayib

Oxşar xəbərlər