“Ruhun şad olsun, Mubariz, qisasın alınacaq“- Milli Qəhrəman Mubariz İbrahimovun kurs yoldaşı, şəhid Tərzan Haşımov

11 Yan 2021 18:00
856

Tərzan Qəhrəman oğlu Haşımov 1989-cu ildə aprel ayının 13-də Lerik rayonunun Bibiyani kəndində anadan olmuşdur. 2 qardaş 1 bacı olmaqla ailədə 5 nəfər olublar. Uşaqlıq illəri doğulduğu Bibiyani kəndində keçmişdir. Tərzan hələ uşaq vaxtlarından vətəninə, elinə çox bağlı biri olmuşdur. 1995-ci ildə Lerik rayon şəhid Mikayıl Qasımov adına Bibiyani kənd natamam orta məktəbin 1-ci sinifinə daxil olmuşdur. 2004-cü ildə həmin məktəbin 9-cu sinifini başa vurduqdan sonra Hamarmeşə kənd tam orta məktəbində təhsilini davam etdirir. 2006-cı ildə orta təhsilini başa vurduqdan sonra 2007-ci ilin aprel ayında Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış və Goranboy rayonunda yerləşən "N" saylı hərbi hissəyə göndərilmişdir.

Tərzan 1 oktyabr 2008-ci ildə xidmətini başa vurduqdan sonra doğulduğu kəndə -Bibiyani kəndinə qayıdır. Bir müddətdən sonra doğmalarına yenidən hərbiyə qayıtmaq istədiyini, hərbçi olacağını söyləyir. Lakin Tərzanın doğmaları bu yolun ağır və şərəfli bir yol olduğunu bildirir. Buna baxmayaraq Tərzanı yolundan döndərə bilmirlər. Beləliklə Tərzan 15 oktyabr 2009-cu ildən 6 mart 2010-cu ilə qədər Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin "Gizir hazırlıq kursu"nda oxumağa başlayır. 

Kurs dövründə Tərzan Azərbaycanın Milli Qəhrəmanı Mubariz İbrahimovla bir yerdə olmuşdur. Mubariz şəhid xəbəri Tərzana çox pis təsir etmiş və "ruhun şad olsun, Mubariz, qisasın alınacaq" -demişdir. Tərzan kursu başa vurduqdan sonra 2010-cu il mart ayının 6-da Müdafiə Nazirliyinin əmri ilə gizir hərbi rütbəsi alır və Gəncə şəhərində yerləşən  "N" saylı hərbi hissədə motoatıcı tağım komandirinin müavini vəzifəsində xidmətini davam etdirir. Daha sonra isə 1-ci ordu korpusunun komandirinin 21.11.2010-cu il tarixli əmrinə əsasən Bərdə rayonunda "N" saylı hərbi hissədə motoatıcı tağım komandirinin müavini vəzifəsində xidmətini davam etdirməyə göndərilir. 

2010-cu il dekabr ayının 28-də Xüsusi Təyinatlı Qüvvələr kursunu keçmək üçün "N" saylı hərbi hissəyə ezam olunur. Dəfələrlə Turkiyədə paraşüt kurslarında iştirak edir.

2011-ci il iyun ayının 08-də kursu bitirdikdən sonra Tərzan Haşımov Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin əmrinə əsasən Xüsusi Təyinatlı qrupun kəşfiyyatçısı (radioteleqrafçı) vəzifəsinə təyin olunur. Nümunəvi xidmətinə görə III dərəcəli "Qüsursuz xidmətə görə" medalı, "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə təltif edilmişdir. 

2016-cı ilin "Aprel" döyüşləri zamanı mənfur düşmənə göz dağı vuran Xüsusi Təyinatlı qəhrəman Natiq Mehdiyevi yaralı halda son anda xilas etmişdir. Bununla yanaşı şəhid Müstəcəbov Orxanın nəşini də neytral zonadan çıxarmışdır. Döyüşdə özü də yüngün yaralanır. Həmin döyüşlərdə bir neçə silahdaşını itirən Tərzan onların qisas hirsi ilə yanıb alışırdı və o günün mütləq gələcəyini bilirdi. Daima öz üzərində çalışır və hər zaman qisas gününü səbirsizlikə gözləyirdi. 

Həmin o gün, 27 sentyabr 2020-ci il idi ki, bu ildə çox insanların arzuları, sevgiləri yarımçıq, ataların beli bükük, anaların gözləri yaşlı qalacaqdı. II Qarabağ müharibəsində Tərzan iştirak edir, düşmənə qan uddurur, düşmənin xeyli sayda canlı qüvvəsini məhv edir. Müharibənin 4-cü günü Tərzan bir neçə silahdaşları ilə birgə yaralanır və Hərbi Hospitala göndərilir.

Hələ tam sağalmayan Tərzan "mən burada qala bilmərəm, döyüş yoldaşlarım orada döyüşür" -deyərək yenidən döyüş meydanına qayıdır. Qəhrəman gizir Füzuli, Hadrut, Xocavənd, Cəbrayıl və Laçın uğrunda gedən şiddətli döyüşlərdə yüksək şücaət və qəhrəmanlıq göstərmişdir. Oktyabr ayının 19-da Tərzan 30 nəfərdən ibarət şəxsi heyətlə Qırmızı bazar uğrunda gedən döyüşlərə qatılır və 600 nəfər erməni ilə vuruşur. Düşmənə sarsıdıcı zərbələr endirən gizir döyüşdə ağır yaralanır və xəstəxanaya gətirildiyi zaman 19-dan 20-nə keçən gecə qəhrəmancasına şəhidlik məqamına ucalır. Son nəfəsində "yoldaşımı və uşaqlarımı görmək istəyirəm" -deyir və gözlərini əbədi yumur. Şəhidin nəşi doğulduğu Lerik rayon Bibiyani kəndinə gətirilir və kənd qəbiristanlığında torpağa tapşırılır. İndi də Tərzanın qəhrəmanlığı dillərdə gəzir. Şəhidimiz 2015-ci ilin iyun ayında ailə həyatı qurmuş və ondan 2 azyaşlı qız övladı xalqımıza əmanət qalmışdır. Böyük qızı Məsumə atasını işə yola salanda cibinə şirniyyat qoyur və "ata, işdə çaynan içərsən" -deyir. 

Tərzanın həyat yoldaşı Mətanət xanım xatırlayır: "6 oktyabrda yuxuda Tərzanın şəhid olduğunu gördüm. Onunla telefonla danışanda mənə dedi ki, nə olub nəsə məndən gizlədirsənsə, de mənə. Dedim ki, yuxumda şəhid olduğunu gördüm. Dedi ki, bu can Vətən üçündür. Şəhidlik hara, mən hara. O uca məqama hər kəs ucala bilməz. Şəhid olsam nə xoş halıma".

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, XTQ giziri, şəhid Tərzan Qəhrəman oğlu Haşımov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif olunur. Allah qəhrəman gizir, Tərzan Haşımova rəhmət eləsin. Vətən sağ olsun!

                                 Ambur.az

Oxşar xəbərlər