Sahil Babayev Türkiyədə əmək müqaviləsi olmadan işləyən azərbaycanlılardan danışıb

18 Okt 2021 13:54
41

"Azərbaycan və Türkiyədə əmək müqaviləsi olmadan işləyən vətəndaşlarımız var".

Ambur.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev türkiyəli həmkarı Vedat Bilginlə görüşdən sonra keçirilən brifinqdə deyib.

Nazir bildirib ki, bu gün həm Azərbaycan, həm də Türkiyədə yaşayıb işləyən vətəndaşların əmək müqaviləsi varsa, həm sosial sığorta, həm işsizlikdən sığorta, həm də icbari tibbi sığorta baxımından hüquqları tam təmin olunur: "Lakin təəssüf ki, hər iki ölkədə əmək müqaviləsi olmadan işləyən bəzi vətəndaşlarımız var. Onlarla bağlı müzakirələrin əsas qayəsi bu məsələlərin tənzimlənməsidir".

Onun sözlərinə görə, həmin şəxslərin əmək münasibətlərinin leqallaşmasını təmin etmək, onların sosial, işsizlikdən və icbari tibbi sığortadan istifadəsini genişləndirmək əsas hədəflərdəndir.

"Digər əsas məsələ, məşğulluq proqramlarını genişləndirməkdir. Çünki hər iki ölkənin əhalisi gəncdir. Hər il əmək bazarına ciddi sayta gənc kadrlar daxil olur. Gənclər kadrların işlə təmin olunması, onların müxtəlif aktiv məşğulluq proqramlarına cəlb edilməsi hər iki ölkənin qarşısında duran əsas məsələlərdən biridir. Bu istiqamətdə həm təcrübə mübadiləsi aparacağıq, həm də hər iki ölkədə olan özünü doğruldan proqramları tətbiq etməyə çalışacağıq"- nazir əlavə edib.

Oxşar xəbərlər