Sabirabadda iki məscidin yandırılma səbəbi məlum olub

06 İyl 2021 14:06
132

Sabirabad rayonunun Qaratoğay kəndində eyni anda iki məscidi yandıranların kimliyi bilinib.

Ambur.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidov İnterAz-a bildirib ki, məscidləri kənd sakinləri Fuad və Şahbaz Nəbiyev qardaşlarının yandırdığı məlum olub:

“İyulun 1-də saat 23 radələrində naməlum şəxslər Sabirabadın Qaratoğay kəndində iki məscid əşyalarla birlikdə yandırıb. Dərhal faktla bağlı Cinayət Məcəlləsinin 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə; yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Polis əməkdaşları məscidi yandıran şəxs və şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirib. Artıq polis həmin məscidləri yandıran adamları müəyyənləşdirib. Cinayəti törədənlərin elə həmin kənd sakinləri Fuad və Şahbaz Nəbiyev qardaşları saxlanılıblar. 

İlkin istintaqda müəyyən edilib ki, qardaşlar öz ata evlərinin yaxınlığında yerləşən məscidə nəzarət edirmişlər. Orada yığılan nəzir və sədəqələri həmin qardaşlar götürürmüş. Qardaşlardan biri məscidə rəhbərlik edib. Məscid köhnə və təmirə ehtiyacı olduğuna görə insanlar son zamanlar ora gəlməyiblər.

Kənd sakinləri daha çox tam təmirli olan digər məscidi ziyarət edirmiş. Bu səbəbdən qardaşlar hər iki məscidi yandırıblar. Yanğından sonra məscidlər kənd camaatı tərəfindən eyni cür təmir olunacağını güman ediblər.

Hadisə günü gecə saatlarından qardaşlardan biri təzə məscidi, digəri isə özlərinin nəzarət etdiyi köhnə məscidi yandırıblar. Onlar məsciddə döşəkçələri yandırıb qaçıblar. Əvvəlcədən belə qərara gəliblər ki, ikisi də yansa, heç kim bunlardan şübhələnməyəcək. Buna baxmayaraq polis əməkdaşlarının keçirdiyi əməliyat-axtarış tədbirləri nəticəsində məscidləri yandıran şəxslər müəyyən edilərək saxlanılıb və hər ikisi törətdiyi əməli etiraf edib”.

Oxşar xəbərlər