Rusiyanın turist qadağası: Türkiyə itkilərdən necə yayına bilər...

20 Apr 2021 09:10
18

Ekspert: “Rusiya həmişə pomidor, turist qadağası tətbiq edəcək qədər cılız olaraq qalacaq”

Ukraynanın ərazisi olan Krım yarımadasını ilhaq edən Moskva bu işğalı tanımayan ölkələrə müxtəlif yollarla təzyiq göstərməyə çalışır. Xüsusilə son aylarda dünya birliyinin artan təzyiqlərinə Moskva əlində olan imkanlardan istifadə etməklə cavab verməyə çalışır.  Bu baxımdan, Ukrayna prezidentini çox isti qarşılayan Türkiyəyə rus turistlərin gedişinin qadağan olunmasını hər kəs məhz Rusiyanın təzyiqi kimi qiymətləndirir. Nəzərə alsaq ki, 2015-ci ildə təyyarə olayından sonra da Rusiya öz vətəndaşlarının Türkiyəyə səfərlərini əngəlləmişdi, onda bu dəfə də koronavirusun geniş yayılması iddiasının elə iddia olduğunu söyləyə bilərik.

Təsadüfi deyil ki, Rusiyanın özündə artıq indidən səfərlərin iyunun 1-dən bərpa olunmayacağına dair rəylər geniş yayımlanır. Rusiya Turoperatorlar Assosiasiyasının(ATOP) vitse-prezidenti Vladimiz Kantaroviç bəyan edib ki, Türkiyənin iyunun 1-dək yoluxma sayında kəskin azalmağa nail olması real görünmür, buna görə də Rusiya vətəndaşları yayda istirahət üçün bu ölkənin əvəzinə başqa yerlər axtarmalıdılar. O, başqa yer olaraq Misiri göstərib, bu ölkəyə uçuşların sayının artırılması barədə xarici işlər nazirləri səviyyəsində razılaşma əldə olunmasını xatırladıb.

Rusiya Turizm Agentlikləri Alyansının rəhbəri Nataliya Osipova isə bildirib ki, Rusiya öz vətəndaşlarına qadağan etsə də, başqa ölkələrdən Türkiyəyə turist axını davam edir: “Əgər Türkiyə turistlərin gəlişinə məhdudiyyət tətbiq etməsə, koronavirusa görə bütün mövsümü itirəcək”. 

RUS TURİSTLƏRƏ TÜRKİYƏDƏN 10 MİN RUBLA GERİ DÖNMƏK TƏKLİF EDİLƏ BİLƏR »  İDEAL MEDİA - idealmedia.az

ATOP-un hesablamalarına görə, 15 aprel-1 iyun tarixləri üçün  Türkiyəya səfər paketi bron edən rus turistlərin sayı 533 min nəfər təşkil edib. Onların 40 faizindən çoxu uşaqlı ailələrdir. Bron olunmuş yerlərin ümumi qiyməti 354,6  milyon avrodur (32 milyard rubl). Bu məbləğin böyük hissəsi artıq turoperatorlara, onlar tərəfindən isə aviaşirkətlərə və Türkiyədəki biznesə ödənilib. Aydın məsələdir ki, Türkiyə tərəfi bron edilmiş yerlərə görə ödənilən vəsaiti qaytarmayacaq - məhdudiyyəti Rusiya tərəfi tətbiq edib.

AYOP-da hesab edirlər ki, hökumətin qərarı Rusiya turizm şirkətlərinə çox böyük zərər vuracaq: “Ən populyar turizm istiqamətinə mövsümün ən qaynar vaxtı qoyulan qadağa turizm sektoruna böyük zərbə olacaq. Bu zərbənin miqyası və nəticələri yalnız 2020-ci ilin martında sərhədlərin bağlanması zamanı yaşanan zərərlə müqayisə edilə bilər”.

Rusiya hökuməti turizm şirkətlərinin zərərinin bir qismini kompensasiya edəcəyini açıqlayıb. Ölkənin Turizm üzrə Dövlət Agentliyinin rəhbəri Zarina Doquzova bildirib ki, məhdudiyyətin yaratdığı zərəri minimuma endirmək, turoperatorların turistlər qarşısında yaranan öhdəliklərinin qarşılanmasına yardım etmək üçün dövlət şirkətlərin dəstəklənməsinə yönəlik kompleks tədbirlər hazırlayır: “Söhbət bu il ərzində ehtiyat fonduna ödənişlərin ləğvindən, fərdi məsuliyyət fonduna ödənişlərin azaldılması və təxirə salınmasından gedir. Biz həmçinin məhdudiyyət qoyulan ölkələrdə qalan turistlərin gətirilməsi üçün təşkil olunan xüsusi reyslərə görə turizm şirkətlərinə subsidiya ödənməsi məsələsinə də baxırıq”.

18 aprel tarixinə Türkiyədə 40 min nəfər turoperatorların xətti ilə, 50 min nəfər özü gedən rusiyalı turist olub. Onların geri qaytarılması üçün həftədə iki dəfə reyslər təşkil edilir. Hökumət Rusiya vətəndaşlarına istirahəti yarımçıq kəsib geri qayıtmağı məsləhət görsə də, onların böyük əksəriyyəti pulunu ödədikləri müddəti axıradək qalmaq niyyətindədirlər.

Rusiya artıq 5 ilə yaxındır Türkiyəyə ən çox turist göndərən ölkədir. 2019-cu ildə Rusiyadan Türkiyəyə gedən turistlərin sayı 7 milyon nəfərdən yuxarı olub - əvvəlki ildən 17,65 faiz çox.

İl ərzində ümumilikdə Türkiyəyə xaricdə yaşayan türklərlə birlikdə gedənlərin sayı 57,7 milyon nəfər olub (2018-ci illə müqayisədə 12,2 faiz artım). Xaricdəki türkləri çıxdıqda, ölkənin il ərzində 45 milyon nəfər xarici qonaq qəbul etdiyi ayın olur. Bu isə əvvəlki ildən 14,11 faiz çox deməkdir.

Türkiyəyə səyahət edən rus turistlərin sayı artıb

2019-cu ildə Almaniya Türkiyəyə ən çox turist göndərən ikinci ölkə olub - 5 milyon nəfər (ümumi turistlərin 11,16 faizi), daha sonra Bolqarıstan (2,7 milyon nəfər, (6,02 faiz), Böyük Britaniya (2,56 milyon nəfər, 5,69 faiz), İran (2 milyon, 4,67 faiz) gəlir.

Keçmiş SSRİ respublikalarından 2019-cu ildə Ukraynadan Türkiyəyə 1,5 milyon nəfər (11,6 faiz artım), Belarusdan 258 min nəfər (5,37 faiz artım), Qazaxıstandan 456 min nəfər (6,75 faiz) turist gedib.

Son illərdə Rusiyadan Türkiyəyə gedən turistlərin sayındakı artım dinamikasında azalma müşahidə olunmaqdadır. Belə ki, 2018-ci ildə artım əvvəlki ilə nisbətən 26,5 faiz olmuşdu.

Türkiyə Statistika orqanının məlumatına görə, 2019-cu ildə ölkə turizmdən 34,5 milyard dollar (2018-ci ildəkindən 17 faiz çox) qazanıb.

Rusiya turistləri say baxımından çox olsalar da, xərcləmələrinə görə axırdan ikinci yerdə gəlirlər. Belə ki, 2019-cu ildə Rusiyadan gedən turistlər Türkiyədə orta hesabla adambaşına 471 dollar xərcləyiblər. Rus turistlərdən az xərcləyən yeganə olaraq yunanlardır - adambaşına 302 dollar.

Avropadan gedən turistlərin Türkiyədə xərclədiyi vəsait adambaşına 600-900 dollar arası təşkil edir. Məsələn, belçikalı turist 633 dollar xərcləyirsə, italiyalıda bu, 889 dollar təşkil edir. Ən çox xərcləyənlər isə amerikalı turistlər - 1364 dollar və yaponlardır - 1221 dollar.

Rus turistlər niyə Türkiyəni seçir...

2020-ci ildə pandemiya səbəbindən qapadılmalardan sonra Türkiyə rus turistləri avqustun 1-dən etibarən qəbul etməyə başladı. İlin sonunadək 2,13 milyon rus Türkiyədə dincələrək yenə Rusiyanı birinci yerə çıxardılar. Ondan sonra gələn Bolqarıstandan Türkiyəyə 1,24 milyon nəfər, Almaniyadan 1,12 milyon nəfər, Ukraynadan 998 min nəfər, Böyük Britaniyadan 821 min nəfər turist gedib.

Ümumilikdə, 2020-ci ildə Türkiyə 15,96 milyon nəfər qonaq qarşılayıb - əvvəlki illə müqayisədə 69 faiz az.

Keçən il Türkiyə tərəfi Almaniya ilə turist səfərləri ilə bağlı xüsusi razılaşma imzalayıb. Bunun nəticəsində 2021-ci ilin qış aylarından artıq Almaniyadan Türkiyəyə sifarişlər 2019-cu ildəki səviyyədən də yuxarı qalxıb.

Türkiyə hökuməti Rusiya ilə də analoji razılaşmaya nail olmağı hədəfləyir. Lakin siyasi münasibətlərin getdikcə gərginləşməsi, Rusiyada anti-Türkiyə əhvalının dərinləşməsi fonunda bunun baş tutması real görünmür.

2021-ci il üçün Türkiyə hökuməti turizmin dirçəldilməsi məqsədilə bir sıra dəstək proqramları işə salıb. Müxtəlif ölkələrlə dövlətlərarası razılaşmaların imzalanması da belə dəstək tədbirlərindən biridir. Hökumət bu il ölkəyə 34 milyon nəfər turistin cəlbinə nail olmağı hədəfləyirdi. Ötən il 12,5 milyard dollara düşən turizm gəlirinin bu il 23 milyard dollara qədərə artırılması planlaşdırılırdı. Rusiyanın tətbiq etdiyi məhdudiyyətlərin bu hədəflərə çatılmasına nə qədər mane olacağını dəqiq proqnozlaşdırmaq mümkün deyil. Hələlik iyunun 1-nədək qoyulan qadağa 500 min turist sayını azaldır. Lakin bu sayın xeyli hissəsi üçün müvafiq ödənişlər artıq aparılıb, qadağa qoyan tərəfin Rusiya olması Türkiyə şirkətlərinin zərərinin bir qisminin qarşılanması deməkdir.

Bundan əlavə, Rusiyanın məlum qərarından dərhal sonra Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinin vətəndaşlarına müraciət edərək istirahət üçün Türkiyəni seçmələrini tövsiyə edib. O, Rusiyanın məhdudiyyət qərarının səbəbinin Ukrayna olduğunu bildirib və həmvətənlərini Türkiyənin zərər çəkməməsi üçün bu ölkəyə getməyə çağırıb.

Ukraynadan başqa, yuxarıdakı göstəricilərdən aydın olur ki, Balkan  və digər slavyan ölkələrindən də Türkiyəyə turist axını ildən-ilə artır. Bu baxımdan, Türkiyənin pomidor ixracında olduğu kimi, turizmdə də Rusiya bazarını əvəzləmək istiqamətində səylərinin uğurla nəticələnəcəyi şübhəsizdir.

Türkiyənin pandemiya şərtlərində turist qəbul etmək sahəsində ötən il tətbiq etdiyi təcrübə dünya ölkələri tərəfindən müsbət qarşılanıb. Digər tərəfdən, Rusiyanın atdığı addımın səbəbi hazırda bu ölkənin aqressiyasına qarşı birləşməkdə olan dünyaya tam aydındır. Yoluxma sayının artmasına rəğmən, Türkiyənin özü məhdudiyyət tətbiq etməsə, heç bir ölkədən turizm yasağının olacağı gözlənilmir. Buna görə də qardaş ölkə kasıb rusların əvəzinə səxavətli avropalıları, amerikalıları və yaponları cəlb etməklə üzləşəcəyi zərərin böyük hissəsindən yayına bilər.

Natiq Cəfərli: "Cəmil Həsənlinin bu qədər səviyyəsiz vəziyyətə düşəcəyini  gözləmirdim" » Reyting.az

Natiq Cəfərli

İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, Rusiyanın bu qərarı bütün dünya ölkələrinin onunla münasibətlərində sərhədlərin çiziliməsinə yardım edir: “Rusiya heç vaxt böyük dövlət olmayacaq, çünki çox cılız düşünür, çox düşük davranır. Gah pomidora qadağa qoyur, gah turistlərin qarşısını alır. Rusiyalılar Türkiyədə dincəlməyi çox sevir, uzun may bayramlarında xüsusilə daha çox gedirdilər. İndi Rusiya bunu qadağan etdi. Səbəb: Ukrayna prezidentinin Türkiyəyə səfəri və görüş zamanı prezident Ərdoğanın Krımın işğalı, Ukraynanın ərazi bütövlünə dəstək haqqında bəyanatı, hərbi-iqtisadi sahələrdə bağlanmış çoxsaylı müqavilələrdir. Türkiyə ”Krım Platformasına" qoşulduğunu da bəyan etdi, bu format Krımın işğalına son qoymaq, Donbasın Ukraynaya qaytarmaq üçün yaradılıb".

Ekspertə görə, Türkiyə ilə Rusiyanın arasında çox yaxşı münasibətlərin olması Azərbaycana heç vaxt sərf etməyib: “Hər iki ölkə arasında müəyyən fikir ayrılığı, çəkişmələr olsa bizə xeyirdir. Ukrayna məsələsində isə biz - Azərbaycan, bəyanatlarsız, qışqır-bağırsız imkan daxilində rəsmi Kiyevə dəstək olmalıyıq”...

Dünya SAKİT,
“Yeni Müsavat”

Oxşar xəbərlər